15:15
903
Türkiyə 2030-cu ilə kimi sığorta bazarını ikiqat artırmağı hədəfləyib
“APA-Economics” xəbər verir ki, bunu Türk Dövlətləri InsurTech Zirvəsində çıxış edən Türkiyə Sığorta Birliyinin (TSB) Baş katibi Özgür Obalı bildirib.
Ölkə 2030-cu ilə qədər sığorta penetrasiyasını ikiqat artırmağı və ümumi sığorta haqlarını 44,3 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir.
Onun sözlərinə görə, Türkiyənin sığorta sektoru son illərdə dayanıqlı artım nümayiş etdirib. 2024-cü ildə sığorta nüfuzu tarixi maksimuma – 2,5%-ə yüksəlib və 2030-cu ilə qədər bu göstəricinin 4,7%-ə çatdırılması planlaşdırılır.
Təqdim edilən proqnozlara əsasən, ümumi sığorta haqları 2024-cü ildəki 25,8 milyard dollardan 2030-cu ildə 44,3 milyard dollara qədər artacaq ki, bu da 72%-lik artım deməkdir.
Özgür Obalı qeyd edib ki, bu dinamika rəqəmsal transformasiya, məhsul innovasiyaları və dövlət təşviqləri hesabına əldə olunacaq. O vurğulayıb ki, sığorta sektorunun genişlənməsi təkcə Türkiyənin iqtisadiyyatına deyil, həm də Türk dövlətləri arasında sığorta bazarlarının inteqrasiyasına və qarşılıqlı əməkdaşlığın güclənməsinə töhfə verəcək.