“Əsədə hakimiyyətdən getməyi təklif etməmişik” Dünya

“Əsədə hakimiyyətdən getməyi təklif etməmişik”

Rusiya XİN başçısı: "Avropa İttifaqının parçalanmasında maraqlı deyilik"


"Bəşər Əsədə hakimiyyətdən getməyi təklif etməmişik. Mətbuatda yayılan xəbərlər yalandır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqunun Əsədlə görüşü zamanı bu barədə söhbət etməsi ilə bağlı iddiaları rədd edib: "Belə şey olmayıb. Bəşər Əsəd özü Moskvada olub, prezident Vladimir Putinlə görüşüb. Həmin görüşdə heç kim siyasi sığınacaq almaq üçün heç nə xahiş etməyib".
"Moskva Avropa İttifaqının zəifləməsində yaxud da parçalanmasında maraqlı deyil". Bunu Moskvada keçirdiyi brifinqdə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib. "Şimal axını-2" layihəsinin sırf kommersiya xarakterli layihə olduğunu deyən S. Lavrov onun ünvanına səslənən tənqidi fikirlərin Moskva ilə Avropa arasındakı münasibətləri çətinləşdirmək cəhdi kimi dəyərləndirib.
"Beynəlxalq terrorçuluğa təkcə hərbi yolla qalib gəlmək mümkün deyil. Bunun üçün siyasi və iqtisadi tədbirlərin görülməsi vacibdir". "Aydındır ki, terrorçuluğa hərbi yolla qalib gəlmək mümkün deyil, münaqişələrin nizamlanmasında silahlı fəaliyyətlə siyasi fəaliyyət uyğunlaşdırılmalıdır. Terrorçulara qarşı iqtisadi tədbirlər görülməlidir. Bununla yanaşı, terrordan əziyyət çəkən ölkələrin terror təhlükəsi aradan qalxandan sonra iqtisadi reabilitasiyası haqqında düşünmək vacibdir", - deyə o, qeyd edib.
S. Lavrov Rusiyanın 2016-cı ildə Donbas probleminin həllinə kömək edəcəyini və Minsk razılaşmalarının tam yerinə yetirilməsini tələb edəcəyini söyləyib: "Razılaşmaların heç də hamısı, ən əvvəl Kiyevin Donetsk və Luqansk ilə birbaşa dialoqunun qurulması, böhranın siyasi aspektlərinin həlli barədə müddəalar yerinə yetirilməyib. Ona görə, bu işi 2016-cı ildə davam etdirmək qərara alınıb".
"ABŞ-la Avropa İttifaqı Rusiyaya qarşı qeyri-konstruktiv xətt tutmaqda davam edir". Sergey Lavrov qeyd edib ki, Qərbin qeyri-konstruktiv xəttinə NATO-nun möhkəmləndirilməsi də daxildir. S.Lavrov ölkəsinin Avropa və ABŞ-la bərabərhüquqlu və faydalı əsasda əməkdaşlığa hazır olduğunu bəyan edib.