Azərbaycanda klubuna sadiq futbolçular İdman

Azərbaycanda klubuna sadiq futbolçular

Bütün dünya ildə iki dəfə açılan “transfer pəncərəsi”ni maraqla gözləyir. Əslində, ilin digər vaxtlarında da transfer hazırlıqları, danışıqlar aparıldığından futbolçu keçidləri daim gündəmdə olur. Lakin elə oyunçular da var ki, bütün bunlar onlara aid deyil. Çünki onlar bir komandaya bağlıdır.

Apasport.az saytı Azərbaycan Premyer Liqasında çıxış edən klubların belə sadiq futbolçularının siyahısını tərtib edib.

Futboldakı sadiqlikdən danışarkən ilk növbədə göz önünə Anatoli Banişevski gəlir. Azərbaycan futbol tarixinin ən yaxşısı, futbolumuzun simvolu olan əfsanəvi hücumçu yalnız “Neftçi”də çıxış edib. Baxmayaraq ki, SSRİ-nin nəhəng klubları da onu sıralarında görmək istəyirdi.

Müstəqillik illərinin sadiqlərinə gəlincə, belələrini üç qrupa bölmək olar. Bunlardan biri legionerlərdir. Azərbaycan Premyer Liqasında yalnız bir klubda oynayan əcnəbilər var ki, ölkəmizə gəlməmişdən də, gedəndən sonra da başqa komandaların da formasını geyinib. Belə əcnəbilər siyahısında Ansi Aqolli, Riçard Almeyda, Usim Nduka və Admir Telini qeyd etmək olar. İqor Getmanı isə bunun tam əksi saymaq olar. Azərbaycan yığmasının sabiq müdafiəçisi ölkəmizdə yalnız bir kluba sadiq olsa da, xaricdə də legioner karyerası yaşayıb.

Digər iki qrupun oyunçuları Azərbaycan futbolunun müstəqillik illərində yalnız bir klubun formasını geyinənlərdir. Onlardan bəzilərinin bütün karyerası həmin komanda ilə bağlı olubsa, bəziləri SSRİ dövründə respublikanın digər klublarında oynamağa vaxt tapıb. Lakin hər iki qrupa aid olanlar 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında bir kluba sadiq qalıb.

1. Maksim Medvedev – 302 oyun (10 qol)
Müstəqillik illərinin sadiqlik nümunəsi Maksim Medvedevdir. 2006/07 mövsümündə “Qarabağ”ın heyətində debüt edən müdafiəçi artıq 13-cü çempionatdır doğma komandasında çıxış edir. Bu müddətdə 6 çempionluq yaşayan futbolçu 1 gümüş və 2 bürünc də əldə edib. Onun aktivində 4 ölkə kuboku da var.

2. Qara Qarayev – 231 (3)
Yalnız bir klubda oynayanların siyahısında ikinci sırada da “Qarabağ”ın üzvü qərarlaşıb. Koronavirus pandemiyası ilə bağlı yaranan fasilə ərəfəsində “Qarabağ”ın digər əfsanəsi Səttar Əliyevi 2-ci yerdən sıxışdıran Qara Qarayev bu komandada 11-ci mövsümünü oynayır. O, 2008/09 mövsümündə debüt etdiyi Ağdam təmsilçisində Maksim qədər uğura imza atıb: 6 qızıl, 1 gümüş, 2 bürünc və 4 kubok.

3. Səttar Əliyev – 230 (14)
Yalnız bir klubda keçirilən karyeraya görə uzun illər Azərbaycan çempionatlarının rekordçusu olan Səttar Əliyev bir neçə il əvvəl Maksim Medvedevi, iki ay öncə Qara Qarayevi önə buraxıb. 1992-ci ildə start götürən ölkə çempionatlarının ilk günündən “Qarabağ”da olan kapitan 12 mövsüm klubuna sadiq olub. Sabiq müdafiəçi bu müddətdə bir qızıl, iki gümüş və bir bürünc medala yiyələnib. Əliyev 4 dəfə final həyəcanı yaşadığı ölkə kubokunun da qalibidir.

4. Yaşar Hüseynov – 226 (25)
Sadiqlərin siyahısında növbəti pilləyə də “Qarabağ”ın üzvü sahibdir. Bu, Səttar Əliyev kimi karyerasının əvvəli SSRİ, sonu müstəqillik illərinə təsadüf edən Yaşar Hüseynovdur. 1992-ci ildən ölkə çempionatlarında debüt edən veteran 11 il bu komandada oynayıb. 1993-cü ildə Qızıl dubla sevinən Hüseynovun kolleksiyasında iki gümüş medal da var.

5. Müşfiq Vəliyev – 221 (11)
“Qarabağ” futbolçularının hegemonluq etdiyi siyahıda digər klub təmsilçilərindən ən yaxşı göstərici Müşfiq Vəliyevə məxsusdur. Hələ SSRİ dövründən “Viləş”də çıxış edən sabiq yarımmüdafiəçi müstəqillik illərində 10 mövsüm Masallı təmsilçisinin şərəfini qoruyub. O, klubun dağıldığı 2001-ci ilədək komandasına sadiq qalıb və ardınca peşəkar karyerasını başa vurub. Vəliyev “Viləş”in yeganə uğuru olan bürünc medalın qazanılmasında da pay sahibidir.

6. Elşad Əhmədov – 194 (7)
“Top-10”da “Qarabağ”ın 5-ci və sonuncu nümayəndəsi Elşad Əhmədovdur. Sabiq müdafiəçi Ağdam klubuna hələ SSRİ dövründə keçib və müstəqillik illərində bu komandanın formasını geyinib. Premyer Liqada 10 mövsüm “Qarabağ”ın uğurları üçün çalışan Əhmədov 2000/01 mövsümündə karyerasını başa vurub. O, komandası ilə çempionatın qızıl və iki gümüş medalını, həmçinin kuboku qazanıb.

7. Raqib Mikayılov – 175 (16)
Sadiqlər siyahısında 7-ci pillədə də “Viləş”in veteranı qərarlaşıb. Raqib Mikayılov 1992-ci ildə debüt etdiyi ölkə çempionatlarında 9 mövsüm keçirib. Masallı təmsilçisi fəaliyyətini dayandırana kimi burada oynayan futbolçu karyerasını 2001-ci ildə başa vurub. 1998/99 mövsümünü buraxan futbolçunun yeganə uğuru son mövsümdə qazanılan bürünc medaldır.

8. Sahib Yusubov – 148 (1)
“Viləş”in “Top-10”dakı daha bir təmsilçisi Sahib Yusubovdur. Debütü yalnız ikinci milli çempionatda gerçəkləşən futbolçu 1993-cü ildən Masallı təmsilçisinin dağıldığı 2001-ci ilədək bu komandada çıxış edib. Karyerası yalnız bu klubdan ibarət olan Yusubov 18 yaşında debüt etdiyi çempionatda 9 mövsüm keçirib. O, 26 yaşında bürünc medal qazandıqdan az sonra peşəkar futbolla vidalaşıb.

9. Füzuli Allahverdiyev – 147 (8)
Bir kluba bağlı olanlar arasında “Qarabağ” və “Viləş”dən heç birini təmsil etməyən yeganə futbolçu Füzuli Allahverdiyevdir. Həm SSRİ vaxtı, həm də müstəqillik illərində yalnız “Kəpəz”də oynayan müdafiəçi Azərbaycan çempionatında 29 yaşında debüt edib. 9 mövsümdən sonra karyerasını başa vuran futbolçu 1999/2000 mövsümündə butslarını mismardan asıb. O, bu müddətdə 3 çempionluq və 4 kubok əldə edib.

10. İqbal Əliyev – 137 (1)
İlk “onluğ”da yer alan sonuncu futbolçu İqbal Əliyevdir. O, ölkə çempionatında 21 yaşında debüt edib. İlk mövsümü buraxan Əliyev 9 mövsüm Masallı klubunda forma geyinib. Onun aktivində bir bürünc medal var. Sabiq komanda yoldaşları kimi o da klubun dağılması ilə futbola vida edib.