“Türkdilli dövlətlər Azərbaycanla əməkdaşlığa yüksək qiymət verirlər” Dünya

“Türkdilli dövlətlər Azərbaycanla əməkdaşlığa yüksək qiymət verirlər”

"Dünyada dil faktoru ilə yaranan üç beynəlxalq təşkilat (ingilisdilli, fransızdilli və türkdilli) var. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) bu gün özünü beynəlxalq aləmdə təsdiqləmiş çox nüfuzlu bir təşkilata çevrilib. İlk növbədə türkdilli dövlətlərin siyasi, iqtisadi əməkdaşlığını, beynəlxalq birlikdə fəaliyyət göstərmək məramını və həmçinin rastlaşdıqları problemlərin həllinə həmrəylik dəstəyi nümayiş etdirmək bu gün təşkilatın ümdə vəzifəsidir". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, ötən müddət ərzində təşkilat özünü tamamilə elan etdiyi prinsiplərə uyğunluğunu təsdiq edə bilib: "Azərbaycan bu təşkilatın fəaliyyətində yaxından iştirak edir. Həm çoxtərəfli əməkdaşlıq, həm də təşkilat daxili ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətində bu gün əhəmiyyətli rol oynayır. Təsadüfi deyil ki, türkdilli dövlətlər Azərbaycanla əməkdaşlığa yüksək qiymət verirlər. Bu dəfəki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI sammiti ilk növbədə təşkilatın sıralarının genişlənməsi ilə yadda qaldı. İlk dəfə olaraq Özbəkistan və Macarıstan müşahidəçi statusunda bu yüksək tədbirdə iştirak etdilər. Gələcəkdə isə onların artıq Şuraya üzv olması gözlənilir. Həmçinin Rusiyanın Tatarıstan prezidenti ilə təmsil olunması da Rusiyanın bu təşkilata böyük diqqət etdiyini və bu təşkilatla tamam yeni bir əlaqələr sistemi qurmaq istədiyini göstərir. Azərbaycan üçün bu təşkilatda üzvülük və fəaliyyət olduqca önəmlidir. Bu ilk növbədə türkdilli dövlətlərin birliyinin yaranması, əməkdaşlığın həyata keçirilməsi, beynəlxalq birlikdə fəaliyyət göstərməyin unikal bir imkanıdır. İkincisi, isə bu cür görüşlər əlbəttə ki, siyasi, iqtisadi, hərbi texniki, eyni zamanda hümanitar sahədə əməkdaşlığın yeni formalarını tapmağa kömək edir. Əlbəttə Azərbaycan üçün vacib olan məsələlərdən biri onun Dağlıq Qarabağ probleminin bir daha dost ölkələrin nəzərinə çatdırılmasıdır. Sevindiricidir ki, türkdilli dövlətlər birmənalı şəkildə bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edirlər və Ermənistanın işğalını pisləyirlər. Bu sammit təşkilatın tarixində çox əhəmiyyətli qərarlardır və təşkilatın nüfuzunun daha da artması tədbiri kimi yadda qalacaq".