Təyyarəni Rusiyanın vurduğu təsdiqlənərsə... Dünya

Təyyarəni Rusiyanın vurduğu təsdiqlənərsə...

Fikrət Sadıqov: "Gərgin münasibətlər daha da pik səviyyəyə çata bilər"

Ərəstun Oruclu: "Rusiya hakimiyyətinin müqəddəratı bu gün Ukraynada həll olunur"


BMT Təhlükəsizlik Şurası Ukraynada düşmüş sərnişin təyyarəsi ilə bağlı qətnamə layihəsini müzakirə edəcək. Layihədə Ukrayna münaqişəsinin bütün tərəflərindən mülki təyyarələrə qarşı zorakılıq aktlarından çəkinmək tələb olunur. Avstraliyanın təqdim etdiyi layihəni yetərli saymayan Rusiya öz layihəsini təqdim edib. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin bəyan edib ki, Moskva təyyarə faciəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının bayrağı altında araşdırılmasını istəyir.
Xatırladaq ki, Amsterdam-Kuala-Lumpur reysi ilə uçan "Boinq-777" sərnişin təyyarəsi iyulun 17-də separatçıların əlində olan Donetsk vilayətində yerə düşüb. "Malaysia Airlines" şirkətinə məxsus təyyarədə Niderlandın 192, Malayziyanın 44, Avstraliyanın 27, İndoneziyanın 12, Böyük Britaniyanın 10, Almaniyanın 4, Belçikanın 4, Filippinin 3, Kanadanın 1, Yeni Zelandiyanın 1 vətəndaşı həlak olub.
10 min metr yüksəklikdə uçan təyyarənin raketlə vurulduğu ehtimalı böyükdür. Həm Ukraynada, həm də bəzi Qərb dairələrində Rusiyanı və bu ölkəyə bağlı Ukrayna separatçılarını terror aktı törətməkdə ittiham edirlər.
Təyyarənin vurulmasında Rusiyanın əlinin olmasını artıq ABŞ, hətta son dövrlər Kremllə isti münasibətlərdə olan bir sıra böyük dövlətlərin də liderləri dilə gətirir. Məsələn, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Malayziyanın sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Ərdoğan bildirib ki, Malayziyaya məxsus sərnişin təyyarəsi Rusiya tərəfindən Ukraynanın hava sahəsində raketlə vurularaq salınıb. Böyük Britaniyanın baş naziri Devid Kemeron da bəyan edib ki, əgər Malayziyaya məxsus "Boeing 777" təyyarəsi separatçılar tərəfindən vurulubsa, bunun məsuliyyəti Rusiya üzərindədir.
Bundan əvvəl Kemeron və Niderlandın baş naziri Mark Rütte Avropa İttifaqına müraciət edərək təyyarənin vurulmasından sonra Avropa Birliyinin Rusiyaya yanaşmasının yenidən baxılmasını xahiş ediblər. Daha sonra Böyük Britaniyanın müdafiə naziri Maykl Felon Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq ediləcəyinin mümkünlüyünü qeyd edib.
Beləliklə, beynəlxalq səviyyədə dilə gətirilir ki, 300-ə yaxın insanın məhvinə səbəb olan terroru Rusiya tərəfindən dəstəklənən separatçılar vurub.
Təyyarənin Rusiya tərəfindən vurulması təsdiqlənərsə, bu Putin hakimiyyəti üçün hansı situasiya yarada bilər? Politoloq Vəfa Quluzadə mətbuata açıqlamasında bildirib ki, terror hadisəsində Rusiyanın əli olduğu rəsmi təsdiqlənəcəyi halda Rusiyaya çox ciddi beynəlxalq sanksiyalar tətbiq ediləcək və Rusiya tam təcrid olunacaq: "Əslində Rusiya Krımı işğal etməklə təcrid olunmağa doğru gedirdi. Rusiya Ukraynanın cənubunda-Avropanın mərkəzində faktiki olaraq müharibə aparır. İndiki halda təyyarənin vurulmasında Rusiyanın iştirakı öz təsdiqini taparsa, sübut olunarsa bu, Putin rejiminin tam təcrid olunmasına aparıb çıxaracaq. Hesab edirəm ki, bu boyda ləkə ilə Putin özü hakimiyyətdə qala bilməz. Təyyarənin vurulmasında Rusiyanın əlinin olması beynəlxalq səviyyədə öz təsdiqini tapsa, Putin iqtidarı qərar verməlidir. Ya Rusiya bu rejimə görə təcrid olacaq, ya da Putin öz komandası ilə hakimiyyətdən getməlidir. Əgər rejim axıra qədər müqavimət göstərsə, o zaman Rusiyanı çox böyük təhlükələr gözləyir. Artıq dünya birləşərək bu rejimin əleyhinə mübarizə aparacaq. Çünki Putini dəstəkləyənlərin indi heç bir bəhanəsi qalmayıb. Hə Fransa prezidenti Olland, nə də Almaniya kansleri Merkel Putinlə əməkdaşlıq edə bilməyəcək. Odur ki, Putin rejimi ya ölkəsini çökdürəcək, ya da hakimiyyətdən gedəcək". Vəfa Quluzadə onu da deyib ki, məsələ sübuta yetsə, Rusiya Beynəlxalq Haaqa Məhkəməsinə də verilə bilər.
Politoloq Ərəstun Oruclu isə vurğulayıb ki, Rusiyaya ciddi sanksiyalar tətbiq olunmayacaq: "Təyyarə Rusiyanın dəstəklədiyi silahlılar tərəfindən vurulub. Bunu sübut etmək heç də çətin deyildi. Əslində məsələ çox sərtdir. Rusiya ola bilər ki, terrorçulardan imtina edəcək və imkan verəcək ki, onlar Ukrayna ərazisindən çıxarılsın. Təbii ki, burada konpensasiya məsələsi də müzakirə edilməlidir. Dinlənilən telefon danışıqlarından da məlum oldu ki, onlar Rusiya tərəfindən təlimatlandırılıblar. Hətta Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Vasili Nikolayeviç açıq şəkildə dedi ki, təyyarə döyüş bölgəsində olduğu üçün vurulub. Rusiya istədi və ya istəmədi bu hadisənin geniş tədqiqatı aparılacaq. Rusiya qəbul etdiyi halda ki, beynəlxalq təhlükəsizliyə onun pozucu fəaliyyəti mənfi təsir göstərir, məncə Qərbin sanksiyaları sərtləşməyəcək. Çünki Rusiyaya qarşı sanksiyaların çoxaldılması beynəlxalq vəziyyətə də mənfi təsir göstərə bilər. Ancaq hələlik Rusiyanın bu etirafı görünmür. Sergey Lavrov isə Ukraynanı raket zərbəsi ilə hədələyir".
Bir çox ekspertlər hazırkı vəziyyəti 1983-cü ildə SSRİ tərəfindən vurulan Cənubi Koreyanın təyyarəsi ilə müqayisə etsələr də, politoloq fərqli düşünür: "Cənubi Koreyanın 1983-cü ildə vurulan təyyarəsi sovet hava məkanını pozmuşdu. İndi vurulan təyyarə isə öz təyin olunmuş xətti üzrə hərəkət edir və onu vururlar. Burada heç bir bəraət yoxdur".
Onun sözlərinə görə, SSRİ zamanı da analoji hal baş vesə də bunlar tamamilə fərqli məsələlərdir: "Bu iki hadisəni bir-birindən fərqləndirən ciddi detallar var. Cənubi Koreya təyyarəsi əvvəla, SSRİ hava məkanına daxil olmuşdu, hətta SSRİ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin enmək əmrini icra etməmişdi. Yalnız Cənubi Koreya ekipajı əmrə tabe olmadıqda vurulmaqla bağlı qərar verilmişdi. O, SSRİ hava məkanında vurulmuşdu, iddia olunurdu ki, casusluq fəaliyyəti ilə məşğul imiş. İkinci halda isə biz müstəqil dövlət olan Ukraynanın ərazisindən, beynəlxalq sazişlərə əsasən razılaşdırılmış hava dəhlizi üzrə hərəkət edən Malayziya təyyarəsinin terrorçular və diversantlar tərəfindən vurulmasının şahidi olduq. Artıq o diversantların arxasında Rusiyanın dayandığı faktlarla sübut olunur. Rusiya siyasəti onlara açıq dəstək verir, bunu gizlətmirlər də. O diversantların böyük əksəriyyəti də məhz Rusiya vətəndaşıdır. Şübhəsiz ki, bu, Rusiyaya təzyiqləri gücləndirəcək. Təzyiqlər onsuz da çoxdur, sanksiyalar getdikcə artır. Kremlin Ukrayna siyasəti artıq Rusiyaya çox baha başa gəlməyə başlayır. Bu faktın özü də sanksiyaları gücləndirəcək. Sanksiyaların tətbiqi məsələsində ABŞ faktiki olaraq Avropanı məcbur edirdi. Avropa Birliyi sanksiyalar məsələsində bir o qədər də həvəsli görünmürdü...
Mənə elə gəlir ki, anti-Putin hərəkatı güclənəcək. Əslində skinhedlər elə anti-Putun hərəkatının tərkib hissəsi idi. Onlar vaxtilə aksiyalar keçirəndə hədəfə aldıqları birinci şəxs də Medvedev hökuməti idi. Burada millətçi-imperialist təfəkkürün xarici təzyiqə qarşı müqaviməti, eyni zamanda daxili hakimiyyətə qarşı yönələcək. Yəni Ukrayna prosesi Rusiya siyasəti üçün təkcə geosiyasi faktor deyil, bu, həm də Rusiyadaxili siyasi mübarizə faktorudur. Faktiki olaraq Rusiya hakimiyyətinin müqəddəratı bu gün Ukraynada həll olunur".
Politoloq Fikrət Sadıqov qeyd edib ki, Ukrayna ərazisində Malaziya təyyarəsinin vurulması birmənalı şəkildə Rusiya və ABŞ arasında olan qarşıdurmanın yeni mərhələsinə çevriləcək və münasibətlər daha da gərginləşəcək. ABŞ və Rusiya arasında soyuq müharibə cizgilərinin artıq göründüyün söyləyən ekspert, "təbii ki, Qərb Rusiyaya qarşı daha sərt mövqe tutacaq. Sanksiyalar tətbiq edilməmişdən əvvəl yəqin ki, hadisənin baş vermə səbəbləri araşdırılacaq. Eyni halda təyyarədə dünyasını dəyişən insanların yaxınlarının etirazında Qərbin siyasi dairələri istifadə etməyə çalışacaqlar", - deyə bildirib: "Nəticədə baş verənlər gərgin münasibətləri daha da pik səviyyəyə gətirib çıxara bilər".
Politoloq Razi Nurullayev deyib ki, Ukraynada 300-ə yaxın sərnişinin qətli ilə müşayiət olunan və Rusiyanın törətdiyi ehtimal edilən təyyarə faciəsi dünya siyasətində yeni mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, terrorda Rusiyanın günahı sübuta yetərsə, bu Kremlin dünyadan təcrid olunmasına gətirib çıxaracaq: "Heç kimə sirr deyil ki, Ukrayna ərazisində Malayziya təyyarəsinin vurulması Rusiyanın işidir. Təbii ki, Rusiya tərəfi bunu öz boynuna götürməyəcək. Amma rəsmi təsdiqini tapsa ki, bunu ruslar edib, o halda dünyada yeni münaqişə ocağı yaranacaq. Rusiya bunun altından asanlıqla çıxa bilməyəcək. Yəqin ki, bunun ardınca rus təyyarələri də vurulacaq. Avropa Birliyi, beynəlxalq təşkilatlar Rusiyaya qarşı təzyiqləri gücləndirəcək. Hesab edirəm ki, bu hadisə Ukraynanın da qarşısında geniş imkanlar açacaq. Yeni prezident Pyotr Poroşenko separatçıları yerində güllələmək, ölkənin ərazi bütövlüyünü pozanlara qarşı sərt cəza tədbirləri həyata keçirmək imkanları qazanacaq".

Əli