“Türkiyə-Azərbaycan ittifaqı xarici müdaxilələrin qarşısını alır” Gündəm

“Türkiyə-Azərbaycan ittifaqı xarici müdaxilələrin qarşısını alır”

“Fransa Prezidenti Emmanuel Makronun Ermənistan səfərindən sonra səsləndirdiyi bəyanatlar, xüsusilə Zəngəzur dəhlizi və bölgədə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı mövqeyi Cənubi Qafqazda yeni geosiyasi təsir imkanları əldə etmək cəhdi kimi qiymətləndirilə bilər.Lakin bölgədə formalaşmış yeni reallıq göstərir ki, artıq əsas söz sahibi Azərbaycan və Türkiyə tandemidir”.

Bunu politoloq Əli Mustafa “Xalqcebhesi.az”a açıqlamasında deyib.

Politoloq bildirib ki, Ankara ilə Bakı arasında mövcud olan “Bir millət, iki dövlət” prinsipi təkcə siyasi şüar deyil, regional təhlükəsizlik və strateji əməkdaşlığın əsas dayağına çevrilib: “Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəltdi. Bu əməkdaşlıq yalnız hərbi sahəni əhatə etmir, eyni zamanda bölgənin iqtisadi və nəqliyyat gələcəyini müəyyən edən əsas platformadır.Ankara-Bakı xəttində müşahidə olunan tam koordinasiya xarici müdaxilə cəhdlərinin qarşısını alan əsas amildir.
Makronun bölgədə aktivləşməsi müəyyən balans yaratmaq cəhdi kimi görünə bilər. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Türkiyənin dəstəyi ilə regionda yeni siyasi nizam formalaşıb. Artıq köhnə status-kvoya dönüş mümkün deyil”.

Politoloqun sözlərinə görə, yeni geosiyasi vəziyyət İran və Rusiya kimi regional güclərin də mövqelərinə yenidən baxmasına səbəb olub:
“Bu gün Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsi və bölgədə uzunmüddətli sülhün təmin olunması üçün Ankara ilə Bakı arasında mövcud olan tam siyasi uyğunluq ən vacib faktordur”.

Günel Elxan