2016-da ABŞ-da maraqlı məqamlar Dünya

2016-da ABŞ-da maraqlı məqamlar

Times jurnalı ABŞ-ın növbəti prezidenti Donald Trampı 2016-cı "İlin adamı" seçəndə bu heç kimdə təəccüb yaratmadı. Buna səbəb onun uzun sürən prezident seçkiləri kampaniyasından sonra qələbə qazanması idi. 2016-cı ildə ABŞ siyasətində baş vermiş maraqlı məqamlara nəzər salırıq. Donald Trampın Ağ Evə aparan yolu 2015-ci ilin iyununda prezidentlik kampaniyasının bəyan olunması ilə başlamışdı. Bu Trampın şoumen reputasiyasından uzaq olsa da, mesajı onun tərəfdarlarını həyacanlandırmışdı. Donald Tramp: "Mən rəsmən ABŞ prezidentliyi uğrunda mübarizəyə başlayıram və ölkəni daha möhtəşəm edəcəyəm!".
Qeyri-qanuni mühacirlərə qarşı sərt olacağına və ABŞ-a gəlmək istəyən müsəlmanlara qadağa qoyacağına söz verən Tramp əvvəldən mübahisəli namizəd idi. Respublikaçı rəqibləri tərəfindən ciddi qarşılanmayan Tramp özünü siyasi outsayder kimi brendləşdirərək xüsusilə debatlar zamanı kiçik mübahisələr vasitəsilə rəqiblərini darmadağın etdi. Bu mübahisələrdən biri də sabiq Florida qubernatoru Ceb Buşla baş vermişdi.
Ceb Buş: "Bu, çətin biznesdir ..."
Donald Tramp: "Elədir, sən çətin adamsan, Ceb …"
Ceb Buş: "Bizə lider lazımdır və sən prezidentlik yolunda hamını təhqir etsən heç zaman Birləşmiş Ştatların prezidenti olmayacaqsan".
Donald Tramp: "Görəcəyik. Hazırda məni 42 faiz, səni isə 3 faiz dəstəkləyir. Hələlik mən daha yaxşıyam".
Ceb Buş: "Fərqi yoxdur."
Demorkat Partiyasının namizədliyi uğrunda yarışda isə Hillari Klinton gözlənildiyindən daha çətin mübarizə ilə üzləşsə də, o, Vermont senatoru Berni Sandersə qalib gələ bildi. Nominasiyanı əldə edəndən sonra Klinton Trampı prezidentliyə layiq olmayan şəxs kimi təqdim etməyə başladı. Hillari Klinton: "Bir tvitlə əsəbləşən insana nüvə silahlarını həvalə etmək olmaz!"
Ancaq seçki günü Tramp dünyanı təəccübləndirərək çox az adamın təxmin etdiyi qələbəni eldə etdi və Klintona qalib gəldi. Qələbə çıxışında Tramp bölücü kampaniyasından sonra daha çox birləşdirici şəxs kimi səsləndi: "Ölkədəki bütün respublikaçı, demokrat və müstəqillərə deyirəm ki, indi vahid bir xalq kimi birləşməyin vaxtı çatıb." Klinton da tərəfdarlarını nəticələrə hörmətlə yanaşmağa çağırıb: "Donald Tramp prezident olacaq. Biz ona rəhbərlik etmək şansı tanımalıyıq".
Təhlilçi Tom DeFrank deyir ki, Trampın qələbəsinin əsas səbəbi cəmiyyətdəki dəyişiklik ehtiyacı idi: "Fikrimcə media da daxil olmaqla, hamımız onu ciddi qəbul etmədik. Nəticədə Tramp çatışmazlıqları, yanlışları ilə dəyişikliyin yeganə elçisi idi". Con Fortier deyir ki, Trampın üstünlüyü həm də o hakimiyyətə gələndə Konqresin də respublikaçılarda olmasında olacaq: "Fikrimcə yerli məsələlərin qəbulunda bu, ona komanda formalaşdırmağa kömək edəcək. Klinton bölünmüş hökumətlə istədiklərini həyata keçirməkdə ciddi problemlərlə üzləşəcəkdi".
Bu ilki seçkilər ABŞ tarixində ən bölünmüş seçkilərdən biri kimi yadda qaldı. İndi Tramp tərəfdarlarının istəklərini həyata keçirməklə ölkədə birlik yaratmaq arasında necə balans yaratmağın yollarını tapmalıdır.