İranda terror dəhşəti Dünya

İranda terror dəhşəti

İŞİD qruplaşmasının İran parlamenti və Xomeyni məqbərəsində törətdiyi hücumlarda 12 nəfər öldürülüb, 40-a yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İran rəsmiləri Məclisə qadın paltarında hücum etmiş 4 terrorçudan birinin özünü partlatdığını, 3-nün atışma zamanı öldürüldüyünü, Xomeyni məqbərəsinə hücum edən 3 nəfərdən isə 1-nin öldüyünü və digər 2-sinin saxlanıldığını bəyan edib.
Məlumatlara görə, dünən səhər saat 10 radələrində 2 terrorçu qrup eyni vaxtda Tehranda hücum həyata keçirib. Aralarında 2 kamikadzenin olduğu birinci qrup Xomeynini məqbərəsinə daxil olmağa cəhd ediblər. Lakin təhlükəsizlik qüvvələri üzərində 6 qumbara olan kamikadzelərdən birini məhv edə bilib. Digər qadın kamikadze son anda üzərindəki partlayıcı qurğunu işə salsa da, heç kimə zərər bura bilməyib.
Qalan 2 silahlı isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Sayları 4 nəfər olan ikinci qrup isə parlament binasına daxil olmaq istəyib. Terrorçulardan 2-si hadisə yerində məhv edilsə də, binaya daxil olan digər 2 terrorçu 5 və 6-cı mərtəbələr arasında barrikada qurublar və bir neçə nəfəri girov götürüblər. Təxminən 1 saat sonra onlardan 1-i özünü partladıb.
İranın Təhlükəsizlik Nazirliyinin terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib.
İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari isə bildirib ki, İran parlamentinə silahlı hücum edən şəxslər qadın geymində olublar: "Son illər, terrorçu və təkfirçi qruplar bir neçə dəfə ölkənin siyasi atmosferini pozmağa çalışıblar. Son bir-iki ildə isə ölkənin milli təhlükəsizliyini pozmaq cəhdi ilə ölkəyə daxil olan onlarla terrorçu dəstə və onların üzvləri təhlükəsizlik qüvvələrimiz tərəfindən aşkarlanaraq yaxalanıb. Terrorçular, adi vətəndaşların şəxsi problemləri ilə əlaqədar deputatlarla görüşməsi üçün nəzərdə tutulmuş ümumi qapıdan parlament həyətinə daxil ola biliblər. Onlar hücum zamanı qadın geymində olublar".
İranda törədilən terror aktlarını şərh edərkən politoloq Elxan Şahinoğlu bunun İŞİD-in dəst-xəttidi olduğunu bildirib. Politoloqun qənaətinə görə, İŞİD ona qarşı savaşan bütün ölkələri hədəf alıb. Suriya ərazisində real olaraq 3 dövlətin silahlı qüvvəsi mövcuddur: Türkiyə, Rusiya və İran.
Bu 3 ölkə İŞİD-in mövqelərini bombalayır, Əsəd ordusuna və ona müxalif olan qüvvələrə dəstək verirlər ki, onlar terrorçulara qarşı effektiv mübarizə aparsınlar. İŞİD cavab aksiyası kimi 3 dövlətin ikisində - Türkiyə və Rusiyada terror aksiyaları törətmişdi, qalmışdı bircə İran, ona da əli çatdı. İŞİD-in məqsədi İranı daxildən qarışdırmaqdır. Bundan sonra nə baş verə bilər?".
Elxan Şahinoğlu İranın iki yolunun olduğunu qeyd edib: "Birinci yol ölkədə təhlükəsizlik tədbirlərini gücləndirərək, Suriya və İraqda İŞİD-lə mübarizədə yerli qüvvələrə dəstəyi artırmaqdır. İkinci yol İranda hakimiyyətə müxaif olan və fərqli düşünən bütün qüvvələrə qarşı "terrora dəstək" adı altında təzyiqləri gücləndirmək, ölüm hökmlərinin sayını artırmaqdır.
İkinci yol İrana yaxşı heç nə vəd etmir, əksinə İŞİD-in mövqelərini gücləndirəcək. Aydındır ki, İran nə liberal baxışlı Böyük Britaniya, nə də Fransadır ki, terrorla üzləşdikdən sonra "azadlıqların təminatı yoxsa sabitlik" dillemması qarşısında qalsın.
Tehran şübhəsiz sabitlik naminə olan-qalan azadlıqları da məhdudlaşdıracaq. Ancaq bu, İranın daxili problemlərini bir az daha artıracaq. İŞİD-ə də elə bunu istəyir".
Politoloq bildirib ki, terror Azərbaycanın qonşuluğuna çatıb: "Azərbaycan İŞİD-ə qarşı birbaşa mübarizədə iştirak etmir. Ancaq Azərbaycan beynəlxalq terrorçulara qarşı savaşda sivil dünyanın yanındadır. Digər tərəfdən, İŞİD sıralarında Suriya və İraqdakı savaşlarda nə qədər azərbaycanlının sağ qalıb-qalmadığı bəlli deyil. Bu amilləri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirməyə ehtiyac var. Hər hansı azərbaycanlının Suriya və İraqdan xüsusi tapşırıqla Azərbaycana gəlməsi porblematikdir, sərhəddə nəzarət gücləndirilib, adlar da bəllidir.
Ancaq onlara ölkə daxilində rəğbət bəsləyənlər də var. Onların da xüsusi nəzarət altına altında saxlanması vacibdir".
"Novaya Rossiya" hərəkatının lideri, politoloq, ictimai xadim Nikita İsayevin qənaətinə görə isə, İrandakı terror aktları regionda gərginliyi artıracaq: "İran region üçün çox vacib dövlətdir: "İran təkcə Yaxın Şərq üçün yox, həm də Qafqaz regionu üçün çox vacibdir. Təbii ki, İrandakı terror təhlükəsi bu regiondakı stabilliyi də təhdid altında qoyur".
Ekspert hesab edir ki, İranda terror fəaliyyəti güclənəcək: "Öz növbəsində İran bu fəaliyyətə cavab verəcək, bu isə region üçün kifayət qədər təhlükəlidir".
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Tədqiqatı Mərkəzinin elmi işçisi Stanislav Pritçin deyib ki, İranda baş vermiş faciəvi hadisələr ABŞ prezidenti Donald Trampın İranın bütün dünyaya terror təhlükəsi daşıdığını bildirən sözlərinin əsassız olduğunu sübuta yetirir.
Onun sözlərinə görə, bu gün İran həm terrorçuluq baxımından, həm də Yaxın Şərqdə davam edən qlobal qarşıdurma ilə əlaqədar təhlükəli vəziyyətdədir.