Candan ciyəri, qardaşı qardaşdan ayırmış... Güney Azərbaycan

Candan ciyəri, qardaşı qardaşdan ayırmış...

Qardaş deyə bir ömür soraqlaşmaq olurmuş?

Azərbaycan şeirində üç vəzn mövcuddur: heca vəzni, əruz vəzni və sərbəst vəzn. Əruz vəzni türkdilli poeziyaya, o cümlədən Azərbaycan şeirinə təxminən XI əsrdən ayaq açıb. Sərbəst vəzn isə son dövrlərin məhsuludur. Heca vəzni türkdilli poeziyanın, o cümlədən Azərbaycan poeziyasının rüşeymidir. Belə ki, bütün xalq şeir formaları heca vəznindədir. Bu da onu göstərir ki, xalq şeiri formaları indi aşıq poeziyası adlandırdığımız poeziya üstündə formalaşıb inkişaf yolu keçib. Bundan belə nəticə çıxarmaq olar ki, xalq şeiri formaları aşıqların dilindən söylənərkən "aşıq poeziyası" adlanır. Lakin adi insanların dilindən söylənərkən ona xalq şeiri deyilir. Bu da aşıq poeziyası adlandırdığımız poeziyanın Azərbaycan şeirində nə qədər əhəmiyyət kəsb etdiyini və mühüm rol oynadığını göstərir. Biz bunu bir çox klassik şairlərimizin yaradıcılığında görə bilərik. Məsələn, ilk dəfə Azərbaycan dilində şeir yazan Həsənoğlunun, eyni zamanda Azərbaycanın dahi şairi Nəsiminin şeirlərində ifadə, təşbeh və fəlsəfi fikirlər xalq yaradıcılığına son dərəcə yaxındır. Təsadüfi deyil ki, bir çox tarixi mənbələr Nəsimini aşıq adlandırırlar:

Əfsanə satır aşiqə əfsun ilə vaiz,
Aşiq qaçan ol qüssəvü əfsanəyə uğrar.

Böyük Füzulinin və Şah İsmayılın da dilində, obrazlar silsiləsində, bədii vasitələrində xalq ədəbiyyatından, aşıq poeziyasından gələn ünsürlər çoxdur. Hətta Şah İsmayıl Xətayi tamamilə aşıq qoşmaları və xalq bayatıları səpkisində bir sıra şeirlər yazıb ki, ədəbiyyatşünas Əzizağa Məmmədov "Şah İsmayıl Xətai" adlı kitabında haqlı olaraq onların "Azərbaycan aşıqları tərəfindən oxuna-oxuna zəmanəmizə gəlib çatdığını",- deyir.
1950-1980-ci illərdə Cənubi Azərbaycanda yaranan poeziya, klassik poeziyanın və şifahi xalq ədəbiyyatının təcrübəsini, ənənələrini davam etdirərək istər mənzum dramlarda, poemalarda, süjetli şeirlərdə, istər siyasi-ictimai və fəlsəfi parçalarda, istərsə də lirikada Azərbaycan şeirinin bütün əsas şəkillərindən-üçlük, dördlük, beşlik, müxəmməs (altılıq), müsəddəs, bayatı, çarpaz, gəraylı, rübai, tərkibbənd, müstəzad, qəzəl, türki, nəğmə, şərqi və sairə növlərdən çox müvəffəqiyyətlə və yaradıcı şəkildə istifadə edib.
Dünya xalqlarının ədəbiyyatında çox yayılmış terset, tersina, katren, oktava, kansona, onegin bəndi, sonet, fransız balladası və bir sıra başqa şeir formalarından hərəsinin özünəməxsus bəndi var. Dünya poeziyasında misralarının sayı, ölçüsü və qafiyələnmə tərzi tamamilə eyni bəndlərdən ibarət əsərlərlə bərabər misralarının sayı, ölçüsü və qafiyələnmə tərzi müxtəlif olan bəndlər, hətta əsərlər də çoxdur.
Bu və ya başqa bəndlər sistemi məzmun və formaca daim dəyişməklə də olsa, çox vaxt özünün spesifik qafiyələnmə tərzini və intonasiya sintaktik xüsusiyyətlərini qoruyub saxlayır.
Azərbaycan poeziyasında isə yuxarıda adları qeyd olunan xalq şeiri formaları uzun əsrlərdir ki, ənənəvi bəndlər sistemi kimi yaşamaqdadır. Cənubi Azərbaycanda da bu sistem heç vaxt pozulmayıb, daim şairlərin yaradıcılığında olduqca qabarıq şəkildə özünü büruzə verib. 1950-1980-ci illərdə Cənubi Azərbaycanda yaradıcılıq fəaliyyəti göstərən şairlər də xalq yaradıcılığı ənənələrinin formalarını saxlamaqla yanaşı, bilavasitə ənənəvi bəndlər sistemini də ləyaqətlə davam etdiriblər. Həm ikiliklər, həm də üçlüklər sadə və kiçik, fərqli bənd növləridir. Məsələn, dahi Şəhriyar özünün məşhur "Azərbaycan", "Şeir və Hikmət", "İki qardaş arasında" şeirlərini məsnəvi şəklində yazıb. Eyni zamanda mənzum dramlarında, mükamilələrində dördlükdən müvəffəqiyyətlə istifadə edən şair beşlikdən də daim məharətlə istifadə edib. "Döyünmə və söyünmə" şeirini Şəhriyar orijinal təşbehlərlə, ritmik istiarələrlə, bədii sual və nidalarla zənginləşib:

Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?
Qardaş deyə bir ömr soraqlaşmaq olurmuş?
Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?
Bunlar elə ki, ərz elədim, gəldi və oldu,
Mən hər nə mahal fərz elədim, gəldi və oldu!

Qardaş, gözüm axtarmada qoy bir səni tapsın,
Eşqim tilsimli dağları Fərhad kimi çapsın,
Düşmən var isə döşlərini təndirə yapsın,
Həsrət qalalı biz sizə bir qərn yarımdır,
Ağlar gözümün şahidi şeirim, setarımdır.

Cəllad tiyəsilə bədəni başdan ayırmış,
Candan ciyəri, qardaşı qardaşdan ayırmış,
Bir millətə dünya boyu bir faciə doğmuş,
Biz ellərin ol qəhrəman ehzasını boğmuş.

Göründüyü kimi əsərdə əks etdirilən hadisənin mahiyyətindən və ifadə üsulundan asılı olaraq şair ya sadə, ya mürəkkəb qu¬ruluşlu bəndlər yaradır. Ədəbiyyat bu və ya digər ideyalara xidmət etməyə bilməz. Ədəbiyyat və sənətin təbiəti və mahiyyəti bunu tələb edir. O, zamanın fikirlərini ifadə etməlidir. O, xalqın çırpınan ürəyi, görən gözü, danışan dilidir və ancaq əsrin qabaqcıl fikirləri ilə yaşadığı zaman misilsiz nümunələr yarada bilər. Ancaq canlı və qüdrətli ideyaların təsiri altında meydana çıxan, dövrün zəruri ehtiyaclarına cavab verən ədəbi cərəyanlar yüksək dərəcədə inkişaf edə bilər. Sənətkarın əsas məqsədi xalqının dərdinə qalmaq, xalqının səadəti yolunda mübarizə etmək olmalıdır. Bəzən söz süngüdən daha iti yaralar aça bilir. Tarix boyu düşmənə zərbələr vurmaq üçün, onu gücdən salmaq və ifşa etmək üçün sözdən məharətlə istifadə etmişlər. Şeir sözün ən təsiredici nufuza malik olan ifadə vasitəsidir. Nəzmlə danışmayan heç bir natiq öz nitqinin mənasını, məzmununu, ideyasını şeir qədər dinləyicinin ruhuna aşılaya bilməz. Söz ən çox şeirdə nizama düzülür, ən çox şeirdə bərq vurur, vəhdət alır. Şeir xalqların dilinin qorunmasında və gözəlləşməsində də ən vacib vasitədir. Şeir eyni zamanda tarixin bütün dövrlərində yaşanan cürbəcür səhnələrin, mənzərələrin əvəzolunmaz göstəricisidir. Şeir eyni zamanda hikmətlər toplusudur. İnsanlar daim müdrikliyi, alicənablığı, yüksək mənəvi keyfiyyətləri, nəcib sifətləri hikmətlər ifadə edən şeirlərdən öyrənib. Təsadüfi deyil ki, dahi Şəhriyar "Şeir və hikmət" əsərində hikmətin məhz şeirdə güzgüləndiyini, gözəl bir şəkildə ifadə olunduğunu əks etdirib:

Hanı yer üzündə elə bir insan,
Şəhriyar, sən ona arxalanasan.

Qəlbi hünər dolu, özü mərd olsun,
Səhər nəsimi tək könlünə dolsun.

Silsin ürəyindən qəmi-qüssəni,
Qolundan yapışıb qaldırsın səni.

Son qoysun ömründə bu müsibətə,
Qədr-qiymət versin şeirə, sənətə.

Xalqın səadəti, əmin-amanlığı, rahatlığı və müvazinəti üçün ancaq bircə yol var idi: əl-ələ vermək, ümumi fəaliyyət və həmrəylik meydanında birləşmək, zülmü, ədalətsizliyi aradan qaldırmaq. Həqiqət və ədalət uğrunda mübarizə bir ənənəyə çevrilmişdi, demək inkarolunmaz bir qüvvə kəsb etmişdi:

Sönük qəlbimdə dağlı lalələr tək qara qan vardır,
Əgər ölsəm də, qəbrim daşı üstə bu nişan vardır.
Gözün qurbaniyəm saqi! Gözündən salma üşşaqi,
Gətir peydər mey baqi, gözü yolda qalan vardır.

Fələk bir damcı su içməkliyə hərgiz aman verməz,
Dolu bir cam verə cana, fələkdən gör aman vardır.

Demə cövr vərəqi qalmış əldən aşiqi-zarı,
Gələr fəryadə ney tək, ta quru cismində can vardır.

Qoca olsam da surətdə, cavandır qan olan könlüm,
Çiçəkli hər baharın ardısınca bir xəzan vardır.

Məhəbbət aləmində min bəlalər çəkdi başım, yüz cəfa gördüm
Bu sövdaya girəndə bilmişəm bollu ziyan vardır.

Əsirü dəstgirəm mən, ona bel balayan gündən
Mənim tək harda bir dildadeyi baxaniman vardır?

Öyüd vermə mənə, naseh belə əfsanəni boşla.
Məgər odlar diyarından sonra baği-canan vardır?

Həmişə azər övladı yaşar azadə aləmdə,
Nə qədri dövr edə dövran, bu Azərbaycan vardır!

Bizim bu qəhrəmanlar yurdu ölməz! Payimal olmaz!!.
Ki, hər küncündə minlər qəhrəman, Səttarxan vardır.

Əgər Babək, Cavanşir öldü, köçdü dari-dünyadan,
Yenə bu ölkədə onlar kimi çox qəhrəman vardır.

Sən ey azadələr nəslindən almış nəşə, cananım!
Oyan xabi-cəhalətdən ki, müşkül imtəhan vardır.
Kəmində gözləyir düşmən, deyir-burda talan vardır.

Çalış qüdrətli ol, baş əymə düşmənlər qabağında
Olar yeksər fəna, hər yanda zarü-nətəvan vardır.

Elə möcüzdü bu insan ki, dünyanı qoyar heyran,
Cəfavü cövrə səbr eylər canında ta ki, can vardır.

Bəşər asudəlik bilməz, ürəkdən qəm tozun silməz,
Ki maddi aləmində hiylələr vardır, yalan vardır.

Gərək bir mənəvi dünyada seyr etmək, səfa bulamaq,
Belə dünyada insana həyati-cavidan vardır.

Qəbul etməz siyasət pəhlivanlıq, bollu rəng istər,
Siyasət səhnəsində min yalançı pəhlivan vardır.

Cəmaət gör qəzavətdə çatarsa, çox da qəm çəkmə,
Qəzavətdə cəmaətdən böyük amil zaman vardır.

Zaman bir qazi vaqifdi, Şeyda, ittihad etməz,
Bilir bu nöqtəni hər yanda, vaqif nöqtədan vardır.

Yəhya Şeyda əruz vəznində yazılmış bu şeirində ənənəni saxlamaqla yanaşı yeni forma seçmiş, olduqca incəliklə bir çox məsəslələrə toxunub. Məlumdur ki, ədəbi əsər həyat hadisələrinin bədii ifadəsidir. Hadisələr bir-birini əvəz edib dəyişdikcə ədəbiyyatın mövzusu da dəyişir. Yeni məzmun isə şübhəsiz ki, köhnə formaya sığmır. Yeni məzmun özünə müvafiq, yeni forma tələb edir. Cənubi Azərbaycan da ictimai-siyasi vəziyyətlərdən, hadisələrdən asılı olaraq ədəbiyyatın formaları da dəyişib. Şübhəsiz ki, forma ədəbi irs və ədəbi prosesə yeni keyfiyyətlərin daxil edilməsi yolu ilə zənginləşir. Sənətkar ədəbi irsdən faydalanır, formaya yaradıcı, xalqın istəyi ilə yanaşır. Yəhya Şeyda bu əsərdə bütünlüklə xalqın istəyini nəzərə alıb. Belə ki, o həm xalq yaradıcılığı ənənələrini, həm klassik üslubu saxlamaqla, daha doğrusu, köhnə forma-üsluba xələl gətirmədən şeiri yeni forma üzərində qurub. Məlum məsələdir ki, formanın tərkib hissələri janr, ahəng, ölçü, dil və sairədir. Yəhya Şeydanın bu şeirində istər ölçü, istər ahəng, istərsə də dil, sələflərinin yaradıcılığında olan formalara tamamilə bənzəmir. Yəhya Şeyda bu şeirdə əsasən təşbihlərdən məharətlə istifadə etmişdir. Həm Azərbaycan xalqının qəhrəmanlıq tarixinə ekskursiya edib, həm xalqın başını alan təhlükədən bəhs edib, eyni zamanda xalqı bu təhlükədən qorunmaq üçün ayıltmağa çalışıb. Bir sözlə, elə bir forma seçib ki, təxminən bir səhifədən ibarət, lakin özündə həm mövzunu, həm ideyanı, həm də ali məqsədi əhatə edən məzmuna rahatca sığıyıb. Bu şeirdə misralar bəzi hallarda başqa-başqa mahiyyət daşısa da, bir-birilə olduqca bağlıdır və olduqca harmonik bir şəkildə bir-birinini tamamlayır.

Vüqar Əhməd,
professor