“Putin bu bombardmanla İŞİD-ə qarşı mübarizədə beynəlxalq aləmə dəstək verdiyini göstərir” Dünya

“Putin bu bombardmanla İŞİD-ə qarşı mübarizədə beynəlxalq aləmə dəstək verdiyini göstərir”

Elxan Şahiboğlu: "Kreml sahibi bununla beynəlxalq aləmə Krımın işğalını unutdurmağa da çalışır"

Natiq Cəfərli: "Bölgəmiz qan çanağına dönür"

Yeddi dövlət – ABŞ, Türkiyə, Almaniya, Böyük Britaniya, Fransa, Qatar və Səudiyyə Ərəbistanı Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatla bağlı birgə bəyanat imzalayıb. Bəyanatda Rusiyadan Suriya müxalifətinə və mülki əhaliyə qarşı hücumlara dərhal son qoyması və sadəcə, "İŞİD"lə mübarizəyə yönəlməsi tələb edilir: "ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qatar, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakıları bəyan edirik: Rusiya Federasiyasının Suriyada hərbi qüvvə cəmləşdirməsindən və xüsusən Rusiya Hava Qüvvələrinin dünəndən bəri Hama, Hums və İdlibdə mülki əhali arasında itkilərə səbəb olan və "İŞİD"i hədəf almayan hücumlarından dərin narahatlıq duyuruq. Gərginliyi artıran bu hərbi fəaliyyətlər ifrat radikalizmin daha da qızışdırılmasından başqa heç bir məqsədə xidmət etməyəcək. Rusiya Federasiyasını Suriya müxalifətinə və mülki əhliyə yönəlmiş hücumlara dərhal son qoyaraq "İŞİD"lə mübarizəyə diqqətini yönəltməyə çağırırıq".
Xatırladaq ki, Rusiya hərbi təyyarələrinin bombardmanları nəticəsində Suriyanın Hums şəhərində 36 mülki şəxsin öldüyü barədə məlumatlar yayılıb. Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu mülki əhalinin hədəf alınmasından narahat olduqlarını bildirib.
Onu da əlavə vedək ki, Suriyada hava əməliyyatları aparan Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Suriyada hərbi mərkəzini vurub. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İŞİD-lə bərabər müxalifləri də vurduğu məlum olub. Ötən gün isə MKİ-nin Suriyada yerləşən bir mərkəzi də vurulub. Suriyalı müxaliflər bu məlumatı təsdiqləyiblər. Rusiya isə əsas məqsədlərinin bölgədəki üsyançı qrupları təmizləmək olduğunu açıqlayıb. Məhv edilən qrupların ABŞ-ın dəstəklədiyi dəstələr olması məlumdur. Bununla bərabər Rusiya İran əsgərlərini də qurudan əməliyyatlarda iştirak etmək üçün Suriyaya daxil edir. İran hərbiçiləri yerdən, Rusiya qırıcıları isə havadan keçirəcəkləri əməliyyat nəticəsində müxalif qrupların bölgədən çıxarılmağı planlaşdırır. Bu əməliyyatlar Türkiyənin "Təhlükəsiz bölgə" qurmaq planlarını alt-üst edib. Putinin sözçüsü Dimitri Peskov Qərb mətbuatına açıqlamasında "Hədəfləri Suriya ordusu ilə birlikdə seçirik" deyib. Qərbdə isə Fransa Rusiyaya sərt reaksiya verib. ABŞ-dan gələn ilk açıqlamarda isə Rusiyanın çox aqressiv olduğu bildirilib. Bundan başqa İraqın da Rusiyaya ölkəsindəki üsyançı qruplara qarşı əməliyyatlar keçirməsi üçün icazə verəcəyi bildirilib.

Rusiyanın İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatlara münasibət bildirən ekspert Natiq Cəfərli deyib ki, bölgəmiz qan çanağına dönür, coğrafiyamız dünya güclərinin mübarizə meydanına çevrilir, sərhədlər dəyişir. "Putin BMT-də çıxış edərkən dedi ki, Suriyada radikal dini qruplara qarşı Əsəd ordusu ilə yanaşı bir tək kürd qüvvələri, yəni, YPG və PKK qüvvələri mübarizə aparır, yəni, kürd qüvvələri legitimləşdirdi, onları terrora qarşı mübarizə aparan güc kimi qələmə verdi. PKK-nın yaranma tarixini çoxunuz bilirsiniz, SSRİ, "KQB" NATO dövləti olan Türkiyəyə qarşı yaradılmış terror təşkilatıdır. Bu günə qədər PKK-nın ayaqda qalmasının ən böyük dəstəkçilərindən biri məhz Rusiyadır. Lavrov açıq bildirdi ki, YPG və PKK-ya Rusiya silah yardımı edir: "Rusiya kürdlərə silah-sursatı İraq hökuməti vasitəsi ilə ötürür". Bölgəmiz qan çanağına dönür-dönəcək, coğrafiyamız dünya güclərinin mübarizə meydanına çevrilir-çevriləcək, sərhədlər dəyişir-dəyişəcək – bu vəziyyətdə dövlətimiz hər addımı ağılla, ölçülü atmalı, bütün gücümüzü dövlətimizin qorunmasına, Qarabağımızın azad edilməsinə sərf etməliyik, zərgər dəqiqliyi ilə dövlət aparatı çalışmalıdır", - deyə N. Cəfərli qeyd edib.
O, diqqətə çatdırıb ki, Suriyada baş verənlərin kökü, əsl səbəbi 50 illik Əsəd ailə rejiminin seçki institutunu, sivil toplumu, dünyəvi müxalifəti məhv etməsidir. Hafiz Əsədin 1966-cı ildən de-fakto, 1971-ci ildən isə de-yure Suriyanın rəhbəri olduğunu xatırladan N. Cəfərli bildirib ki, o, 2000-ci ildə ölüb, amma hələ də hakim BƏƏS Partiyasının başqanıdır: "Oğlu Bəşər Əsəd 2000-ci ildə hakimiyyətə gəldi. Yəni Əsəd ailəsi az qala 50 ildir Suriyaya rəhbərlik edir. Bu 50 ildə seçki institutu məhv edildi, sivil toplum və müxalifət tamamilə silindi. Ayaqda qalan tək dini qruplar oldu ki, onlar da "yer altı"na çəkildilər. Ölkədə vəziyyət qarışan kimi üzə ilk onlar çıxdılar. Çünki "yer altı"nda onillərdir qruplaşdılar, biri-birlərinə dəstək oldular, asan qavranan ideologiyaları ilə insanları orbitdə saxladılar. Bu gün Suriyada baş verənlərə görə Qərbi qınamaq olar, lap söymək də olar, nifrət də bəsləyə bilərsiz, baş verənləri "Xristian Səlib yürüşləri" adlandıra bilərsiz. Buna etirazım yoxdur. Zatən Qərbin axmaq siyasətinə görə, avtoritar rejimlər möhkəmlənib, sonra da problemlə çevrildilər. Amma baş verənlərin kökü, əsl səbəbi 50 illik Əsəd ailə rejiminin seçki institutunu, sivil toplumu, dünyəvi müxalifəti məhv etməsidir…".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Rusiyanın Suriya ərazisində terrorçuları bombalaması ilə Rusiya prezidenti Putin bununla göstərir ki, Suriyada mən də varam: "Əgər Türkiyə, ABŞ və Fransa təyyarələrinə Suriyanı bombalamaq olarsa, Rusiya təyyarələrinə niyə olmasın? Özü də Rusiyanın Suriyada hərbi bazası ola-ola. İkincisi, Putin bu bombardmanla İŞİD-ə qarşı mübarizədə beynəlxalq aləmə dəstək verdiyini göstərir. Kreml sahibi bununla beynəlxalq aləmə Krımın işğalını unutdurmağa da çalışır. Putinin ikinci hədəfinə çatması çətindir, çünki BMT sessyası da göstərdi ki, ABŞ və Avropa Birliyi Krımın işğalını həzm etməyəcəklər. Rusiya təyyarələrinin Suriya ərazisini bombalaması Putinə qazancdan çox başağrısı gətirəcək. Əvvəla bu bombardman Vaşinqtonla razılaşdırılsa belə, Səudiyyə Ərəbistanı ilə Türkiyənin ciddi narazılığına səbəb oldu. Putin Əsəd + İran + "Hizbullah"ın yanında qərar tutdu. Gələcək bombardmanlar zamanı mülki əhalinin tələfatı təsdiqlənərsə ərəb dünyası, Qərb və Türkiyə Putini daha çox tənqid edəcək. Hələ onu demirəm ki, İŞİD-ə simpatiyası olanların Şimali Qafqazda terror aksiyaları çoxala bilər", - deyə E. Şahinoğlu qeyd edib.

Əli