BMT İranla bağlı qətnamə qəbul etdi Dünya

BMT İranla bağlı qətnamə qəbul etdi

İran isə bu sənədlə razılaşmayıb

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası İranın nüvə proqramına dair Vyanada altılıq ölkələri ilə Tehran arasında əldə olunmuş razılaşmanı təsdiqləyən qətnamə qəbul edib. Qətnamə tərəfləri razılaşmanın şərtlərini tam şəkildə icra etməyə çağırır. Razılaşma əsasında, İran nüvə proqramının həcmini məhdudlaşdırması müqabilində bu ölkəyə qarşı iqtisadi sanksiyalar aradan qaldırılacaq.
İsrailin baş naziri Benyamin Netanyahu qətnaməni tənqid edib.
"Təhlükəsizlik Şurası bu qətnamə ilə qurumun qanunlarını sistematik şəkildə pozan, BMT-yə üzv olan bir ölkənin - İsrailin məhv olmasını istəyən bir hökumətin legitimlik hüququnu tanıyır. Riyakarlığın sərhədi yoxdur. Riyakarlıqla ən yaxşı mübarizə aparmağın yolu həmrəyliklə həqiqəti deməkdir. Həqiqət isə, budur: deyirlər ki, bu razılaşma müharibəni daha da yaxın edir. Mənsə, vəziyyəti belə şərh edərdim. Bu razılaşma müharibəni qaçılmaz edir".
İranın ali dini lideri Ayətullah Əli Xamnei bildirib ki, İran hökuməti istənilən halda, xarici siyasətdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməyəcək.
Amma BMT-nin İranın nüvə proqramına dair qəbul etdiyi qətnaməsi İran hökumətini razı salmayıb. Qətnamədə İran ordusunun təkcə Təhlükəsizlik Şurasının qərarı ilə ballistik raket texnologiyası və ağır hərbi texnika ilə təchiz oluna biləcəyi göstərilir. İran hökuməti bu cür silahların nüvə başlığı daşımaq üçün layihələşdirilmədiyini bildirib və qadağaların da əsassız olduğunu qeyd edib. İranın xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib ki, İran qətnaməni icra etməyə bilər.
"Vyana razılaşması və qətnamə fərqlidir. Əgər biz razılaşmanı pozsaq, qətnaməni də pozmuş olacağıq. Qətnamənin tələblərini yerinə yetirməsək, razılaşma pozulmuş olmur. Bizim milli təhlükəsizliyimiz risk qarşısında olduqda, əgər lazım gələrsə, istənilən ölkəyə silah verəcək, regiondakı tərəfdaşlarımıza kömək edəcəyik. Bunu gizlətməyə heç bir səbəb yoxdur və bunu ayıb bilmirik. Həmçinin, lazım gəldikdə, kimdən istəsək silah alacağıq".
Vyanada əldə olunan razılaşmaya əsasən, İran nüvə proqramının həcmini məhdudlaşdıracağı təqdirdə, ona qarşı tədbiq olunan iqtisadi sanksiyalar ləğv olunacaq.
Bir qədər əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei də, həmçinin, razılaşmanın İranın öz tərəfdaşlarına dəstək olmasında mane olmayacağını demişdi.
Xatırladaq ki, Vyanada İran ilə altılıq ölkələri arasında aparılan danışıqlarda tərəflər arasında razılaşma əldə olunub. Bu razılaşmaya görə, İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər. Həmçinin, İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər. Bundan başqa, BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.