“Yollar ayrıcında tufana düşdüm” Güney Azərbaycan

“Yollar ayrıcında tufana düşdüm”

Əbülfəz Hüseyni Həsrətin yaradıcılığı haqqında

50-ci illərdən etibarən ümumiyyətlə, cənublu şairlərin böyük bir qismi sənətə necə deyərlər, barmaqarası baxmayaraq, daha layiqli sələflərinin yolunu davam etdirərək, bir sıra artıq çeynənmiş ənənəvi ifadələrdən saqınaraq yeni ifadələr, eşidilməmiş təşbehlər, görünməmiş istiarələr, qələmə alınmamış kəlmələr yaratmağa başladılar. Özü də bu təşbehlərin, ifadələrin, istiarələrin əksəriyyəti yadların, şovinist qüvvələrin, qəddar şahların hökmranlıq etdiyi Vətəni, torpağı, milləti azad, müstəqil görmək arzusu ilə meydana gəlirdi. Eyni zamanda xalqı ayağa qalxmağa, milli istiqlaliyyət qazanmaq üçün savaşmağa, mübarizə aparmağa, kölə olmaqdan qurtulmağa səsləyirdi:

Özgə çırağına yağ olmaq bəsdir,
Doğma ellərimiz qaranlıqdadır.
Yanıb yandırmayaq yadın ocağıın,
Evimiz soyuqdur, qışdır, şaxtadır.

Demirəm yanmayaq, alovlanmayaq,
Yanmasın, neyləsin yazıq pərvanə?!
Yanmayaq vəfasız yarın oduna,
Yanaq elimizə, yanaq vətənə.
(Səhənd)

Səhənd göründüyü kimi bu şeiri qoşma formasında qələmə alıb. Burda qoşma formasının bütün tələblərinə olduqca incəliklə riayət edilir. Lakin burda Vətənin azadlığı uğrunda bir hayqırtı, bir çağırış var. Burda Səhəndin təşbehləri xalqı sanki qəflət yuxusundan oyanmağa səsləyir. Gözübağlı pərdələrdəki pərdələri götürür, düşməni vəfasız, xəyanətkar yara bənzədir, açıq şəkildə qəddar İran şahlarının onun mənsub olduğu xalqın başının altına yastıq qoyduğunu, yatızdırıb qanını sorduğunu, canını aldığını bəyan edir. Bu baxımdan Səhəndi xalqı oyada-oyada, eyni zamanda hədəfi olduqca düzgün nişan alan, xalqın qatı düşməninin kimlər olduğunu aydın bir şəkildə göstərən şairlərin ən öndə gedənlərindən hesab etmək olar. Bu eyni zamanda Səhəndin nə qədər böyük bir vətənpərvər olduğunu, xalqını hədsiz bir məhəbbətlə sevdiyini göstərir.
Səhəndin xalq ədəbiyyatına, xalq poeziyasına məhəbbəti sonsuz olub. "El ədəbiyyyatına, aşıq sənətinə, saza məftunluğu ilə əlaqədar şairin çox səmimi və dərin etirafları var. Aşağıdakı nümunəyə diqqət edək:

Xatirimə gələr gəlməz,
İlhamımı bilər bilməz.
Ellərimin yaratdığı,
Heç bir şair, heç sənətkar
Nəzirəsin yaza bilməz,
Qoşmalardan almışam mən.

Bu misralarda şairin şifahi xalq ədəbiyyatı xəzinəsinə so-nsuz məhəbbəti, ustadyanə münasibəti özünün uğurlu poetik ifadəsini tapmışdır" (Sabir Nəbioğlu "Səhənd").
Azərbaycanın quzeyli, güneyli ən məşhur şairlərindən biri Əli Tudə əsərlərində olduqca dərin mətləbləri anlatsa da, xalq şeiri formalarından heç vaxt yan keçməyib, yeri düşdükcə soykökünün, yeddi arxa dönəninin qoyduğu mirasdan peşəkarcasına bəhrələnib:

Könlümdə azadlıq dedi bir atəş,
Fəqət Vətən boyda zindana düşdüm.
Mən günəş axtardım, dünyada günəş,
Bəs niyə, bəs niyə dumana düşdüm?

Təzə bir gəmiydim çıxıb səfərə,
Sürətlə gedirdim aydın səhərə.
Ah, əlim çatmamış qəti zəfərə
Yollar ayrıcında tufana düşdüm.

Yeraltı dağları çaparam, - deyə,
Qiymətli incilər taparam,- deyə,
Suların əlindən qaparam,- deyə,
Nə qədər dalğalı ümmana düşdüm.

Yox! Nə fəryad çəkdim, nə də nalə mən.
Yandım – Vətən! – deyə şölə-şölə mən.
Zülmətə qarışdım gilə-gilə mən,
Sanki alovlanan vulkana düşdüm.

Kiçik çeşmələrdən böyük çay olar,
Axar təlatümlü nehrə tay olar.
Hicran uzaq başı üç-dörd ay olar,
Mən isə ömürlük hicrana düşdüm.

Söz yox ki, biz xalq ədəbiyyatı dedikdə qeyd olunduğu kimi ilk növbədə aşıq ədəbiyyatını, aşıq poeziyasını nəzərdə tuturuq və xalq ədəbiyyatından qaynaqlanan hər bir şair zatən özü özlüyündə aşıqdır. Aşıq-şairlərin həqiqət axtarışı şübhəsiz ki, yalnız dövrün mübarizəsi və ruhu ilə bağlı olan, siyasi-ictimai hadisələri, xalqın qəhrəmanlığını əks etdirən əsərlərdə meydana çıxmır. Məhz həqiqət axtarışı, eyni zamanda haqq-ədalət anlayışı aşıq poeziyasında istiqamətverici rol oynayır ki, bu da bilavasitə aşıq poeziyasının xalq ədəbiyyatının təkcə forma və şəkillərinə görə yox, eyni zamanda fəlsəfi tələblərinə görə əsas qaynağı olduğuna dəlalət edir. Ədəbiyyat tariximiz göstərir ki, aşıqlar daim poeziyamızın inkişafında müstəsna xidmətlər göstəriblər. Məsələn, aşıq Ələs¬gər aşıq poeziyasının gözəl, mütərəqqi ənənələrini inkişaf etdirməklə bərabər, klassik ədəbiyyatın fikri dərinlik, tipikləşdirmə və bədii ümumiləşdirmə qanunlarını aşıq poeziyasının canına hopdurub. Aşıq Ələsgər həyatı və zəmanəsini özündən əvvəlki aşıqların hamısından daha dərindən, daha geniş əks etdirib. Bundan əlavə demək olar, aşıq poeziyasının bütün növlərində (qoşma, gəraylı, müxəmməs, müsəddəs, ustadnamə, təcnis, dodaqdəyməz vəs.) ən gözəl, ən kamil nümunələr yaradıb.
Aşıq Ələsgər haqqında deyilən fikirləri bilavasitə Şəhriyara da aid eləmək olar. Əlbəttə, Şəhriyar aşıq deyildi, əlinə saz götürüb çalıb-oxumurdu. Lakin xalq ədəbiyyatından, xalq poeziyasından qaynaqlanan forma və şəkilləri yeni çalarlarla, yeni bəzəklərlə inkişaf etdirmişdi. Buna həddindən artıq çox misal göstərmək. Şəhriyarşünas alim, filologiya elmlər doktoru, professor Elman Quliyevin mükəmməl təhlili buna parlaq şəkildə bir aydınlıq gətirir:
"Xalq yaradıcılığının Şəhriyar sənətində ideya-məzmun, fəlsəfi-psixoloji və formal olaraq iki cür təzahürü mövcuddur. Birincidə janrdan asılı olmayaraq məzmun-ideya, ikincidə isə janr-forma oxşarlığı özünü göstərir. Bütün sənətkarlar kimi, Şəhriyar da xalqın psixologiyasını, həyata baxışlarını, arzu və istəklərini, xarakter və milli düşüncə tərzini ifadə etmək üçün xalq ədəbiyyatından geniş mənada bəhrələnir və nümunələri məqsədli, yerli-yerində işlətməyi bacarır. Onun sənətində özünü göstərən belə nümunələrdən biri atalar sözləri və zərbi-məsəllərdir. Maraqlı budur ki, şair atalar sözləri və məsəllərdən mexaniki istifadə etmir, onlara yaradıcı yanaşır. Bu səbəbdəndir ki, onun əsərlərində xalq təfəkküründən süzülüb gələn kəlamlara uyğun fikir ifadə edən nümunələrə daha çox rast gəlinir. "Doşabsız xəşil olmaz", "Hər sarı köynək qızıl olmaz", "Dəli ceyran həmil olmaz", "İpəkdən qəzil olmaz", "Süfrəli şair paxıl olmaz", "Xan yorğanından mitil olmaz" və s. bu kimi ifadələr bilavasitə Şəhriyarın şəxsi yaradıcılıq məhsuludur. Qeyd edək ki, bunlar təkcə bu şeirdə formalaşan nümunələrdir və fikirlər atalar sözü, məsəllərin ifadə etdiyi mənalara yaxındır.
Bayatı xalq şeirində ən qədim forma sayılır. Bayatı elə bir şeir formasıdır ki, yuxarıda qeyd olunduğu kimi, ümumtürk poeziyasının bünövrəsi məhz bu növlə qoyulub. Aşıq, bir zamanlar "ozan", "yanşaq" adlanan Haqq aşiqləri xalq yaradıcılığı formalarının bütün növlərində, o cümlədən bayatı formasında heyrətamiz nümunələr meydana gətiriblər. Bayatının başqa xalq şeiri formalarından fərqləndirən xüsusiyyətlərindən biri onun olduqca dərin fəlsəfi mahiyyət daşımasıdır. Bu da onu göstərir ki, bayatı elə-belə, təsadüf nəticəsində yaranmayıb, onu yaradan xalqın içindən çıxmış müdrik, dünyagörmüş, işıqlı şüura, dərin zəkaya malik insanlar olublar. Bayatılar eyni zamanda yer, yurd adı ilə bağlıdır, belə ki, Azərbaycanın coğrafiyasını bilib öyrənmək istəyən adam üçün Azərbaycan bayatıları nəhəng bir xəritə rolunu oynaya bilər.
"Qeyd etdiyimiz kimi, rəmzləşən, obrazlaşan, vətən anlayışını bütövlükdə ifadə edən yurd, oba, mahal, kənd, şəhər, dağ, çay, göl, bulaq adları – toponimlər, hidronimlər və s. Azərbaycan bayatılarının xəlqi mahiyyətini, coğrafi-milli müəyyənliyini şərtləşdirən əlamətdar amillərdən biridir. Xüsusən də Savalan və Araz toponim və hidroniminin bədii-simvolik səciyyəsini nəzərdən keçirərkən XV-XVI əsrlərdən bəri çoxlu nümunələrin, qiymətli sənət örnəklərinin yarandığını görürük".
1924-cü ildə Zəncanda anadan olmuş Əbülfəz Hüseyni Həsrətin yaradıcılığında bayatı formasında şeirlər əsas yer tutur. Şairin yazdığı bayatılar xalq bayatıları kimi zərbi- məsəllərlə, dərin mənalı sözlərlə olduqca zəngin olmaqla yanaşı el, oba, vətən sevgisini böyük peşəkarlıqla bayatıların canına hopdurur:

Təbriz, Zəncan, Miyana,
Səba gedir hayana?
Apar məni o yana,
Vətən, Vətən, a Vətən!

Yandırın, dönüm külə,
Külümü verin yelə,
Aparsın bizim elə,
Vətən, Vətən, a Vətən!

Ceyran oylaqdan qaçmaz,
Quşlar qanadsız uçmaz,
Güllər baharsız açmaz,
Vətən, Vətən, a Vətən!

Çinar torpaqda böyür,
Meyvə budaqda böyür,
Körpə qucaqda böyür,
Vətən, Vətən, a Vətən!

Ürək bədənsiz olmaz,
Quşlar çəmənsiz olmaz,
İnsan Vətənsiz olmaz,
Vətən, Vətən, a Vətən!

Əbülfəz Hüseyni bu şeirinin 3-cü, 4-cü və 5-ci bəndlərini başdan-başa zərbi-məsəllərlə bəzəyib. Lakin əsas məsələ şairin bütün bu zərbi- məsəlləri vətən həsrəti üzərində hörməsidir. Əgər bu şeirə fəlsəfi məna versək, şair həqiqətən peşəkarlıqla doqquz zərbi-məsəli üç-üç qafiyələndirərək Vətən yanğısının alovunda şölələndirib. Bununla da çox böyük fikirləri qısa misralara yerləşdirib. Onu da qeyd etmək lazımdır ki, Əbülfəz Hüseyni gözəl bir alim olub və bu da şübhəsiz, onun həm xalq ədəbiyyatını, xalq poeziyasını mükəmməl bilməsinə, həm də güclü şirə götürməsinə səbəb olub. Mənə elə gəlir, bu şairin də dərin, mənalı yaradıcılığını yaxşı öyrənmək lazımdır.

Vüqar Əhməd
professor