Qafqaz: Avrasiya qüvvələri üçün çətin sınaq Dünya

Qafqaz: Avrasiya qüvvələri üçün çətin sınaq

Növbəti 25 il ərzində Qafqaz ölkələri arasında Azərbaycanın istər hərbi, istərsə də diplomatik yolla ən azından Dağlıq Qarabağın idarəsini müəyyən dərəcədə geri qaytarma ethimalı vardır

Cavid

Avrasiya uğrunda Rusiya və Qərb arasında gedən qarşıdurmanın keçmişi, bu günü və gələcəyini tədqiq edən beş hissəli araşdırmanın dördüncü hissəsini təqdim edirik. Birinci hissədə münaqişənin mənşəyi, ikinci hissədə Ukrayna, üçüncü hissədə isə Şərqi Avropadan bəhs edilib.
"Stratfor" yazır ki, Avropa və Asiya sərhədlərinin birləşdiyi yerdə Rusiya və Qərb arasında nisbətən yeni bir rəqabət obyekti yarandı: Qafqaz regionu. Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət olan Qafqaz regional qüvvələrlə əhatələnib. Sovet İttifaqının dağılmasından bu yana yaranan separatçı hərəkatlar Qafqaz ölkələrinin mübahisəli ərazilərdən dəstəyini əsirgəməyən Rusiyaya baxışının formalaşmasında xüsusi rol oynayıb.
Növbəti onilliklərdə Türkiyə və İran kimi digər regional qüvvələr nüfuz uğrunda daha çox rəqabət apardıqca, Qafqaz da Rusiya və Qərb üçün döyüş meydanı olmağa davam edəcək. Gürcüstan, Ermənistan və Azərbaycanın seçdikləri tərəflərlə daha da yaxınlaşmaları ilə Qərb tərəfindən dəstəklənən müttəfiqliyin üstünlük qazandığı aydın görünür.

Təhlil

Rusiya-Qərb rəqabəti üçün Gürcüstan yalnız XVIII əsrdə, Ukraynada və Şərqi Avropada rəqabət toxumları səpildikdən sonra hərbi zəminə çevrildi. Əvvəlki əsrlərdə isə indi Gürcüstan torpaqları olan Kartli-Kaxeti Osmanlı və İranın hakimiyyəti altında idi. XVIII əsrin sonunda Rusiya pravoslav ölkəni müsəlman osmanlılardan və farslardan qorumaq üçün Gürcüstanla ittifaqa girdi. 1801-ci ildə rəsmi olaraq, Rusiya imperiyasının tərkibinə daxil edilən Gürcüstan 1917-ci ildə imperiya dağıldıqdan beş il sonra Sovet İttifaqına birləşdirilməzdən əvvəl qısa və qeyri-stabil bir müstəqillik dövrü keçirdi.
Gürcüstan kimi Ermənistan da yüz illərlə Osmanlı və İranın tərkib hissəsi olub, XX əsrin əvvəlində Rusiya imperiyasının tərkibinə daxil edilib. Bundan əvvəl isə 1915-ci ildə Osmanlı Ermənistanın Rusiyaya sadiqliyindən qorxduğuna görə, ermənilərə qarşı kütləvi qırğın törətdi. Bu isə Ermənistan tarixində həlledici bir an kimi Türkiyə ilə gələcək əlaqələri də pozdu və çoxlu sayda ermənini dünyanın müxtəlif hissələrinə səpələdi. 1917-ci il inqilablarından sonra Ermənistan 1922-ci ildə Sovet İttifaqına birləşdirilməzdən əvvəl bir müddət müstəqillik qazandı.
Eyni şeylər, demək olar, Azərbaycana da aiddir. XIX əsrin sonunda mühüm neft ehtiyatları olan Azərbaycan Qərbin diqqətini cəlb etdi. Alfred və Robert Nobel tərəfindən Azərbaycan neftinin dünya bazarına daşınması vasitəsi kimi Bakı və Tbilisi arasında dəmir yolu çəkildi. 1900-cü ilə qədər dünyanın ən böyük neft istehsalçısına çevrilən Azərbaycanın Rusiya imperiyasının dağılmasından sonrakı müstəqilliyi uzun sürmədi: Britaniyanın qısamüddətli işğalından sonra 1922-ci ildə Sovet İttifaqının tərkibinə daxil oldu. İkinci dünya müharibəsində Almaniya Bakının neft yataqlarını ələ keçirməyə cəhd göstərsə də, Sovet ordusu alman əsgərləri Azərbaycana çatmamış dəf etdi.

Ötən 25 il: İttifaqlar Dəyişir

Sovet İttifaqının dağılmasından əvvəlki və sonrakı illərdə Qafqaz ölkələrinin hər birində stabillik pozuldu. Nəticədə isə separatçı hərəkatlar başladı və bu hərəkatlar da separatçı bölgələrin yaranmasına gətirib çıxardı.
Gürcüstanda buna misal olaraq, Tbilisidən asılı olmayan respublikalar yaratmağa çalışan iki ərazi – Abxaziya və Cənubi Osetiyanı göstərmək olar. 1991-1992-ci illərdə Gürcüstanın təhlükəsizlik qüvvələri ilə separatçılar arasında toqquşma olmuş, daha sonra isə Rusiya onların adından müdaxilə edərək Gürcüstandan de fakto müstəqillik tələb etmələrinə imkan vermişdir.
Azərbaycan və Ermənistan arasında isə Dağlıq Qarabağ uğrunda münaqişə gedir. Sovet erasının sonlarında yenidənqurma və aşkarlıq islahatları Dağlıq Qarabağ sakinlərinin Ermənistana qoşulmaq üçün müraciət etmələrinə imkan yaratdı. İrəvan tərəfindən dəstəklənən bu cəhdə Bakı qarşı çıxdı. Moskva müdaxilə etməməyi seçdikdə isə Ermənistan və Azərbaycan arasında müharibə başladı. Ermənistan Rusiyanın dəstəyilə münaqişədə qalib gələrək 1994-cü ildə atəşkəs imzalanmazdan əvvəl Azərbaycan ərazisinə daxil olan Dağlıq Qarabağ və yeddi qonşu rayonu ələ keçirdi.
Bu münaqişələrin hər biri Qafqaz ölkələrinin xarici siyasətdə istiqamətlərinin formalaşmasında mühüm rol oynadı. Gürcüstanın o vaxtkı prezidenti Eduard Şverdnadze Rusiyanın Abxaziya və Cənubi Osetiyanı dəstəkləməsinə cavab olaraq, NATO və Avropa İttifaqı ilə müttəfiq oldu. Ondan sonra vəzifəyə gələn Mixail Saakaşvili Qərblə hərbi və iqtisadi əməkdaşlığı artırdı. Gürcüstanla Rusiya arasında artan gərginlik 2008-ci ilin avqustunda müharibə ilə nəticələndi. Rusiya beş gün içində Gürcüstanı məğlub etdi və iki separatçı ərazinin müstəqilliyini tanıdı. "Gürcü Arzusu" koalisiyası 2012-ci ildə parlament seçkilərində Rusiya ilə iqtisadi əlaqələrin normallaşdırılması kampaniyası ilə Saakaşviliyə qalib gələ bilsə də, ölkə NATO və Aİ üzvlüyünü sürdürməklə Qərbə inteqrasiyanı davam etdirdi. 2014-cü ildə Ukrayna böhranının başlamasından bu yana Gürcüstan həmin ilin iyununda Aİ ilə Assosiasiya Müqaviləsi imzalayaraq və 2015-ci ilin avqustunda NATO təlim mərkəzi açaraq inteqrasiya cəhdlərini artırıb.
Ermənistan Rusiyanın Gümrüdə hərbi baza saxlamasına imkan verərək və Moskva tərəfindən idarə olunan Avrasiya İqtisadi Birliyinə qoşulmaqla daha sıx iqtisadi əlaqələr quraraq Rusiya ilə müttəfiqliyi gücləndirib. Ermənistan, eyni zamanda, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan isə çoxşaxəli xarici siyasət yeritməyi seçərək Rusiya, Qərb və Türkiyə ilə əlaqələrini balanslaşdırmağı üstün tutub. Ölkə enerji ixracını Türkiyə, Avropa və hətta Rusiya daxil olmaqla, bir çox istiqamətdə genişləndirmək üçün Qərbin enerji şirkətlərinin köməyi ilə təkmilləşdirilmiş böyük neft və təbii qaz resurslarından istifadə edib. Azərbaycan bu yeni gəlirlərlə bir gün Dağlıq Qarabağı geri qaytarmaq ümidilə hərbi qüvvələrini artırır. Ukrayna böhranı və onun siyasi oriyentasiyasının dəyişməsi Azərbaycana Ermənistanla təmas xətti boyu təzyiqi artırmağa və donmuş münaqişənin şərtlərini dəyişmək cəhdi ilə zəifləmiş Rusiya ilə danışıqları istiqamətləndirməyə imkan verib.

Növbəti 25 il: Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü güclənir

Qafqaz regionu ötən 25 il ərzində keçmiş Sovet məkanının ən dinamik hissələrindən biri olub. Növbəti 25 il ərzində də, çox güman ki, böyük bir fərq olmayacaq. Qafqaz ölkələrinin istər öz aralarında olan, istərsə də, Rusiya, Türkiyə, İran və Qərb kimi xarici qüvvələrlə olan münasibətləri göstərir ki, gələn onilliklər ərzində regionda mühüm geosiyasi dəyişikliklər ola bilər.
Ukrayna və Şərqi Avropada olduğu kimi köklü demoqrafik dəyişikliklər Qafqaz regionunun gələcək strategiyalarının formalaşmasında həlledici rol oynayacaq. Gürcüstan və Ermənistanın əhalisinin 2050-ci ilə qədər əhəmiyyətli dərəcədə azalması proqnozlaşdırılır. Gürcüstan əhalisi 4 milyondan 3,5 milyona düşərək 12,9 faiz, Ermənistan əhalisi isə 3 milyondan 2,7 milyona düşərək 9,6 faizini itirəcək. Bu ölkələrdən fərqli olaraq, Azərbaycan əhalisinin həmin müddət ərzində 12,2 faiz artaraq 9,8 milyondan 11 milyona yüksəlməsi gözlənilir.
Bu dəyişikliklər Qafqazla məhdudlaşmır. Məsələn, Rusiya əhalisinin 2050-ci ilə qədər 143 milyondan 129 milyona düşərək 10 faiz azalması, İran və Türkiyə əhalilərinin isə 79 milyondan, müvafiq olaraq, 92 milyon və 96 milyona qədər artması gözlənilir. Hazırda Rusiya əhalisinin sayı Türkiyə və İran əhaslinin sayının iki qatına bərabər olsa da, növbəti 25-35 il ərzində bu boşluq hiss olunacaq dərəcədə azalacaq. Bu da regionda iqtisadi və hərbi balansı Türkiyə və İranın xeyrinə dəyişəcək. Eyni zamanda, Qafqazı Rusiyaya bağlayan mədəni əlaqələr itdikcə, Moskvanın yumşaq gücü də azalacaq.
Həmin dövr ərzində Qərbin Qafqaz regionuna təsiri dəyişsə də, regionda fəal olmağa davam edəcək. Avropa getdikcə de fakto regional qruplaşmalardan ibarət olmağa başladığından, ümumilikdə, Qafqazda nüfuzu zəifləyəcək. Bununla belə, Mərkəzi və Şərqi Avropa ölkələri Rusiyanın enerji təchizatında uzaqlaşmaq üçün Azərbaycana müraciət edə bilərlər. Rusiya, Türkiyə və İran arasında rəqabət gücləndikcə, ABŞ da regionda üstünlük uğrunda daha çox rəqabət aparmağa başlayacaq.
Növbəti 25 il ərzində Qafqaz ölkələri arasında Azərbaycanın istər hərbi, istərsə də diplomatik yolla ən azından Dağlıq Qarabağın idarəsini müəyyən dərəcədə geri qaytarma ethimalı vardır. Əslində, münaqişənin diplomatik yolla həlli (ən azından ilkin mərhələləri) müəyyənləşməyə başlayır və Azərbaycanın demoqrafik, iqtisadi və hərbi inkişadı Ermənistanın tənəzzülü ilə üst-üstə düşdükcə bu proses sürətlənəcək. Bu arada Ermənistan Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyünə qarşı İranla daha sıx iqtisadi və hərbi əlaqələr qurmağa çalışacaq. İqtisadi və hərbi qüvvə baxımından zəif mövqedə olan Rusiya bu addımı dəstəkləməli ola bilər. Bir sözlə, növbəti onilliklərdə bir tərəfdə Azərbaycan, Gürcüstan və Türkiyə, digər tərəfdə isə Ermənistan, İran və Rusiya arasında rəqib ittifaqlar meydana gələcək.
İki blok arasında rəqabət mütləq hərbi qarşıdurmaya çevriləcək deyə bir şey yoxdur. Ancaq Qafqazdakı mürəkkəb əlaqələr şəbəsini nəzərə alsaq, bir sıra siyasi və təhlükəsizlik tələləri fiziki qarşıdurmanı mümkün edəcək. Məsələn, regionun separatçı ərazilərinin statusu, eləcə də, silahların artırılması və hərbi təlimlər gərginlik mənbəyi olaraq qalacaq. Ancaq nəticə etibarilə, Azərbaycan, Gürcüstan və Türkiyə müttəfiqliyi həm iqtisadi, həm də hərbi cəhətdən Ermənistan-İran-Rusiya üçlüyündən daha güclü olduğunu göstərəcək və ABŞ-ın dəstəyi ilə Qafqazın gələcəyinin müəyyənləşdirilməsində üstünlük qazanacaq.