Kreml geri addım atmır Dünya

Kreml geri addım atmır

Qabil Hüseynli: "Rusiya artıq Qərblə rəqabətə çox ciddi surətdə girişir"


"Bu qərar Yaxın Şərqlə bağlı niyyətin ciddiliyindən xəbər verir. Görünür, Rusiya nəinki Suriyaya, lazım olsa, İraqa belə silahlı qüvvələrinin böyük bir hissəsini göndərməyə hazırdır". Bu sözləri Rusiya Federasiya Şurasının Rusiya Silahlı Qüvvələrinin xaricdə istifadə edilməsi ilə bağlı qərarını şərh edərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinin qənaətinə görə, bu addım Rusiyaya baha başa gələ bilər: "Nyu Yorkda keçirilən görüşlərdə Putinlə Obama Yaxın Şərq və Ukrayna məsələsinə dair ortaq məxrəcə gələ bilmirlər. Hər halda görüşlərin qane edici səviyyədə keçmədiyi məlumdur. Belə olan şəraitdə Rusiya artıq Qərblə rəqabətə çox ciddi surətdə girişir. Bu rəqabət isə hətta hərbi qarşıdurma səviyyəsinə çata bilər. Gələcəkdə Rusiya ilə Qərb, xüsusən də ABŞ arasında lokal xarakterli döyüşlərin baş vermə ehtimalını da istisna etmək olmaz. Sanki hər iki tərəf böyük hazırlıq vəziyyətindədir. Rusiyanın fövqəldövlət kimi dünyada nüfuz dairələri uğrunda mübarizəyə girişməsi Moskvanın strateji maraqlarına uyğun gəlmir. Bu addım Rusiyaya baha başa gələ bilər. Eyni zamanda, ölkə hazırkı iqtisadi durumu ilə iri müharibələrə tab gətirə bilməyəcək. Ən azından Rusiyanın NATO ilə münaqişəsi mümkünsüzdür. Rusiyanın Suriya bataqlığına sürüklənməsi Kremlin ciddi yanlışıdır. Rusiya-Qərb qarşıdurmasının getdikcə gərginləşməsindən hazırda bütün dünya narahatdır. Çünki III Dünya müharibəsi ilə bağlı ehtimallar güclənir".