İŞİD-lə PKK arasında nə fərq var? Dünya

İŞİD-lə PKK arasında nə fərq var?

PKK-çılar yenidən Türkiyədə qan töküblər

Cavid

Türkiyədə kürd etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində ən azı 20 adam ölüb.
Onlar Suriyadakı Kobani şəhərinin "İslam Dövləti" döyüşçülərinin hücumlarına qarşı müdafiəsində Türkiyənin "fəaliyyətsizliyi" barədə narazıdırlar.
Bir sıra şəhərdə çevik polis dəstəsi gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. İğtişaş ölkənin bir çox yerinə, o cümlədən Ankara və İstanbula da yayılıb. Əhalinin əksəriyyəti kürd olan bir neçə şəhərdə komendant saatı müəyyən edilib. Bu, daha çox Türkiyənin cənub-şərqində baş verib.
İğtişaşlar ən azı altı şəhərə yayılıb. Toqquşmaların ən şiddətli nöqtələri - Mardin, Siirt, Batman və Muş olub. Məlumata görə, Diyarbəkirdə ən azı beş adam öldürülüb. Muşda isə 25 yaşlı bir etirazçı öldürülüb. Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan deyib ki, "Türkiyə Kobani üçün mümkün olanı edir". Onun sözlərinə görə, Türkiyənin Kobani sakinləri üçün heç nə etməməsi "böyük yalandır". Türk əsgərləri və tankları sərhəddə dayanıblar, amma Suriyaya keçməyiblər.
Kobani şəhərini 160 mindən artıq qaçqın tərk edib. Onların əksəriyyəti kürdlərdir.
Ekspert Aqil Ələsgərin sözlərinə görə, regionda saysız- hesabsız terror təşkilatları fəaliyyət göstərir: "İŞİD, Əl-Nusra, Ahraruş Şam, PYD, ÖSO, Ahvadır Rəsul, Əl-Qüds, Ceyş əş-Şəbi, İslami Cəbhə...Bu böyük qruplar da daxillərində onlarla kiçik dəstələrə bölünürlər ki, saymağa ömür yetməz. Məsələ burasındadır ki, hazırda PYD-nin silahlı qanadı olan YPG ilə İŞİD arasında savaş hələ ikinci qrup İraqa girmədən öncə də var idi. Əsədin Hələbdə vəziyyət gərginləşdiyi üçün öz ordusunu geri çəkməsindən sonra Suriyanın şimal sərhədi tamamilə YPG-nin nəzarətinə keçmişdir. Bu gün kürdlər Afrin, Kobane və Cizirəyə nəzarət edirlər. Elə İŞİD ilə savaş da bu torpaqlara görə baş verir. İŞİD həmişəki kimi Əsəddən deyil, məhz müxaliflərdən ərazi almaq siyasətini davam etdirərək, YPG ilə savaşır. YPG-yə Bərzaninin dəstəyindən söhbət gedə bilməz. Çünki İraqdakı kürd idarəçiliyi PKK ilə yanaşı YPG-nin də fəaliyyətindən məmnun deyil. Lakin PKK YPG-yə dəstək verməkdədir. Ən son Kobane (Ayn al-Arab) uğrunda savaşlarda da PKK-nın dəstəyi açıq görülməkdədir".
A.Ələsgər onu da bildirib ki, PKK-nın İŞİD qarşısında davam gətirə bilməməsi əslində təəccüblə qarşılanmamalıdır. Çünki PKK ilə İŞİD-in döyüş taktikası fərqlidir. PKK fəaliyyəti tarixində Türkiyə Ordusuna qarşı "pusqu qur-hücum et-dağa çəkil" taktikası ilə hərəkət edib. İŞİD isə açıq səhra döyüşlərinə, hətta ağır artileriya ilə hücumlara üstünlük verir. Bu isə PKK-nın 30 illik təcrübəsində olmayan bir haldır. PKK daha çox yuxarıda sadalanan taktika ilə yüngül silahlardan istifadə edir. İndi reallıq belədir ki, PKK 30 il savaşdığı Türkiyədən dəstək istəyir. İŞİD-in tərkibində savaşanlar Əfqanıstan, Çeçenistan, Suriya və İraqda döyüş təcrübəsinə malikdirlər, ağır silahlardan istifadə edə bilir, hətta yeri gələndə vahid ordu kimi hərəkət edirlər. Bütün bunlar isə PKK-nı mövcud durumda İŞİD qarşısında məğlubiyyətə uğradır".
Ekspertə görə, PKK-dan fərqli olaraq, bölgədə ciddi sosial dayaqları olmayan İŞİD-in də uzun müddət ayaqda qalması mümkün deyil. Təbii ki, xarici qaynaqların dəstəyi kəsildiyi təqdirdə...
Onun fikrincə, Suriyadan və İraqdan Türkiyəyə keçən milyondan çox insana qucaq açan Türkiyənin prezidenti Ərdoğanın "Ya İŞİD, ya PKK, nə fərqi var" bəyanatı bölgədə yeni dönəmin başladığından xəbər verir. Ərdoğanın əvvəlki iqtidarlardan fərqli olaraq, kürdlərə qucaq açıb, PKK-nı qapının önündə qoyması ikinci üçün ciddi bir itkidir. Çünki bu siyasət bir anda İŞİD-lə üz-üzə qalan PKK üçün daha ciddi problem anlamına gəlir: "Əlbəttə, Kandil bunun qisasını almaq üçün terroru Türkiyənin hər tərəfinə yaymağa çalışacaqdır, ancaq indi İŞİD-lə döyüş zamanıdır. Çünki bu günə kimi "kürdlərin haqlarını müdafiə etdiyini" bəyan edən PKK üçün sınaq zamanıdır. Rojova və Şengalda kürdləri qorumaq, təhlükəsizliklərini təmin etmək PKK-nın bu zamana qədərki ən böyük sınağıdır. Bu dəfə Kandilə geri çəkilmək mümkün deyil, bu, PKK-nın intiharı olardı. İŞİD-ə qarşı savaşda Bərzanidən dəstəyə gəlincə, bu məsələ sual altındadır. Çünki Bərzani peşmərgələri öz ərazilərini qorumaqdadırlar. Bərzani torpaqları ilə yanaşı ordusunu da bu savaşlardan uzaq tutaraq, qorumaq niyyətindədir. Yəni, faktiki olaraq, bölgədəki kürdləri PKK ilə YPG ya qoruyacaq, ya da İŞİD Suriyanın şimalına da sahib çıxaraq, torpaqlarını genişləndirəcək".
Bu savaşı kimin qazanacağına gəlincə, qalib nə İŞİD, nə PKK olmayacaq. Görünən odur ki, Türkiyə bu problemlərin ikisindən də birdən qurtulmaq istəyir.