İrandan Türkiyəyə sürpriz “PKK“ təklifi Dünya

İrandan Türkiyəyə sürpriz “PKK“ təklifi

İranın Baş Qərargah rəisi general Məhəmməd Bakırinin Ankaraya 3 günlük səfərinin pərdə arxası üzə çıxıb. İranlı general türk həmkarına PKK-ya qarşı birgə əməliyyat təklifi verib.
Təklif Türkiyə üçün sürpriz olub. Çünki rəsmi Tehranın PKK ilə 1996-cı ildən bu yana açıq şəkildə olmasa da, üstü-örtülü əlaqələri var idi. Ankaranın narahatlığına baxmayaraq, Tehran PKK məsələsində ciddi işlər görməkdən boyun qaçırırdı.
Bu dəfə isə vəziyyət tamamilə fərqlidir. Amerika Birləşmiş Ştatlarının PKK-nı bölgədə özünə partnyor seçməsi, terrorçulara ağır silahlar göndərməsi İranı təcili hərəkətə keçirib. Çünki Tehran həmin Amerika silahlarının bir gün İrana da tuşlana biləcəyindən çəkinir.
İranlı general Bakıri Türkiyənin Baş Qərargah rəisi Hulusi Akara əməliyyat planını da təqdim edib. Həmin plana əsasən, iki ölkənin quru və hava qoşunları 9 istiqamətdən PKK-nın İraqın şimalındakı mövqelərinə hücum edəcək. Türkiyə təklifi müsbət qarşılayıb.