Yaxın Şərqdən Cənubi Qafqaza yeni təhlükə Dünya

Yaxın Şərqdən Cənubi Qafqaza yeni təhlükə

Yaxın Şərqdə gedən proseslər fərqli məcraya yönəlib. Regionda cərəyan edən hadisələrin Cənubi Qafqaza təhlükəsizlik baxımından mənfi təsiri ola bilər. Bu sözləri ekspert Sədrəddin Soltan deyib. Ekspert hesab edir ki, azərbaycanlıların Suriya və İraqda İŞİD kimi terror təşkilatları sıralarına qoşulması, sonradan geriyə, vətənə qayıtmaları perspektivdə ölkəmiz üçün təhlükə yarada bilər: "Bunun təkcə Azərbaycan yox, bütün bölgə üçün təhlükə olması istisna deyil. Məlumdur ki, İŞİD sıralarında Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyadan olan insanlar da döyüşür. Bu da regionun təhlükəsizliyi üçün əlavə qayğılar yarada bilər.
Digər yandan, Yaxın Şərqdə baş verənlərin bölgəyə qaçqınların üz tutmasına yol açması mümkündür. Suriyada cərəyan edən hadisələri dəstəkləyən qüvvələr bəllidir. Hələlik bu oyunda iştirak edən müxtəlif qüvvələr arasında ortaq mövqe tapılmayıb. Məsələn, Rusiya və ABŞ ayrı-ayrılıqda PKK və bu terror təşkilatının qolları olan PYD/YPG-ni dəstəkləyir. Həmin təşkilatlar isə Türkiyənin təhlükəsizliyini təhdid edirlər.
Türkiyə də ABŞ-la birlikdə Bəşər Əsəd rejiminin hakimiyyətdən getməsinə çalışır. İran və Rusiya buna əks mövqe sərgiləyir. Bu qarışıq mənzərə Cənubi Qafqazda yerləşən dövlətlərin perspektivdə tutacaqları mövqeyə təsir göstərir. Məsələn, Gürcüstan Avropa İttifaqı ilə assosiativ saziş imzaladığına görə daha çox Qərbin mövqeyindən çıxış edir. Ermənistan isə Rusiyanın yanındadır".
Sədrəddin Soltan Suriya məsələsində Azərbaycanın mövqeyinə də münasibət bildirib: "Azərbaycan Suriya məsələsində Türkiyə ilə ortaq mövqedən çıxış edir. Bu baxımdan, Suriyada baş verən proseslər bölgəyə təsir göstərə bilər. Azərbaycan və Suriya arasında böyük iqtisadi və ticarət əlaqəsi yoxdur ki, bu ölkədə baş verənlər münasibətlərimizə təsir göstərsin. Eyni zamanda, Suriya bizim strateji tərəfdaşımız da deyil. Amma Azərbaycan Suriyadakı türkmənlərin taleyinə laqeyd qala bilmir".
Ekspert bölgədə gedən proseslərin ortaya çıxaracağı nəticələr və böyük siyasi qüvvələrin hədəfləri barədə suala da cavab verib: "Yaxın Şərqdə insan haqları, qadın hüquqları və digər sahələrdə demokratik islahatlar həyata keçirilməliydi. Region dövlətləri buna razılıq vermişdilər. Lakin baş verən inqilabi proseslər buna mane oldu. Məsələn, Hüsnü Mübarəkin Misirdə hakimiyyətə gəlməsi buna əngəllər yaratdı. Bu səbəbdən onu devirdilər. Suriyada isə Hafiz Əsədin dönəmində belə bir gözlənti vardı.
Bəşər Əsədin hakimiyyətə gəlişindən sonra Suriyanın tamamilə Rusiyanın təsir dairəsinə girməsi proqnozları doğrultmadı. Yəməndə şiə husilərin İran tərəfindən dəstəklənməsi də buna mane oldu. Son aylarda Səudiyyə Ərəbistanında dini sahədə həyata keçirilən islahatlar "Böyük Yaxın Şərq proyekti"nin tərkib hissəsidir. Regionun digər dövləti olan Mərakeşdə də bir sıra İranyönümlü qüvvələr fəaliyyət göstərir. Yaxın günlərdə Mərakeş İranla diplomatik əlaqələrini kəsdiyini bəyan etdi. Lakin Mərakeşdə hadisələr yarımçıq qalıb. Pakistan isə "Taliban"a yer verməkdə ittiham edilir".