“Traxtur” tərəfdarlarına qarşı məhkəmə qərarı Türkiyə Telekanalında müzakirə olunub - VİDEO Güney Azərbaycan

“Traxtur” tərəfdarlarına qarşı məhkəmə qərarı Türkiyə Telekanalında müzakirə olunub - VİDEO

"Traxtur" futbol takımının tərəfdarlarına qarşı çıxarılan ağır məhkəmə qərarı kütləvi informasiya vasitələrinin diqqətindən qaçmayıb.
Məlumata görə, Türkiyənin "Bəngü Türk" Telekanalı Təbriz məhkəməsi tərəfindən "Traxtur" tərəfdarlarına qarşı çıxarılan qərarı müzakirəyə çıxarıb.
Qeyd edək ki, keçən günlərdə Təbrizin məşhur "Traxtur" futbol takımı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əlcəzirə komandasının müsabiqəsi zamanı yaxalanan bir qrup azərbaycanlı mədəni fəal barəsində məhkəmə qərarı çıxarılıb.
Asiya Oyunları çərçivəsində keçirilən müsabiqə hicri-şəmsi tarixi ilə 1391-ci ildə keçirilmişdir. Həmin müsabiqədə tutulan fəallar 2014-cü il dekabrın 31-də Təbriz məhkəməsində mühakimə olunub, məhkəmə qərarı isə 2015-ci il fevralın 4-də (1393-cü il behmənin15-də) çıxarılıb.
Cəfər Rüstəmirad, Kəsra Davudi, Musa Sudi Muğanlı, Əli Əhmədi, Siyamək Seyfi, Hüseyn Ədlcu, Hüseyn Xaki, Səid Dadaşpur, Yasin Fəthi, Babək Azərnejad, Hüseyn Firuzi, Muxtar Tənhayi, Hüseyn Bəyat, Fərhad Çavuşi, Əlirza Bəyat, Səid Şəbani, Yavər Mahmudpur, Siyamək İrani və Şəhram İbrahimi Təbriz məhkəməsinin 104-cü şöbəsində ümumi asayişi pozmaq ittihamı ilə mühakimə olunub. 2015-ci il fevralın 4-də (1393-cü il behmənin15-də) mühakimə edilən fəalların hər biri 3 ay 1 gün həbs və 30 zərbə şallağa məhkum edilib. Hökmün icrası 2 il müddətinə təxirə salınıb.
Məlumata görə, Cəfər Rüstəmirad, Kəsra Davudi, Musa Sudi Muğanlı, Əli Əhmədi və Siyamək Seyfi barəsində çıxarılan qərar qətidir və onlar məhkəmə hökmünə etiraz edə bilməyəcək.
Xatırladaq ki, "Traxtur-Əlcəzirə" müsabiqəsi Azərbaycan, İran və dünya mətbuatında uzun müddət müzakirə olundu. Həmin müsabiqədə üzərinə ingilis dilində "Güney Azərbaycan İran deyil" şüarı yazılmış plakat qaldırılmışdır.