Amerikalı jurnalistin başını ingilis kəsib Dünya

Amerikalı jurnalistin başını ingilis kəsib

Qərba mətbuatı bu olayı gündəmdə saxlayır

Cavid

Amerialı jurnalist Ceyms Foleyin başının İŞİD tərəfindən kəsilməsi ABŞ və onun müttəfiqlərinin hiddətinə səbəb olub. Bir neçə gündür ki, İŞİD-ə qarşı silaha əl atan rəsmi Vaşinqton terrorçuların zərərsizləşdirməsi planını sürətləndirib. Qərb mətbuatının yazdığına görə, ABŞ prezidenti İŞİD-ə qarşı aviazərbələrin endirilməsinin sürətləndirdiyi qərarını verib. Jurnalistin başının kəsilməsi Qərb mətbuatında da çözülməkdədir.
Xatırladaq ki, Suriyada baş verənləri işıqlandırmaq üçün 2012-ci ilin noyabrında bu ölkəyə gedən Ceyms Foley yoxa çıxmış və iki gün öncə onun başının kəsildiyi video nümayiş etdirilənə qədər ondan heç bir xəbər yox idi.
Bu arada ABŞ prezidenti Barak Obamanın mühafizəkar qrupların tənqidinə tuş gəldiyi bildirilib. Hazırda tətildə olan ABŞ prezidenti Barak Obamanın ölkədəki son proseslərdən, xüsusilə də amerikalı jurnalist Foleyin İŞİD tərəfindən edam edilməsindən sonra tətilini yarımçıq qoymaması yerli ictimaiyyətdə müzakirə mövzusu olub.
Yay tətilində olan Obama, "İslam Dövləti" (İŞİD) terrorçularının Foleyin edam etməsi ilə bağlı görüntüləri yaymasından sonra mətbuat qarşısına çıxaraq qısa açıqlama vermiş, daha sonra isə qolf oynamağa getmişdi.
Onun bu hərəkəti mühafizəkar qruplara aid media orqanlarında yaxşı qarşılanmayıb. Onlar düşünürlər ki, Obama terrorçu qruplaşmaya o qədər də əhəmiyyət vermir və baş verənlər onun vecinə deyil.
"Frans Press" agentliyi isə amerikalı jurnalist James Foleynin azad olunması cəhdlərində bilavasitə iştirak etmiş şəxsə istinadla xəbər verir ki, "İraq və Şam İslam Dövləti yaraqlılarının Foleynin ailəsinə göndərdiyi məktubda onu azad etməyə fantastik 100 milyon dollar istəyiblər.
Eyni mənbə bildirir ki, avqustun 13-də Foleynin ailəsi ikinci məktubu alıb. Orda yaraqlılar bildirirdi ki, ABŞ-ın hava zərbələrinə cavab olaraq Foley edam olunacaq.
Foleyin işlədiyi "GlobalPost" isə bildirib ki, əslində daha çox pul istənilib. "GlobalPost" xəbər saytının sözçüsü Frans Pressə deyib: "GlobalPostun icra rəhbəri Philip Balboni bildirir ki, yaraqlılar 100 milyon avro istəyib, yəni 132 milyon dollar".
"Frans Press" Foley ilə birlikdə əsirlikdə olan Fransa vətəndaşı Nikolas Heninlə də danışıb. Henin deyib: "Azad etdirmək üçün pul verməyən ölkələrdən olanlar anlayırlar ki, onların vəziyyəti mürəkkəbdir".
Vaxtilə yaraqlıların girovu olan və adının çəkilməsini istəməyən başqa bir fransalı agentliyə deyib: "Əsirlikdə amerikalılar və avropalılar müxtəlif hisslər keçirir. Amerikalılar bilirlər ki, bizim ölkələrdən fərqli olaraq onların hökumətləri onları azad etmək üçün girov pul verməyəcək, ona görə onların qorxu hissləri bizimkindən güclüdür".
Qeyd edək ki, 2009-cu ildə 7 ay Taliban əsirliyində olan amerikalı jurnalist David Rohde əsirlikdən yalnız qaçmaqla qurtara bilib. O media vasitəsilə Qərb hökumətlərinə müraciət edib ki, əsirlikdən azad etmək üçün pul vermə məsələsini qaydaya salsınlar.
O deyir: "İndiki yanaşma iflasa uğrayır. Foley ölməməli idi".
Onu da vurğulayaq ki, bir müddət əvvəl amerikalı jurnalisti öldürən İŞİD silahlısına qarşı beynəlxalq axtarış elan olunub.
Özünü Con kimi tədqim edən silahlı dəstə üzvü videoismarışında ABŞ hərbi hava qüvvələrinin İraqdan çıxmasını tələb edirdi. Silahlılar əks halda, əllərində olan digər amerikalını da öldürəcəkləri barədə xəbərdarlıq ediblər.
Amerika hökuməti isə İŞİD-lə danışıqlar aparmaq niyyətində deyil. ABŞ dövlət departamentinin mətbuat katibi Mari Harf bu barədə açıqlama verib. Harf qeyd edib ki, girovları geri almaq üçün onlara verilən pul qrupun maliyyələşməsinə imkan yaradır.
Hazırda Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Hərbi Kəşfiyyatı şübhəli şəxsin axtarışlarına başlayıb.
London ləhcəsində danışan şəxsin Böyük Britaniyadan olduğu güman edilir. Şübhəliyə məxsus digər əlamətlərdən biri isə onun solaxay olmasıdır.
"Qardian" qəzeti isə İŞİD terrorçularının daha dörd avropalını girov götürdüyünü açıqlayıb.
Hələb yaxınlığında girov götürülərək Rakka şəhərinə aparılan girovların ikisi italyan qadın, biri yapon və biri isə danimarkalıdır.
Qəzetin yazdığına görə, girovlar jurnalist, fotoqraf və onlara kömək edən şəxslərdir.
Livan şiə qruplaşması olan "Hizbullah" da amerikalı jurnalist Ceyms Foleyin edam edilməsini tənqid edib.
"İslam Dövləti"ni terror təşkilatı adlandıraraq, "Biz bu vəhşicəsinə törədilən qətli məhkum edirik" - deyə "Hizbullah" bəyanat verib.
"Hizbullah" təşkilatı özü də ABŞ, Kanada, İsrail və bir çox Avropa ölkələrində terrorist təşkilat sayılır.
Bu hadisə ilə yayılan xəbərlər sırasında amerikalı jurnalist Ceyms Foleyin başını kəsən İŞİD terrorçusu ilə bağlı daha bir məqam üzə çıxıb. Belə ki, adının Con olduğu təsdiqlənən terrorçu dörd Pakistan mənşəli İngiltərə vətəndaşından ibarət və İngiltərədə fəaliyyət göstərən "Bitlz" təhdükəsizlik xidmətinin üzvü imiş.
"İndeperdmet" qəzetinin verdiyi məlumata görə, İngiltərə xüsusi xidmət orqanları yüksək keyfiyyətlə çəkilmiş video əsnasında terrorçunun kimliyini təsbit edib. Qəzet onu da bildirib ki, qarşıda həyata keçiriləcək əməliyyatlar səbəbindən terrorçunun dəqiq kimliyi açıqlanmır.
ABŞ isə İŞİD lideri Əbubəkr əl-Bağdadini ələ keçirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət 100 nəfərlik qrup yaradılıb. Bu barədə İngiltərənin "Mirror" qəzeti xəbər yayıb.
Qəzetin yazdığına görə, artıq kəşfiyyatçılar İŞİD liderinin izinə düşüb.
"Mirror" kəşfiyyat təyyarələrindən və peyk görüntülərindən istifadə edən təhlükəsizlik əməkdaşlarının İraq və Suriyada mobil telefon məlumatları topladığını da qeyd edib.
Bundan başqa ABŞ hakimiyyəti İraqda yerləşən müəssisələrinin qorunması üçün bu ölkəyə əlavə hərbi koningentin göndərilməsi imkanını nəzərdən keçirir.
Bu barədə isə "Frans Press" agentliyi xəbər verir.
"Hazırda biz İraqa 300 nəfərdən ibarət dəstənin göndərilməsi məsələsini müzakirə edirik" - deyə, ABŞ hökumətindən olan mənbə agentliyə bildirib. O, vurğulayıb ki, əlavə qoşunun göndərilməsini Dövlət Departamenti təklif edib. Lakin bu məsələ ilə bağlı Pentaqon hələ yekun qərar verməyib.
Qeyd edək ki, daha əvvəl Pentaqon İraqa 300 nəfər hərb müşavirdən ibarət kontinget göndərmişdi. ABŞ hərbçiləri və texnikası Bağdad hava limanı və bir sıra digər müəssisələri qoruyur. Rəsmi Pentaqon iddia edir ki, bu tədbirlər İraqdakı ABŞ vətəndaşları və yerli əhalini qorumaq üçün atılıb.
ABŞ-ın hərbi təyyarələri İraqın bir neçə bölgəsində İŞİD qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib.
İraqda Birləşmiş Ştatlar hərbi hava qüvvələrinin özlərini "İraq Şam İslam Dövləti" elan edən qruplaşma üzvlərinin mövqelərinə endirdiyi aviazərbələr kifayət qədər təsirli olub.
Radikal dini qruplaşmaya qarşı mübarizə aparan Peşmərgə kimi tanınan kürd hərbi qüvvələrinin komandiri bu barədə açıqlama verib. General Əhməd bildirib ki, silahlılar aviazərbələr zamanı itkilər veriblər.
Birləşmiş Ştatlar prezidenti Barak Obama İraqdakı vəziyyəti şərh edərkən deyib ki, İŞİD silahlılarına qarşı mübarizə aparmaq müəyyən qədər vaxt alacaq. Obama hazırkı hərbi müdaxilənin nə qədər çəkəcəyi barədə isə heç bir açıqlama verməyib.
ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, amerikalı diplomatları və hərbçi heyətini qorumaq üçün bu müdaxilə vacib idi: "Eyni zamanda, kürd qüvvələri də şəhəri qorumağa davam edir. Amerika və İraq orduları kürd qüvvələrinə dəstək verəcək".
Bir qədər əvvəl Ağ Ev rəhbərliyi İŞİD silahlıları kürd muxtar regionunun paytaxtı Ərbilə hücum edəcəkləri təqdirdə silahlılara qarşı fəal hərbi müdaxilə edəcəyi barədə xəbərdarlıq etmişdi.
Amerika hərbi təyyarələri digər tərəfdən İŞİD-in törətdiyi zorakılıqlardan yaxa qurtarmağa çalışan əhalini ötən gün də humanitar yardımla təmin etməyə çalışıb. Həmçinin, Böyük Britaniya və Fransa da humanitar yardımın çatdırılması prosesinə dəstək verəcəyini bildirib.
Onu da bildirək ki, ABŞ Dövlət Departamenti 13224 saylı qərarı ilə İŞİD-in liderlərindən biri Əbu Məhəmməd Əl-Adnanini beynəlxalq terrorist elan edib.
ABŞ vətəndaşlarının bundan sonra adıçəkilən terrorçu ilə hər hansı əlaqələrinin olub-olmaması araşdırılacaq və buna son qoyulacaq.