Putin özünü düşmən Qərbin əhatəsindəki qalanın komandanı kimi səciyyələndirir Dünya

Putin özünü düşmən Qərbin əhatəsindəki qalanın komandanı kimi səciyyələndirir

Milyonlarla insan Kerç boğazında Rusiya sahil mühafizəsi gəmisinin Ukrayna gəmisini "yedəyinə alması"na dair videonu izləyib. Bəzi ruslar üçün bu güc nümayişi, şübhəsiz, prezident Vladimir Putinə görə qürur hissi yaradır. Amma çox sayda rusda həmin görüntülər Ukraynada tam miqyaslı müharibə perspektivi baxımından qorxu hissi doğurur. Çünki əksər valideynlər 18 yaşlı uşaqlarını döyüşə göndərmək istəmir.
"Strateq" "Project Syndicate"ye istinadən yazır ki, Rusiyanın hücuma məruz qaldığına dair iddialar uzun müddətdir ki, Kremlin təbliğatında ana xətti təşkil edir. Putin özünü – hərbi, iqtisadi cəhətdən, hətta beynəlxalq idman sahəsində – düşmən Qərbin əhatəsindəki qalanın komandanı kimi səciyyələndirir. 2012-ci ildə Putinin üçüncü prezidentlik dövründən başlayan bu təbliğat modeli 2014-cü ildə Krımın ilhaqı ilə daha da möhkəmlənib. İndiyə qədər heç bir güzəşt olmayıb və Putinin mühasirə strategiyası siyasi dividentlər verməyə davam edir.
Krımın ilhaqından əvvəl onun etimad reytinqi aşağı düşməyə başlamışdı, sonra 80%-dən çox artıb. Lakin yaydan bəri Putinin etimad reytinqi oktyabr və noyabr aylarına qədər 66%-ə enib. Çünki Rusiyanın beynəlxalq səviyyədə "yenidən qüdrətlənməsi" ilə bərabər, yaşayış səviyyəsi də yüksəltməli idi. Bunun əvəzinə, son dörd ildə real gəlirlərin enişi, ardınca hökumətin pensiya yaşını artırması baş verib.
Rusların iqtisadi şikayətlərinə cavabvermə asan olmayacaq. Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı ciddi çətinliklə qarşılaşıb. Daha vacib olan budur ki, ölkənin dövlət-kapitalist modeli zəif rəqabətə və özəl sərmayə ilə sahibkarlığın stimullaşdırılmasında eniş yaşayır. İctimai fikri çaşdırmaq üçün bir neçə variantı olan Putin, ehtimal ki, ruslara hücum altında olduqlarının xatırladılmasını düşünüb (Ukraynanın prezidenti Petro Poroşenko da mart ayında keçiriləcək seçkilər ərəfəsində qabaqcadan əlverişsiz etimad reytinqlərini yüksəltməkdən ötrü gərginlikdən faydalana bilər).
Aydındır ki, Ukrayna Rusiyaya hücum etməyəcək. Ukrayna hərbi donanmasının gəmiləri Kerç boğazı və Azov dənizinə çıxış imkanlarını tənzimləyən 2003-cü ilin ikitərəfli müqaviləsinə tam müvafiq hərəkət edib. Lakin gəmilərin Rusiya sularına qanunsuz yola çıxdığını iddia edərək, Putin "mühasirə bayatısı"na yeni ahəng verməyə ümid bəsləyir, buna görə də, uzun zamandır təşviq etdiyi bəsit vətənpərvərliyi ruhlandırır.
Bu təxribatlar hətta silahlı qarşıdurma doğura bilər. Ancaq Putin, ehtimal ki, ictimai fikrin diqqətini Rusiyanın hərbi-sənaye kompleksinə və yeni silahların yaradılmasına daha çox yönəldəcək, keçmiş şöhrətinə, xüsusilə də həmişə dadına çatan İkinci Dünya müharibəsinin mifoloji versiyasına istinad edəcək.
Məsələn, Putinin bir neçə xüsusiyyətini paylaşdığı Stalinə pərəstiş. Məhz bu, bir çox rusların repressiyaları qəbul etməsinin məntiqli izahıdır. Yanvarın 29-da Sankt-Peterburqda Leninqrad blokadasının ildönümü ilə bağlı planlaşdırılan böyük hərbi parad vətənpərvərlik ruhuna ilham verə bilər, lakin o, şübhəsiz, şəhərin aclıq çəkmiş əhalisinin real dramını əks etdirməyəcək.
Putinin millətçi çağırışları bu dəfə ictimaiyyəti səfərbər etmək üçün kifayət deyil, çünki ruslar arasında Ukraynaya bağlı olan Qərbə qarşı düşmənçilik duyğusu indi zəifdir. Bu mənada yanvar ayında Novqorodda planlaşdırılan başqa bir anım tədbiri tarixi həqiqəti əks etdirə bilər. Novqorodda 1944-cü ilin iyul ayında 57 min alman əsirinin Moskva küçələrindən keçidi canlandırılacaq. O zamanlar Stalinin məqsədi almanları alçaltmaq və moskvalılarda düşmənə qarşı nifrət yaratmaq idi. Lakin bir çox ruslar əsirlərə rəhm edib, bəziləri isə hətta onlara çörək paylayıb.
"Levada" Mərkəzinin sosioloqları bu yaxınlarda 20 yaşlı rusiyalılardan başqa bir ölkəni nümunə kimi göstərməyi xahiş etdikdə, gənclərin çoxu Almaniyanı, sonra isə Çini və Putinin "ən sevimli" düşməni – Birləşmiş Ştatları seçiblər. Bu gənclər Rusiyanın böyüklüyünü dəstəkləyərkən, onu yalnız hərbi deyil, iqtisadi və sosial tərəqqi cəhətdən böyüklüyünü arzuladığını dilə gətiriblər.
Putinin xarici siyasət qambitləri getdikcə daha çox şübhə doğurur. Bir çox rusiyalı Suriyaya bu qədər resursun niyə sərf edildiyini anlamır, çünki evdə kəskin problemlər var. Sovet İttifaqının II Dünya Müharibəsində qələbəsinə istinadən "biz bunu təkrar edə bilərik" şüarı Rusiyada məşhurdur. Amma həqiqət budur ki, biz bunu edə bilmirik. Bizim təkcə resurslarımızın itirilməsini deyil, həm də gənclərimizin başqa ölkənin gəncləri ilə müharibədə ölməsini istəmirik. Həqiqətən, ruslar 27 milyon insanı öldürən müharibənin təkrarlanmasına qarşıdır.