İŞİD “ən sonuncu“ döyüşə hazırlaşır Dünya

İŞİD “ən sonuncu“ döyüşə hazırlaşır

"The İndependent" yazır ki, İŞİD özünün ən son döyüşünə hazırlaşır. Məqalədə deyilir ki, İraqın ikinci böyük şəhəri və özünü İslam Dövləti adlandıran təşkilatın son istehkamı olan Mosulda indi yalnız kiçik bir ərazi cihadçıların tam nəzarətində qalıb. Elə bu ərazidə ilişib qalmış iraqlılar bildirirlər ki, islamçılar Böyük ən-Nuri məscidinin ətrafındakı müdafiə xəttini möhkəmləndirməklə məşğuldurlar.
Qəzetin Beyrut müxbiri yazır ki, son iki gündə Dəclə çayının qərb sahilindəki orta əsrlərə aid möhtəşəm məscidə aparan bütün yollar bağlanıb və cihadçılar şəhərin bu hissəsində qalmış sakinlərdən yaxınlaşmaqda olan İraq ordusuna qarşı canlı sipər kimi istifadə etməyi planlaşdırırlar. İŞİD İraqın bu zəngin kosmopolit şəhərini 2014-cü ilin yayında gözlənilməyən hücumla ələ keçirmişdi. O vaxt təşkilatın əlində İraqın bütün ərazilərinin üçdə biri cəmləşmişdi.
"The İndependent" yazır ki, 1,5 milyonluq əhalisi olan şəhəri ələ keçirə bilməsi o vaxt İŞİD-in özünü də mat qoymuşdu. Məhz bundan sonra təşkilatın başçısı Əbu Bəkr əl-Bağdadi ən-Nuri məscidində ilk və son dəfə açıq xütbəyə çıxaraq xilafəti bəyanlamış və bütün dünya müsəlmanlarına çağırış etmişdi. Lakin aydındır ki, nə İraq, nə də onun ABŞ koalisyası tərəfindən dəstəklənən müttəfiqləri heç vaxt Mosulu əbədi olaraq İŞİD-in ixtiyarına buraxmaq fikrində olmamışdılar. Buna baxmayaraq Mosul uğrunda döyüş gözlənildiyindən uzun və qanlı olub.
2016-cı ilin oktyabrında Mosulun alınması uğrunda "Yenilməz qətiyyət" adlı əməliyyat başlananda İraq generalları müharibənin ilin sonunadək başa çatacağını proqnozlaşdırırdılar. Lakin artıq səkkiz aydır ki, Mosulda küçəbəküçə snayperlərin və mina pusqularının müharibəsi səngimək bilmir. İraq hökuməti öz itkilərinin sayını məxfi saxlayır ki, ictimaiyyət qələbənin necə ağır başa gəlməsindən həyəcanlanmasın. Mosul əməliyyatı zamanı, ABŞ koalisiyasının zərbələri də ara-sıra səbəb olmaqla minlərlə dinc sakin həlak olub.
Mosulun Köhnə şəhər hissəsində hələ də 200 min sakinin ilişib qaldığı təxmin edilir. Oradan qaçıb gələ bilənlər deyirlər ki, şəhərin İD-ə aid hissəsində su və ərzaq çatışmır, tibb xidməti isə demək olar mövcud deyil. Yerli sakinlərin qaçıb getməməsi üçün İŞİD döyüşçüləri bəzi hallarda evlərin qapılarını daşla hörürlər. Müxbir yazır ki, İŞİD-in qara bayrağı hələ də ən-Nuri məscidinin əyilmiş minarəsində dalğalanır, lakin bunun nə qədər davam edəcəyi bilinmir. Bu da ehtimal edilir ki, 1970-ci illərdən bəri təmir görməyən məscid binasının özü çökə bilər.
"The İndependent" yazır ki, Mosul azad ediləndən sonra hətta sakinlər bura qayıtsalar da, sığınmağa bir ev də tapmayacaqlar. Qədim şəhərin daşı daş üstündə qalmayıb. O da bildirilir ki, İŞİD Suriya və İraq cəbhəsində sarsıdıcı zərbələr alıb. Qruplaşma son 1 ildə nəzarəti altında saxladığı ərazilərin 40%ə qədərini itirdiyi üçün Dəməşq və Bağdad hökumətlərinə təhlükə törətmir. Bir neçə ay öncə tərəfdarlarına müraciət edən Əbubəkr əl-Bağdadi isə qruplaşma üzvlərinə çağırış edərək dağlara çəkilib silahlı mübarizəni davam etdirməyə səslədi.
Türkiyə, Rusiya, ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyası, Əsəd rejimi, kürdlər, İraq hökumət qoşunları, bir sıra cihadçı təşkilatlarla eyni zamanda mübarizəyə qalxan İŞİD fenomenal döyüş taktikası ilə çətin ram edilən düşmən olduğunu göstərsə də, Mosulun tamamilə alınmaq üzrə olduğu, paytaxt Raqqanın mühasirəyə hazırlaşdığı məqamda İŞİD-in 2014-cü ildə yaratdığı xilafət nağılının sona çatdığını demək olar.
Təsadüfi deyil ki, qruplaşmanın əksər üzvləri İraq və Suriyanı tərk edir. Bu zaman hər kəsin ağlında belə bir sual yaranır – İŞİD bu dəfə harada peyda olacaq? Bu barədə müzakirələr aparılan məqamda Fillipinin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərində İŞİD tərəfdarlarının üsyanı baş verdi. Müsəlmanların çoxluq təşkil etdiyi şəhərdə nəzarəti asanlıqla ələ alan "Əbu Səyyaf" və "Maute" qruplaşmaları İŞİD-in Cənub-Şərqi Asiyadakı əsas qanadı sayılır. Döyüşlərdə hökumət qüvvələrinə qarşı yerli radikallarla yanaşı, qonşu Malaziya, İndoneziya və uzaq Səudiyyə Ərəbistanı, Pakistan. Yəmən və hətta Çeçenistandan döyüşçülər də qatılıb. Son məlumatlar 100-ə yaxın terrorçunun və 21 hökumət hərbçisinin öldüyünü göstərir. Maravinin 90%-i İŞİD-in bayrağını qəbul etmiş qruplaşmalardan azad edən Fillipin qoşunları yaxın günlərdə əməliyyatı tam yekunlaşdırmaq istəyirlər.
Əksər beynəlxalq ekspertlər İŞİD-in Suriya və İraqa alternativ kimi məhz Cənub-Şərqi Asiya regionunu seçdiyini və Fillipində baş verənlərin bunun ilk qaranquşu olduğunu deyirlər. Doğurdan da, 600 milyon sakinini 40%-ni müsəlmanlar təşkil edən 17,5 min müxtəlif ölçülü adalardan yalnız 6 minində yaşayışın olduğu sıx tropik meşələrlə örtülü region İŞİD üçün yeni istinadgah ola bilər.
Son illər Suriya və İraqda döyüşlərə qatılan yerli sakinlərin öz ölkələrində güclü terror şəbəkəsi qurduğu və xaricdən dəstək aldıqları müəyyən olunub. ABŞ kəşfiyyatı İŞİD-in Əfqanıstan və Liviya ilə müqayisədə məhz Fillipin, Malaziya və İndoneziyada daha effektiv və təhlükəli ola biləcəyini düşünür. Bu isə Suriya və İraqda yekunlaşmaqda olan Xilafət nağılının Cənub-Şərqi Asiyada özünə yeni səhifə açacağı anlamına gəlir.