“Bu, Yaxın Şərqdə yeni mərhələnin başlanğıcı ola bilər” Dünya

“Bu, Yaxın Şərqdə yeni mərhələnin başlanğıcı ola bilər”

“ABŞ rəsmilərinin açıqladığı yeni yol xəritəsinə əsasən HƏMAS-ın mərhələli şəkildə silahsızlaşdırılması, Qəzza zolağında idarəetmənin texnokrat mülki quruma verilməsi və bunun qarşılığında İsrail qüvvələrinin bölgədən çıxması nəzərdə tutulur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.

A.Nəsirov qeyd edib ki, HƏMAS isə tam silahsızlanma ilə bağlı yekun razılıq əldə edildiyini təsdiqləmir və bunun atəşkəs, İsrail qoşunlarının çıxarılması və digər şərtlərin yerinə yetirilməsindən asılı olduğunu bildirir: “Bu, Yaxın Şərqdə hərbi qarşıdurmadan siyasi həll modelinə keçid cəhdlərinin gücləndiyini göstərir. Bununla belə, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qaldığından, prosesi yekun razılaşmadan daha çox, mürəkkəb diplomatik danışıqların yeni mərhələsi kimi qiymətləndirmək olar”.

Onun sözlərinə görə, əgər tərəflər kompromisə gələ bilsələr, bu, təkcə Qəzzanın gələcəyi üçün deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik balansı baxımından da yeni mərhələnin başlanğıcı ola bilər: “Belə bir ssenari beynəlxalq donorların Qəzzanın yenidən qurulmasına daha fəal qoşulmasına, region ölkələri arasında diplomatik dialoqun genişlənməsinə və uzunmüddətli sabitlik üçün yeni imkanların yaranmasına şərait yarada bilər. Lakin qarşılıqlı etimadın zəif olması və təhlükəsizliklə bağlı fundamental fikir ayrılıqları nəzərə alınarsa, danışıqların uğuru hələ də tərəflərin siyasi iradəsindən və vasitəçilərin effektiv fəaliyyətindən asılı olacaq”.

Röya İsrafilova