Vanetsyan: Paşinyan antirusiya çıxışları ilə məşhurdur Dünya

Vanetsyan: Paşinyan antirusiya çıxışları ilə məşhurdur

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın yeni partiyası sağ mərkəzçi olacaq.
Bunu Vanetsyan “İnterfaks”a müsahibəsində deyib.
“Yeni siyasi qüvvə sağ mərkəzçi olacaq. Hazırda tərəfdarlarımız və mümkün tərəfdaşlarımızla geniş konsultasiya prosesi aparılır. Bütün mümkün müzakirələrdən sonra biz gələcək fəaliyyətlə bağlı konkret proqram və yol xəritəsi təqdim edəcəyik”, – deyə o bildirib.
Vanetsyan hazırkı hökumətin məxməri inqilabın hədəflərindən uzaqlaşdığını deyib. O, Paşinyanın Ermənistana ədalət, həyat səviyyəsinin artırılması, təhsildə, səhiyyədə, sosial sferada xidmətin yüksəldilməsi vədini verdiyini, amma bunu reallaşdırmadığını bildirib.
Vanetsyan, həmçinin Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu bildirib. Eks-kəşfiyyat şefi bundan sonra da İrəvanla Moskvanın strateji münasibətlərini saxlamalı olduğunu söyləyib:
“Bu gün Ermənistanda hakimiyyəti müxalifətdə olarkən antirusiya mövqeyi ilə çıxış edənlər tutub. Nikol Paşinyanın özü parlamentdə Ermənistanın Avrasiya İttifaqından çıxması təşəbbüsünü irəli sürüb. Onlar Avrasiya İttifaqının Ermənistana təhdid olduğunu bəyan edirdilər”.