Putinin Qarabağla bağlı 2 böyük məqsədi Dünya

Putinin Qarabağla bağlı 2 böyük məqsədi

"Rusiyanın Dağlıq Qarabağla bağlı hazırda bir neçə variantı var".
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq sözügedən variantların heç də ürəkaçan olmadığını və Rusiyanın Qarabağ probleminin həllində həvəsli görünmədiyini bildirib:
"Yəni Rusiya, hələ ki, status-kvonun saxlanılmasının tərəfdarıdır. Əslində, Medvedyev də Bakıda olarkən bu fikri səsləndirmişdi. Görünür, bu məsələ Rusiya Təhlükəsizlik Şurasında müzakirə edilərkən üzdə aktiv danışıqlar prosesi və həll variantlarını imitasiya edib, əl altından isə köhnə status-kvonu dəstəkləyirlər. Əks təqdirdə, Sərkisyan həvəslə Xankəndinə gələrək bir qarış da torpaq verməyəcəyi fikri ilə çıxış etməzdi. Deməli, Rusiya tərəfindən hansısa zəmanətlər var. Rusiyanın Dağlıq Qarabağla bağlı hazırda bir neçə variantı var. Birincisi, köhnə status-kvonu qoruyub saxlamaqdır. Bəlkə də bu, aparıcı variantdır. İkincisi, Qərbin, xüsusilə Amerikanın təzyiqi ilə diplomatik danışıqlar sürətləndirilsə, Dağlıq Qarabağın statusu ilə işğal olunmuş torpaqların azad edilməsini eyni vaxtda irəli sürmək. Yəni Moskvanın mərhələli variantından imtina etdiyi nəzərə çarpır, Ermənistan da bunu hər addımda təkrarlayır".
Politoloqun sözlərinə görə, Rusiya paket həll variantına üstünlük verməyə başlayıb:
"Paket həll variantının əsasında Kazan prinsipləri dayanır. Burada isə 7 rayonun hamısının azad edilməsinin texniki cəhətdən mümkün olmadığı və mərhələ-mərhələ qaytarılması nəzərdə tutulur. Laçın və Kəlbəcərin azad olunması isə ən sona saxlanılır. İrəvanın bu iki əsas rayonu azad etməmək kimi sərsəm bir xülyası var və bu prosesi Qarabağın son statusunun həllinə qədər saxlamaq istəyir. Məqsəd isə Qarabağa aralıq statusunun verilməsidir. Bu isə tam statusa yaxındır və nəticədə Qarabağ Azərbaycanın tərkib hissəsi hesab edilmir. Böyük sülh sazişində isə Qarabağın yekun statusu ilə Laçın və Kəlbəcər məsələsi dayanır. Bu isə Azərbaycanı qane etmir və bir çox xoşagəlməz məqamlar yaradır".
Q.Hüseynli bildirib ki, ermənilər hazırda rusların dəstəyi ilə Laçın dəhlizi və Ermənistanın Vardenis royunundan Ağdərəyə çəkilən yolun ətrafında 15 kilometrlik təhlükəsizlik zonasının yaradılmasına iddia irəli sürürlər:

"Azərbaycan yalnız Laçın dəhlizi ətrafında 5 kilometrlik təhlükəsizlik zonasının yaradılmasına razıdır, o da icarə statusu ilə, yəni müəyyən müddətə və sonradan əgər Ermənistan özünü yaxşı apararsa, bu müddətin uzadılması şərtilə. Bunlar çox mürəkkəb proseslərdir. Ermənistanın kompromislərə getməməsi onu göstərir ki, Rusiya sülh prosesində uydurma strateji müttəfiqini açıq müdafiə edir. Dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn normaları və BMT-nin qətnamələridir. Təəssüf ki, Putin bu gün subyektiv olaraq sırf Rusiyanın strateji maraqlarına uyğun fikirlər irəli sürür".
Putin-Ərdoğan görüşünə də toxunan politoloq Türkiyənin Qarabağ məsələsində gələcək roluna da aydınlıq gətirib:
"Ankara bu gün Qarabağ probleminin həllini Moskvanın qarşısında sərtliklə qoya bilməz. Türkiyə hazırda Rusiya xəttini və strateji maraqlarını əsas götürür. Hesab edirəm ki, bu görüşdə Qarabağ məsələsi bütün nüansları ilə prinsipial şəkildə yer tutmayacaq. Ancaq Türkiyə öz yaxın mövqeyini Rusiyanın nəzərinə çatdıracaq".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Bakı səfərindən öncə AzərTac-a verdiyi müsahibəsində Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi diqqət çəkir. "Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərin hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun", - deyə Putin qeyd edib.