Lənkəranda “Amerika ağ kəpənəkləri” evlərə daraşıb Hadisə

Lənkəranda “Amerika ağ kəpənəkləri” evlərə daraşıb

Lənkəranda “Amerika ağ kəpənəyi” kimi tanınan zərərvericilərin kütləvi yayılması sakinlərin narahatlığına səbəb olub.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, zərərvericiyə rayonun Liman şəhəri, Boladi, Separadi, Zövlə kəndlərində və digər ərazilərdə geniş şəkildə rast gəlinir.

Sakinlərin sözlərinə görə, “Amerika ağ kəpənəkləri” may ayının sonlarından etibarən həyətyanı sahələrdə və ağaclarda müşahidə olunmağa başlayıb.

Son günlərdə zərərvericilərin sayının artması nəticəsində meyvə ağaclarına və tərəvəz sahələrinə ciddi ziyan dəyib. Gündüzlər yaşıllıqlıar arasında gizlənən zərərvericilər gecələr evlərə də daxil olur. Xüsusilə uşaqlı ailələr bundan narahatdır.

Sakinlərin öz imkanları hesabına apardıqları kimyəvi mübarizə tədbirlərinin isə gözlənilən nəticəni vermədiyi bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları Boladi kəndində olublar. Hazırda Lənkəranın Nərimanabad, Üzümçülük, Liman, Şirinsu, Boladi və Zövlə kəndlərində “Amerika ağ kəpənəyi”nə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Zərərvericinin yayılmasının qarşısını almaq və bitki sağlamlığını qorumaq məqsədilə ümumilikdə 500 hektar ərazidə xüsusi texnika və preparatlardan istifadə olunmaqla çiləmə işləri aparılır.

2026-cı ildə Lənkəranda 6500 hektar ərazidə monitorinq keçirilib. 4700 hektar ərazidə “Amerika ağ kəpənəyi” ilə sirayətlənmə müəyyən olunub və həmin ərazilərdə kimyəvi mübarizə tədbirləri görülüb.

Mütəxəssislər bildirirlər ki, zərərvericiyə qarşı ilkin mübarizə üsulu mexaniki mübarizədir. Həyətyanı sahələrdə onun yaratdığı torlar aşkarlandıqda, həmin hissələr kəsilərək məhv edilməlidir. Kimyəvi mübarizə zamanı isə deltametrin, sipermetrin və digər preparatlardan istifadə olunur.

Qeyd edək ki, “Amerika ağ kəpənəyi” Lənkəranla yanaşı Zaqatala-Balakən bölgəsi, Bərdə, Abşeron və Sumqayıt ərazilərində də geniş yayılıb.

Medial

Medial