Ukrayna DİN Lutskda avtobusu girov götürmüş şəxs barədə məlumat verilib Dünya

Ukrayna DİN Lutskda avtobusu girov götürmüş şəxs barədə məlumat verilib

Ukraynanın Volınsk vilayətindəki Lutsk şəhərində sərnişin avtobusunu və oradakı adamları girov götürmüş kişi özünü Maksim Ploxoy ad-soyadı ilə təqdim edib. Hazırda onunla danışıqlar aparılır.

AZƏRTAC Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşşenkonun feysbuk səhifəsində paylaşdığı məlumatlara istinadla bildirir ki, hüquq mühafizəçiləri bu şəxslə dialoq aparırlar.

Anton Geraşşenko deyib: “Sərnişinləri girov götürmüş şəxs səhər saat 09:25-də polisə zəng edərək özünü Maksim Ploxoy kimi təqdim edib”.

Anton Geraşşenko daha sonra bildirib ki, internetdə Maksim Ploxoy ad-soyadlı bir müəllifin “Cinayətkarın fəlsəfəsi” adlı kitab var. Kitabda müəllifin həbsxanada keçirdiyi günlər və onun həyata baxışı təsvir edilir.

Yerli KİV-lər polisə istinadla yazırlar ki, insanları girov götürmüş şəxs əvvəllər antiterror əməliyyatların iştirakçısı olub. Lakin “RBK-Ukraina”nın hüquq-mühafizə orqanlarındakı şərhlərində bu məlumat təsdiqlənmir.

Xatırladaq ki, bu gün Lutsk şəhərində naməlum şəxs sərnişin avtobusunu və oradakı adamları girov götürüb. Hadisə yerində atəş səsləri eşidilib. Bu da məlumdur ki, hücum edən şəxs silahlıdır və üzərində partladıcı maddə var. Vilayət polis idarəsindən alınan məlumata görə, avtobusda 20-yə yaxın şəxs girov götürülüb. İnternetdə yerləşdirilmiş və həmin şəxsə aid olması ehtimal edilən video-müraciət yoxlanılır.