Bərzaniyə qarşı həlqə daralır Dünya

Bərzaniyə qarşı həlqə daralır

Türkiyənin səsləndirdiyi bəyanatların hamısını həyata keçəcəyini deyə bilmərik.
Politoloq Tofiq Abbasov belə deyib. O bildirib ki, bölgə dövlətləri İraq Kürd Muxtariyyətinin müstəqillini elan etdiyi təqdirdə blokadaya alacaqları ilə bağlı çıxışlar edir: "Hazırda kürd icması daxilində də münasibətlərin sağlam olduğunu deyə bilmərik . Məsud Bərzani referendum təşəbbüsünü öz əlinə almaqla ilk növbədə İraqın keçmiş prezidenti Cəlal Təlabani ilə münasibətlərini korladı. Cəlal Talabaninin lideri olduğu Kürdüstan Vətənpərvərlər Birliyi ilə İraqdakı kürd siyasi hərəkatlarından biri olan "Goran" hərəkatı arasında Bərzaniyə qarşı bir ittifaq qurulub. Kürd icması daxilində də 3 qrup arasında gərgin mübarizə getməkdədir. Yerli qüvvələr Məsud Bərzanini böyük maliyyə dalğalarını mənimsəməkdə günahlandırır. Belə mürəkkəb vəziyyətdə bir çox məsələlərin həlli ətraf dövlətlərin mövqeyindən, onların ab-havasından asılı olacaq. Bu bölgədə hazırda bir çox dövlətlərin maraqları üst-üstə düşür. Sərhədlərin toxunulmazlığı məsələsi İranın, Türkiyənin, Suriyanın, İraqın maraqlarını ciddi şəkildə sarsıdır".
Politoloq qeyd edib ki, hələ Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dönəmdə Türkiyə Kürd Muxtariyyəti ilə sıx əlaqələr qurmuşdu:
"Həmin dövrdə Türkiyə maliyyə axınını bu bölgəyə yönəltdi. Həmin bölgədə Türkiyənin də səyləri nəticəsində dirçəlmə prosesi başladı. Eyni zamanda, ABŞ-ın İraqa 15 il əvvəlki hücumundan sonra amerikalılar və kürdlər arasında da münasibətlər yaxşılığa doğru inkişaf edirdi. Yada salaq ki, Səddam Hüseyn rejimini devirmək üçün ABŞ kürdlərin fəaliyyətindən istifadə etmişdi. Həmin müharibədən sonra bölgədə olan hərbi texnikanın böyük bir hissəsi İraq Kürdüstanına həm hədiyyə olundu, həm də ucuz qiymətə satıldı. Aydın məsələdir ki, beynəlxalq dairələrin, o cümlədən ABŞ-ın ordakı korpusu, Türkiyənin məqsədi həmin bölgədə canlanma yaradaraq, öz xeyirlərini götürmək idi. Ancaq sonra baş verən proseslər təhlükəli çalarla müşayiət olundu".
Tofiq Abbasov vurğulayıb ki, müstəqil kürd dövlətinin yaranması ilə bağlı iddialar bölgədə vəziyyəti mürəkkəbləşdirib: "Müstəqil Kürdüstan dövlətinin yaradılması iddiaları İranın, Türkiyənin, Suriyanın, İraqın sərhədlərinin toxunulmazlığı məsələsində problemlər yaradır. Bu, eyni zamanda, müstəqil İraq dövlətinin ərazisinin parçalanması deməkdir. Hazırda İraq, İran, Türkiyə, ABŞ, Rusiya referendumla bağlı mənfi münasibət bildirib. Beynəlxalq aləmdə çox böyük xaos yaranmaqdadır. Artıq İranın qərbində İraqla sərhəd bölgəsi boyunca hərbi manevrlər gedir. İraq bölgəyə qoşun yeridəcəyi ilə bağlı bəyanatlar verir. Türkiyənin də həmin bölgəyə qoşun yeridəcəyi ehtimallar arasındadır. Ola bilsin ki, Suriya məsələsində Türkiyə-İran-Rusiya arasında olan müttəfiqlik bu ərazidəki problemin həllində də davam etdirilsin. Hazırda bu üçlük arasında strateji olmasa da, taktiki əməkdaşlıq mövcuddur".