Rusiya ABŞ-ı təhrik etdi: sürətli silahlanma... Dünya

Rusiya ABŞ-ı təhrik etdi: sürətli silahlanma...

Rusiya və ABŞ həm söz duelində, həm də təmas nöqtələrində qoşunların sürətlə yerləşdirilməsi prosesində aktiv fəaliyyət göstərir. Bu nöqteyi-nəzərdən həm ABŞ-ın, həm də Rusiyanın hazırlıqlarını dünyada sülhün və əmin-amanlığın qorunması üçün kifayət qədər təhlükəli hesab etmək olar.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli dünən Putinin ABŞ-ın təhriki səbəbindən Rusiyanın nüvə potensialını inkişaf etdiriləcəyi barədə bəyanatını şərh edərkən deyib. O bildirib ki, burada hər iki tərəfi, xüsusilə də Rusiyanı günahlandırmaq olar:
"Çünki Rusiya "İsgəndər" tipli, orta mənzilli, nüvə başlıqları daşıya bilən raketləri çoxdandır ki, Kalininqradda, Belarusiyanın bir çox ərazilərində və Ukraynanın Donetsk vilayətində yerləşdirib. Bu "İsgəndər"lərlə çox asanlıqla Avropanın əhəmiyyətli nöqtələrini vurmaq olar. Həmçinin, Rusiya bundan əvvəl orta mənzilli qanadlı raketlərə dair ABŞ-la sazişdən çıxacağını bəyan etmişdi. Bu zaman Rusiya ABŞ-ın onsuz da bu sazişə əməl etmədiyini bəhanə gətirmişdi. Bu gün dünya mətbuatında, eləcə də başqa kəşfiyyat məlumatlarında Rusiyanın təxminən iki ay bundan öncə Belarusda keçirdiyi hərbi təlimlərdə Avropaya hücumun modelləşdirilməsini aparması ilə bağlı məlumatlar yayılır. Doğrudur, Rusiya-Belarus arasında olan müqaviləsiyə əsasən, Belarusda belə təlimlər iki ildən bir keçirilir. Amma indiyə qədər bu qədər çox əsgərin iştirak etdiyi təlim hələ müşahidə edilməmişdi. Bu təlimdə iştirak edən qoşunların tərkibində Avropada hibrid müharibə modelini həyata keçirən xüsusi təyinatlılar daha çox seçilib və bu əməliyyat prosesində daha çox gözə dəyib. Rusiya bu iddiaları hər vasitə ilə rədd etmişdi. Ancaq həmin təlimdən sonra ABŞ orta mənzilli nüvə raketlərinin istehsalına başlamaq qərarı verdi və hazırda bunu həyata keçirir. Həmin raketlərin artıq Şimal dənizində, Baltik dənizində, Qara dənizdə xüsusi sualtı qayıqlarda yerləşdirilməsi prosesi başlayıb. Bundan başqa, Rumıniya və Polşa ərazisində də buna bənzər həm hava hücumundan müdafiə sistemləri, həm də raket qoşunları yerləşdirilir. ABŞ bunu müttəfiqlərini potensial hücumdan qorumaq məqsədi ilə etdiyini bildirir".
Politoloq qeyd edib ki, artıq hər iki tərəfdən sürətlə silahlanmaya və müxtəlif döyüş qoşunu növlərinin az qala sərhədə yaxın ərazilərdə yerləşdirilməsinə start verilib:
"ABŞ bunu NATO-nun hazırlığı kimi təqdim edir. Rusiya bu məsələdə kifayət qədər qızışdırıcı rol oynadı və Amerikanın belə bir addım atmasına şərait yaratdı. Baltik dənizindən tutmuş Qara dənizə qədər olan ərazidə kütləvi silahlanma, yaxud da NATO qoşunlarının kütləvi surətdə yerləşdirilməsi prosesi başlayıb. Bu, Avropanın silahsızlaşdırılması haqda imzalanmış sazişlərin ruhuna ziddir".