Şimali Qafqaz Rusiyadan ayrıla bilər? Dünya

Şimali Qafqaz Rusiyadan ayrıla bilər?

Jirinovski Şimali Qafqazda separatçılıq meyillərinin artdığını və 2025-2030-cu illərdə Şimali Qafqazın Rusiyadan ayrılacağını söyləyib. Jirinovskinin çıxışında iki amil - türkçülük və din amilinin Şimali Qafqazda separatizmə rəvac verəcəyi qeyd olunur. O, həm də Şimali Qafqaza kifayət qədər maliyyə dəstəyinin olduğunu bildirib. Ümumiyyətlə, Şimali Qafqazın Rusiyanın tərkibindən çıxma ehtimalı varmı? Bu proses baş tutsa, bölgədə yeni müharibə ocaqları yarana bilərmi?
Məsələ ilə bağlı politoloq Nəzakət Məmmədova bildirib ki, dünya tarixi, xüsusən də son illərdə ayrı-ayrı bölgələrdə intensivləşən separatizm halları onu göstərir ki, ərazisində başqa xalqların yaşadığı multietnik dövlətlərin heç biri separatizm təhlükəsindən sığortalanmayıb. Müəyyən səbəblərdən etnik, dini qruplar tərkibində olduqları dövlətdən ayrılaraq ya müstəqil olmaq, ya da başqa dövlətə birləşmək istəyirlər. Bu proses isə bir qayda olaraq qarşıdurma, hətta vətəndaş müharibəsi ilə nəticələnir. Konkret olaraq, Rusiya özü ötən onilliklərdə Çeçen müharibələrinin timsalında bu halla üzləşib. Şimali Qafqaz isə Rusiyanın həssas, separatizm ocaqlarından biri kimi qalır. Hətta Rusiya paytaxtında və digər böyük şəhərlərində törədilən terror aktlarının burada hazırlandığı qeyd olunub: "Burada bir neçə səbəb var: Şimali Qafqaz Rusiyaya könüllü birləşməyib, dağlılarla çar ordusu arasında uzun illər müharibədən sonra ərazilər zorla Rusiyaya tabe etdirilib, din, dil, mədəniyyət baxımından tamamilə fərqli xalqlardır. Regiona müəyyən xarici təsirlərin olması istisna edilmir. Gələcəkdə regionda separatizm meyillərinin daha da güclənməsi ehtimalı isə bir neçə səbəbdən həm güclənə, həm də əksinə, getdikcə zəifləyə bilər. Yəni bu, separatizmi alovlandıran bir çox amillərin olmasından asılıdır. Həmin dövrdə Rusiyanın nə qədər güclü, beynəlxalq siyasətdə və daxildə nüfuzunun hansı dərəcədə olması buna birbaşa təsir edəcəkdir. Çünki separatizm adətən bir dövlət zəifləyən zaman daha çox özünü büruzə verir, daxili və xarici qüvvələr ölkənin zəifləməsindən istifadə edərək onu parçalamağa, separatçı qüvvələr ondan ayrılmağa çalışır".
Politoloq Rusiyanın bu prosesin qarşısını necə ala biləcəyinə də toxunub: "Rusiya öz qüdrətini artırarsa - Putin indi buna çalışır - o zaman Şimali Qafqazda separatizm olsa belə, yerindəcə boğulacaqdır. Yox, sanksiyalar və başqa vasitələrlə Rusiyanın zəiflədilməsi davam etdirilərsə, o zaman nəinki Şimali Qafqaz, hətta başqa bölgələrdə də mərkəzdənqaçma halları baş verə bilər. Lakin nə olursa-olsun, separatizm hər bir çoxetnoslu ölkə kimi, Rusiyanın da başının üstündə bir "Domokl qılıncı" kimi qalır. SSRİ-nin parçalanması necə etnik münaqişələrdən başladısa, Rusiyanın da eyni yollarla parçalanması baş verə bilər".
Politoloq Jirinovskinin arqumentləri ilə razılaşmağın qeyri-mümkünlüyünü bildirib: "Çünki o, burada Türkiyənin separatizmi maliyyələşdirdiyini qeyd edir və s. Əvvəla, bu inandırıcı deyil. Rusiyada əsasən FETÖ tərəfdarları müəyyən fəaliyyətlə məşğul olurdular və sonra Rusiya bunun qarşısını aldı. Yəni, Türkiyənin özünün də əməllərindən zərər gördüyü, xaricdən idarə olunan bir təşkilatın fəaliyyətini Türkiyə dövlətinin adına yazmaq doğru deyil. Türkiyənin Rusiyada separatçılığı dəstəkləməsi həm də ona görə mümkün deyil ki, hazırda bu ölkə həm öz daxilindəki separatizmlə mübarizə aparır, eyni zamanda, Yaxın Şərqdə gedən proseslərə bilavasitə cəlb olunub və bütün gücünü onun qarşısını almaq üçün səfərbər edib. Türkiyənin əsas problemi Yaxın Şərqdəki proseslərdən ərazi itkisinə məruz qalmadan, zərərsiz çıxmaqdır. Eyni zamanda, proseslərin öz milli maraqlarına uyğun şəkildə istiqamətlənməsi də əlbəttə ki, onun maraqları çərçivəsindədir. Hazırda Türkiyə və Rusiya çox yaxın tərəfdaşlıq münasibətləri qurublar. Rusiyanın zəifləməsi və parçalanması Türkiyənin maraqlarına cavab vermir. Əksinə, o, Avrasiyada Rusiya kimi bir taktiki müttəfiqinin və strateji tərəfdaşının olmasını daha çox istəyir".