İran və ABŞ Hörmüz boğazının açılması barədə razılığa gələ bilər Gündəm

İran və ABŞ Hörmüz boğazının açılması barədə razılığa gələ bilər

İran və Birləşmiş Ştatlar yaxın gələcəkdə kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi ilə bağlı razılığa gələ bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Gəmilərin Hörmüz boğazından təhlükəsiz tranzitinin təmin olunması yaxındır", — deyə telekanal diplomatın sözlərindən sitat gətirib.

Məlumata görə, hazırda Pakistanın vasitəçiliyi ilə keçirilən məsləhətləşmələrin iştirakçıları "müharibənin dayandırılması, Hörmüz boğazının açılması və ABŞ tərəfindən İslam Respublikasına tətbiq edilən blokadanın yumşaldılmasına dair qarşılıqlı anlaşma memorandumu" üzərində cəmləşiblər. İranın son təklifə öz cavabını artıq cümə günü təqdim edəcəyi gözlənilir.

Bununla belə, Al Arabiya-nın mənbəsi vurğulayıb ki, "danışıqlar prosesi çətin gedir, maneələr hələ də qalmaqdadır". Onun sözlərinə görə, İranın nüvə proqramı və Hörmüz boğazının tam açılmasının parametrləri ilə bağlı daha geniş məsələlərin yekun həlli "əlavə danışıqlar raundlarının keçirilməsini tələb edə bilər".

Məryəm Quliyeva