Əlil müsəlman xristian dünyasına dərs verdi Dünya

Əlil müsəlman xristian dünyasına dərs verdi

"Arvadımı öldürən terrorçunu bağışlayıram"

Silahlı adam əl-Nur məscidinə soxulub hara gəldi atış açmağa başlayanda Husna Əhmədin bircə niyyəti var idi – qadın və uşaqları xilas etmək. O, bir dəstə adamı yan qapıdan güllələrdən uzağa apararaq qışqırırdı: "Uşaqlarınızı götürüb bura gəlin!" "Strateq" Nzherald.co.nz-a (Yeni Zelandiya) istinadən yazır ki, qadın onların güvəndə olduqlarına əmin olaraq içəri qayıdır ki, əlil arabasına məhkum olmuş ərinə yardım etsin.
Fərid Əhmədi altı il qabaq sərxoş sürücü vurmuş və o, iflic olmuşdu. Husna bilirdi ki, əri terrorçudan qaça bilməyəcək və var gücüylə ərinə çataraq qurtulmaqda ona kömək etmək istəyirdi. O, məscidə qayıdan kimi qətlə yetirildi. Fərid düşünürdü ki, məhz özü həlak olacaq.
O deyir: "Dəhşətli mənzərəydi… qan görürdüm, yaralıları və cəsədləri görürdüm, adamları çaxnaşma içində görürdüm. Onlar qurtulmaq cəhdiylə bir-birlərini itələyirdilər. Fikrə getmişdim ki, necə qurtula bilərəm. Özümü yığışdırdım, özümə sakitləşmək əmri verdim. Təlaşa düşməyin mənası yoxdu, nə olacaqsa, o olacaq".
Fərid yan otaqdaydı və atıcını görə bilmirdi, dalbadal atəş və dəhşət bağırtısı eşidirdi. Pəncərələr sınmışdı və adamlar oradan çıxmağa başlamışdılar. Fərid qorxmuş kütlənin arasında boşalan keçiddən çıxmaq imkanı gördü. "Mən riskə getdim və daldan başıma hər an atəş açılacağını gözləyərək yavaş-yavaş irəli hərəkət etdim. Ehtiyatla küçəyə çıxdım… maşınım məscidin dalında saxlanmışdı, onun dalına keçdim və orada qalmağı kəsdirdim".
Fərid sığındığı yerdən qadın və uşaqların çıxmalı olduqları qapıya göz qoyurdu. Heç kim görünmürdü, amma o, əmin idi ki, arvadı onları çıxarardı. Təsəvvür etmirdi ki, o, artıq ölüdür. "Atıcını görmürdüm, amma onu eşidirdim… atəşin bir neçə saniyəliyə necə kəsildiyini, sonra yenidən başladığını eşitdim. Ehtimal ki, silahı təzədən doldururdu. Bunu, təxminən, yeddi dəfə elədi. O, sadəcə, atəş açmaqdaydı".
O biri möminlər yanından qaçışır, hasara dırmaşır, yardım istəyərək qonşu qapıları döyəcləyirdilər. "Bir-iki saat qabaq dostum zəng etmişdi. Ağlayır və deyirdi ki, "Səni orda gördüm, amma atıb getdim". Ona dedim ki, ağıllı hərəkət edib, axı mən əlil arabasındaydım və hasardan atıla bilməzdim. Ondan narahat olmamağı xahiş etdim. Hamı var gücüylə xilas olmağa çalışırdı, amma mən vahiməyə düşmürdüm".
Fərid, təxminən, on dəqiqədən sonra arxayınlaşdı ki, atəş qurtarıb. "Məndə hiss vardı ki, o, niyyətini yerinə yetirib". O və daha bir nəfər içəri qayıtmaq qərarına gəldilər. "Bəlkə də, bu, axmaq qərar idi, amma onda başqa cür hərəkət edə biməzdim. Mən qadınları … və öz arvadımı tapmaq istəyirdim. Biz içəri girəndə meyidləri gördüm. Aydındı ki, onlar qurtulmağa can atırmışlar – arxadan güllələmiş və üzüstə yerə düşmüşdülər. Biz əsas otağa girdik. Hər yerdə güllə vardı".
"Əliylə oğlunu tutmuş adamı gördüm… dəhşət idi". Fərid icmanın ağsaqqal üzvüdür, üç il boyu moizə edib, buna görə də, demək olar, hamını tanıyırdı – ölüləri, ölməkdə olanları, yaralıları. "Əlində oğlunu tutmuş adamı gördüm… dəhşət idi. "Lütfən, mənə kömək edin" bağıran adamı gördüm – onun üzərində iki cəsəd vardı. Məndən onları götürməyi xahiş edərək dedi: "Mən bunu edə bilmirəm".
Fərid otaqda daha irəliləyə bilməyib, çünki döşəmədəki cəsədlər onun hərəkət etməyinə mane olub. "Efiop məni səslədi və soruşdu: "Mənə yardım edə bilərsiniz? Nəfəs ala bilmirəm"… tezliklə öləcəyi bəlli olan adamın nəfəsinin necə gedib-gəldiyini gördüm".
"İki sağ adam gördüm –biri banqladeşliydi, onu tanıdım. Həmin axşam iki uşağını və hamilə arvadını alıb evə götürməliydi. Məni görüb dedi: "Mənim axırımdır"… Qan aparan fələstinli bir nəfəri gördüm. Orda xeyli meyid vardı…"
Hamı Fəriddən yardım diləyirdi, inanmaq istəyirdilər ki, yardım artıq yaxındadır – təcili yardım maşınının harada qaldığını soruşurdular. Onlara söz verib ki, tezliklə burada olacaqlar, inandırıb ki, hər şey yaxşı olacaq, onlar isə dözməli və tab gətirməlidirlər. "Sonra polis gəldi, məni ordan çıxartdı. Polislərdən biri məni qoruyur, o biri kömək edirdi". Fəridi küçənin başına, polis kordonunun arxasına aparıblar. O, bütün varlığıyla qadın və uçaqların harada olduğunu öyrənməyə çalışıb, amma yalnız oturub gözləyə bilib.
Tezliklə bir polis – arvadını yaxşı tanıyan dostu ona gəng edib. O, Fəridə deyib: "Məndə pis xəbərlər var, dost. Evə yollan, düşündüm ki, sənə xəbər verməliyəm". Kişi evə yollanmalı və xəbəri 15 yaşlı qızı Şifəyə çatdırmalı olub. Qızın məktəbi bağlıydı. O eşitmişdi ki, anası itkin düşüb, atası isə güvəndədir. Fərid göz yaşı axıdaraq deyir: "Qızım evə dönəndə ona hər şeyi nağıllamalı oldum. Ən pisi onun necə "Demək istəyirsən ki, daha mənim anam yoxdur?" söyləməyi idi".
"Mən cavab verdim: "Hə, amma indi ananı mən əvəz edəcəyəm və birlikdə bacararıq". Baş verənlərin hamısını ailəyə o vaxt bildirməliydim. Mən güclü olmaq və sınmamağı qərara aldım, yoxsa onlar da təslim olardılar". Onlara dedim ki, istəyirlərsə, ağlaya bilərlər, amma göz yaşına və duyğulara imkan verməyin, sizi sındırsın. Mən çox danışdım və nikbinliyi niyə saxlamalı olduqları haqda onlara çoxlu səbəb sadaladım". Fərid öz arvadıyla fəxr edirdi. Qadın həyatının böyük hissəsini icmada fədai işləmiş və məsciddə uşaqlara təlim keçmişdi. "O, həyatını verdi ki, başqalarını xilas etsin. Bu onun son işiydi".
Fərid Yeni Zelandiyaya 1988-də, Husna isə 1994-də gəlmişdi. Onlar qız Oklendə gəldiyi gün evlənmiş və həmin gün də Nelsona köçmüşdülər. Fəridin başına bədbəxt hadisə gələndən sonra Oklendə qayıtmalı olmuşdular. O, homeopatiya ilə məşğul olmağa başlamışdı. "Onun çox gözəl xasiyyəti vardı. Cazibədar, olduqca özəl idi. Və yaxşı anaydı. Onunla elə fəxr edirəm… milyonlarla adamın qəlbini fəth etmişdi. Qızıma dedim ki, bu xatirəylə yaşamalı və onun xatirinə xoşbəxt olmalıyıq".
Fərid, ən azı, əlli adamı həyatından edən bu "hazırlanmış" hücumdan hələ də sarsıntıdadır. Amma bunun onun həyatını alt-üst etməyinə yol verməmək qətiyyətiylə doludur. "Zamanı geri qaytarmaq olmaz, amma seçim etmək olar: üzülmək və əzab çəkmək, ya da bu sınağı ən yaxşı gələcəyə çevirmək. Qəzəbə yer olmamalıdır – o, heç nəyi düzəltməz, amma sevgi və qayğı sayəsində qəlbi qızdırmaq olar. Biz bu yolla getməliyik".
Fərid dedi ki, terrorçuya nifrət edə bilmir. Və nə qədər qəribə olsa da, ehtimal edilən atıcını bağışlayıb. "Məndən soruşdular ki, arvadımı öldürən adama necə münasibət bəsləyirəm? Və cavab verdim ki, onu sevirəm, axı o, insandır, mənə qardaşdır. Onun hərəkətini bəyənmirəm. O, səhv edib. Ola bilsin, həyatında nəsə baş verib. Amma məna bundadır ki, o mənə qardaşdır. Mən onu bağışladım və əminəm ki, arvadım sağ olsaydı, o da eyni şeyi edərdi. Mən kin saxlamıram".
Fərid deyir ki, yata bilmir, düşüncələri atıcıya qayıdır. "Düşündüm ki, onu qucaqlamaq, anasıyla görüşmək, qucaqlamaq və "Siz mənim xalamsınız" demək istəyərdim. Onun bacısı olsaydı, onu qucaqlamaq və bacılarımdan heç nəylə seçilmədiyini demək istəyərdim. Bəziləri məni dəli hesab edə bilər, amma mən bunu tam ürəkdən deyirəm. Mən ikiüzlülük etmirəm. İmkanım olsaydı, onu qucaqlardım". Fərid ümid edir ki, terrorçu – və onun əqidəsinə tərəfdar olanlar – baş verənlər haqda dərindən düşünəcək və öz həyatını dəyişəcək.
"Nə qədər sağsan, şansın var. Hər bir adamın iki üzü var – şər və insansevərlik. Qətl və kin əvəzinə insansevərliyi bəlirləmək gərəkdir. Bax, mən bunu çatdırmaq istəyirdim. Heç olmasa, bir nəfərin qəddarlığını alicənablığa döndərə bilsəm, şad olacağam".