Əgər Şengen zəifləsə... Dünya

Əgər Şengen zəifləsə...

Vizasız rejim zonasını təhlükə altında saxlayan 4 ssenari

Cavid

"Financial Times"in yazdıqlarına əsəsən, "Əgər Şengen razılaşması Avropaya miqrasiya axınının artması və təhlükəsizliyin təhlükə altına düşməsi səbəbilə əhəmiyyətini itirsə, çox guman, sərhədlərin açılmasına dair həyata keçirilən ən böyük eksperimentin aqibəti əvvəldə də olduğu kimi uzun insan tıxacları ilə sonuclanacaq".
Məqalədə qeyd edilir ki, "təxminən üç onillik bundan öncə Fransa-Almaniya sərhədində yarananan növbələrə məhz uzaq məsafədən gələnlərin etirazlarını bildirməsi Paris və Berlini sərhədlərini birləşdirməyə təkan verdi".
Məqalənin müəllifləri Aleks Barker və Stefan Ueqstil ehtimal edirlər ki, "Avstriyaya aparan A3 Alman magistral yolunda düzülən maşınlar polisin ayıq nəzarəti altında yavaş hərəkət etmək məcburiyyətindədirlər və bu mənzərə 26 ölkənin planlaşdırdığı layihələrin həyata keçə bilməyəcəyini göstərir".
Nəşriyyatın sözlərinə əsasən, Parisdə terror aktının törədilməsində iştirak edən ən azı üç cihadçının Avropaya geniş miqrant axını ilə gəlməsinin məlum olması təhlükəsizlik üzrə ekspertlərin Şengen müqaviləsi tərəfindən yaranan zəif yerlərə dair ən çox ehtiyyat etdikləri əndişələrini doğrultdu. Erste Bankda miqrasiya üzrə ekspert Rayner Müns qeyd edir ki, Şengen müqaviləsi "dəmir pərdəsi" mövcud olduğu müddətdə nəzərdə tutulmuşdur. Kommunist rejimlər xarici sərhəd xidməti qismində çıxış edirdilər.
Məqalənin müəllifləri miqrant axınına dair görülən tədbirlərə nəzər yetirirlər və bu tədbirlərin özlərini doğrultmadığı təqdirdə, yer ala biləcək dörd ssenarini oxuyucuların diqqətinə çatdırırlar.
Birincisi, Barker və Ueqstilin sözlərinə görə, Yunanıstanın Şengen zonadan çıxarılması ehtimal edilir. Onlar bildirirlər ki, "Yunanıstan Şengen zonasının zəif nöqtəsi olmaqla yanaşı miqrantları Avropanın digər şəhərlərinə ötürən əsas vasitəçidir və çox güman AB-in işləməyə qabil olmayan ən zəif ölkəsidir".
Avropa Birliyinin yüksək rütbəli məmurları hesab edirlər ki, sözügedən təhlükə Yunanıstanı "ağlını başına toplaması" və Avropa Birliyinin Frontex sərhəd nəzarət xidmətinə dərhal yardım məqsədilə müraciət etməsi üçün yeganə üsuldur. Xatırladaq ki, Yunansıtan sonuncunu etməkdən daima imtina edir.
İkincisi, jurnalistlər sərhədlərin tədricən bərpa olunacağını mümkün hesab edir. Məqalədə qeyd olunur ki, "Şengen zonası boyunca maneələr düzülür. Şengen zonası daxilində, həmçinin Almaniya, İsveç, Avstriya və Fransa da AB-in icazəsi ilə sərt məhdudiyyətlər tətbiq etməkdədir. Avropa Birliyi iddia edir ki, bu tədbirlər ekstraordinar və müvəqqəti xarakter daşıyırlar. Lakin bütün paytaxtlar bilirlər ki, onları geriyə addım atmağa təşviq etmək çətin olacaq".
Üçüncüsü, Barker və Ueqstil "qaçqınların düşərgələrinin arxipelaqının" yaranacağını proqnozlaşdırırlar. Həmçinin müəlliflər qeyd edirlər ki, "Maneələr və əngəllərlə birgə miqrantların bir yerə toplanmasını da qaydaya salmaq zəruriyyəti yaranır. İnsanların yerlərində qalması üçün tikanlı məftil, məcburiyyət və çox güman, güc lazım olacaq , bu isə öz növbəsində Avropa dəyərlərinin təhrif olunması anlamına gələcək. "Dəhşətli mənzərələr olacaq, lakin biz daha nə edə bilərik? " – deyə Şimali Avropadan yüksək rütbəli məmurlardan biri sual verdi.
Dördüncüsü, nəşriyyat Şengen zonasının "geriyə çəkiləcəyi" ehtimalını istisna etmir. "Sərhəd kənarı nəzarətin bərpa edilməsi çox bahaya başa gələcək. Məmurlar müvafiq ştatda əməkdaşlara, avadanlıqlara və infrastrukturalara sahib deyillər. Əgər bu baş versə, Şengen razılaşması layihədən öncə nəzərdə tutulan Benilüks və Skandinaviyanın sərbəst hərəkət edilən zonaları kimi mini zonalara geri qayıda bilər. Jurnalistlər qeyd edir ki, oxşar parçalanma birgə güvənin təhlükəli şəkildə sarsılmasına gətirib çıxara bilər.
Avropa komissiyasının prezidenti Jan Klod Yunkerin sözlərinə əsasən, "Əgər biz ruh yüksəkliyini itirsək, o zaman Şengendən də önəmli faktoru itirəcəyik. Şengen çöksə, vahid valyuta da olmayacaq".
"The Financial Times"in yazdıqlarına əsasən, AB ölkələrinin xarici işlər nazirləri dekabrın 11-də vizasız rejimə dair Şengen müqaviləsinin iki illik müddətə dayandırılması barəsində müzakirələr aparacaq, çünki miqrasiya krizisi Yunanıstanın sərhədində bütün üzv ölkələrini təhlükə altına salan ciddi nöqsanları aşkarladı. Bu tədbir Almaniya, Avstriya, Fransa və İsveç kimi ölkələrə əvvəllər tətbiq olunan müvəqqəti məhdudiyyətləri sərtləşdirmək və genişləndirmək imkanı yaradacaq. Bundan əlavə, ölkələr uzun razılaşdırma proseduru olmadan sərhədlərində nəzarət-keçid məntəqələri quraşdıra biləcəklər.
Mətbuatın yaydığı məlumata əsasən, Yunanıstanın Şengen zonasının digər ölkələri ilə yerüstü sərhədləri yoxdur və buna görə də onun sərbəst hərəkət zonasından çıxarılması çətin ki, miqrant axınının qarşısını alar. Esseks universitetinin professoru Stiv Pirsin sözlərinə görə, "ola bilər ki, Şengen müqaviləsinin qüvvəsinin dayandırılması barədə təhdid yalnız Yunanıstanın ünvanına göndərilən təhdid kimi düşünülüb, lakin bu addım çox pis fikirdir. Yaxud əsas məqsəd günahı Yunanıstanın boynuna ataraq, Şengen müqaviləsinin sonlanacağına dair təhdidlər yağdırmaqdır". Stiv Pirs hər iki variantın həm hüquqi, həm də siyasi tərəfdən yanlış olduğunu bildirir.
AB-in rəsmi nümayəndələrinin etiraflarına əsasən, bu tədbir Yunanıstanın baş naziri Aleksis Siprasa krizislə mübarizə aparmaq məqsədilə AB-in yardımını qəbul etməsi üçün nəzərdə tutulub. Başlanılan təzyiqlərdən sonra Yunanıstan Makedoniya ilə şimal sərhədi müdafiə etmək məqsədilə Frontex-in xarici sərhədlərinin müdafiəsi üzrə AB agentliyinin xüsusi dəstəsini dəvət etməyə razılığını bildirib. O,həmçinin adalara və Makedoniya ilə sərhədə humanitar yardımın göndərilməsini təşkil etmək üçün əhalinin müdafiəsi mexanizmini aktivləşdirmək sorğusu ilə AB-ə müraciət etdi.
Qəzetin yazdıqlarına əsasən, Lüksemburqun xarici işlər naziri Jan Asselborn Yunanıstanın dekabr ayında keçiriləcək sammitədək tərəfdaşların tələblərini yerinə yetirməyə müvəffəq ola bilməyəcəyi təqdirdə Şengen zonası ilə sərhədlərin bərpasına dair radikal tədbirlərin görüləcəyi barəsində Afinaya xəbərdarlıq etib.