Kremlin Qarabağ iştəhası Dünya

Kremlin Qarabağ iştəhası

Moskvanın Krım ssenarisini işğal olunmuş ərazilərmizdə gerçəkləşdirmək istəyi real görünmür

Cavid

Rusiyanın Krımın işğalından sonra Qarabağı da özünə birləşdirəcəyi barədə narahatlıqlar gündəmi zəbt edib. Bu mövzunu ilk olaraq Dumanın vitse-spikeri Jirinovski günmədə gətirib və sərsəm fikirlər ifadə edib.
Daha sonra mövzu ilə bağlı müxtəlif şərhlər səsləndirildi və belə rəylər ifadə olundu ki, Rusiyanın gözü təkcə Qarabağda deyil, MDB məkanındakı digər respublikaların muxtar vilayətlərindədir.
Rusiyalı hərbi ekspert, Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev Jirinovskinin mövqeyini bölüşmədiyini deyib: "Dağlıq Qarabağ heç vaxt, heç bir halda Rusiyanın tərkibinə daxil olmayacaq. Birinci ona görə ki, onun əsas əhalisi ruslar deyil. İkincisi, Dağlıq Qarabağ heç vaxt Rusiya Federasiyasının subyekti olmayıb. Üçüncüsü, Dağlıq Qarabağı Rusiyaya birləşdirmək cəhdi nəinki Azərbaycanla, həm də Ermənistanla münaqişəyə gətirər".
Bundan əlavə, ekspert bu cür birləşmənin Rusiyaya heç bir iqtisadi faydasının olmağını, yalnız böyük ziyan gətirə biləcəyini düşünür: "Krımın Rusiyaya birləşdirilməsindən sonra rəsmi Moskvanın problemləri onsuz da başından aşır. Odur ki, Kreml hər vəchlə başqa ölkələrlə münasibətlərin kəskinləşməsindən qaçmağa, münasibətləri gərgin olanlarla isə gərginliyi azaltmağa çalışacaq".
Bu arada Ermənistan prezidentinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri, ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Libaredyan da Qarabağ məsələsi ilə bağlı yeni sensasiyalı açıqlama verib. Ermənistanın "168 saat" qəzetinə verdiyi müsahibədə o, Qarabağın Rusiyaya birləşdirilməsinə dair əvvəlcə Zori Balayan tərəfindən ortaya atılan, son günlər isə Jirinovski tərəfindən ikinci dəfə gündəmə gətirilən ideyaya münasibət bildirib: "Mən hesab etmirəm ki, Rusiya Qarabağı özünə götürmək istəyir, çünki bu, Azərbaycanı Rusiyanın əbədi düşməninə çevirərdi. Moskvanın planlarına isə bu daxil deyil".
Ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak edən Jirayr Libaredyan deyib ki, Rusiya Ermənistana heç nə borclu deyil: "Üstəlik, İrəvandan almağa məxsusi nəsə qalmayıb. Rusiya Ermənistanla bağlı istədiyinə nail olub. Və indi Azərbaycanı öz nüfuz orbitinə qaytarmaq istəyir. Əgər Moskva Qarabağı götürüb özünə birləşdirsə və ya onun indiki statusunu tanıyıb qanuniləşdirsə, bunu edə bilməyəcək. Moskvaya Dağlıq Qarabağı təsir altında saxlamağa imkan verən hansısa aralıq status lazımdır. Bu status elə olmalıdır ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan alması kimi anlaşılmasın. Bundan sonra Moskva Azərbaycanla danışıqlar aparacaq, ondan istədiyinin hamısını alacaq, Bakıya nə lazımdır, ona nə lazımdır - müzakirə edəcək...
Dəqiq deyə bilmərəm, ancaq mən uzun müddət danışıqlarda iştirak etmişəm, sonra 15 il ərzində bu problemi araşdırmışam və mənə elə gəlir ki, bir məsələ tamamilə aydındır: Rusiya əraziləri qaytaracaq, bununla belə, Laçın rayonunu özünə götürəcək və ondan isti su kranı kimi istifadə edəcək".
Millət vəkili Zahid Orucun fikrincə sözügedən şəxs dövlət idarəetmə təcrübəsinə və malik olduğu məxfi informasiya kütləsinə görə ciddi bir simada qəbul edilir. Bəs Libaridyanın iddiası nə ilə bağlıdır? Bu hər beynəlxalq tendensiyadan bəhrələnmək xislətinə sahib olan erməniçilikdən irəli gələn bir siyasi gedişdir, yoxsa həqiqətən də o illər Cənubi Qafqazda qurulan arxitektura 90-cı illərin liderlərini istefaya göndərməyi tələb etdiyindən keçmiş erməni prezident də narıncı inqilabın ilk qurbanlarından olub?
Xüsusi qeyd etməyə dəyər ki, Petrosyan Rusiya maraqlarına tam cavab verən bir xətti izləyirdi və təsadüfi deyil ki, ona görə də şimal qonşumuzun hərtərəfli himayəsi altında idi. Lakin o, bir alim kimi dərk edirdi ki, müharibəni hərbi cəhətdən udsa da daxili sosial-iqtisadi böhran onun iqtidarını sarsıdır və beynəlxalq təzyiqləri artırır: "Üstəlik, Dağlıq Qarabağın coğrafi cəhətdən ələ keçirilməsi avtomatik olaraq onu siyasi və hüquqi baxımdan rəsmiləşdirməyə imkan vermirdi. Belə bir vaxtda güzəştlər qaçılmaz olsa da Qərb ağıllı, lakin gücsüz və resurslarını xeyli tükətmiş birinə deyil, tamam başqa bir fiqura üstünlük verməyə başlamışdı. Libaridyan iddia edir ki, erməni hakimiyyəti içində Qarabağ məsələsinə görə dərin parçalanma mövcud olduğundan baş nazir Koçaryanın personası gələcək dövr üçün çoxları tərəfindən nəzərdən keçirilməyə başlamışdı. Lakin belə çıxır ki, sonralar güllə-baran edilən yüksək çinli erməni dövlət xadimləri Qərbin güzəşt planını yerinə yetirdiklərinə görə rəsmi Moskva tərəfindən cəzalandırılıblar. Axı Petrosyana - hələ sovetlər zamanında "Qarabağ" Komitəsinə daxil olan və birinci savaşı qazanan liderə məxsus olan tarixi kəlam heç kəsin yadından çıxmayıb. O, demişdi ki, indi imtina etdiyimiz şərtləri vaxt gələcək ki, yalvarıb geri qaytara bilməyəcəyik. Bu sözlə də o, öz siyasi qəbrini qazmışdı. Başqa tərəfdən Rusiyaya sərfəli fiqur Amerikanın arzulamadığı birisi olmalıydı. Məntiqlə axı Petrosyan nədə Qərbə sərf etmirdi ki, onu Yanukoviçin indiki taleyi ilə prezidentlikdən yola salmışdılar? Mülahizə yürüdərkən Ermənistana "Azadlığa dəstək aktı" çərçivəsində edilən yardımları da nəzərə almaq lazımdır. Belə bir mənzərə-həm Rusiyanın, həm də Birləşmiş Ştatların eyni vaxtda milli azadlıq hərəkatı liderini siyasi səhnədən uzaqlaşdırmaq planı bəlkə razılaşdırılmış oyunun tərkib hissəsi olub".
Politoloq Elşən Həsənov hesab edir ki, Libaridyanın ittihamlarında həqiqət əks olunur. Amma bir o qədər də yox: "Qarabağ Rusiyaya lazım deyil və onu heç vaxt özünə birləşdirə bilməz. Amma Qarabağ kartından istifadə edib Azərbaycanı təsir altında saxlayacaq. Laçının Rusiyaya birləşdirilməsi də mövcud və ağlabatan fikir deyil. Laçın Ermənistan üçün strateji dəhliz hesab edilir. Ermənistan bütünlüklə Rusiyanın nəzarəti altındadırsa onda Laçın onun nəyinə lazımdır. Bir də Kreml heç vaxt riskə gedib Azərbaycanın işğal olunan hansısa rayonunu özünə birləşdirə bilməz. Amma Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak edən bir şəxs kimi onun Rusiya ilə bağlı planlarını açıqlaması Kremlin işğalçılıq siyasətindən xəbər verir. Rusiya üçün bu münaqişəni nəzarətdə saxlamaq üçün Laçını özünü birləşdirmək aralıq statusunu qazanması lazım deyil, onsuz da Ermənistan de-fakto Rusiyaya birləşib. Azərbaycana qarşı ondan istfadə hər zaman Kremlin işinə yarayıb".