Türkiyə niyə və nəyi gözləyir? Dünya

Türkiyə niyə və nəyi gözləyir?

İŞİD Kobanini tam nəzarətə götürmək üzrədir

Cavid

İŞİD-in Türkiyəyə təhdidi davam edir. Baxmayaraq ki, bir müddət öncə rəsmi Ankara İŞİD-ə qarşı hərbi əməliyyatlar aparacağını rəsmiləşdirib. Amma Türkiyə hələ də İŞİD-in Suriya-türkiyə sərhədindəki qətliamlarına göz yumur. Terror qruplaşması isə qətliamlarının davam etdirməkdədir.
Dünən İŞİD qüvvələrinin ələ keçirməyə çalışdığı Suriyanın Kobani şəhərinin mərkəzində 700-dək dinc sakin mühasirədə qalıb. Bu barədə jurnalistlərə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.
"Yüzlərlə Kobani sakini şəhərin mərkəzini tərk edə bilmir. Onlar, təxminən, 700 nəfərdir. Onların böyük əksəriyyəti qocalardır. Bundan başqa Kobani yaxınlığında Suriya-Türkiyə sərhədində 10-12 min sakin cəmləşib. Onların əksəriyyəti "İŞİD"-in hücumlarına məruz qalmaq təhlükəsi ilə üzləşir", deyə Fərhan Hak bildirib.
Qeyd edək ki, "İŞİD" bir aya yaxındır ki Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən Kobani şəhərini ələ keçirməyə cəhd edir. Terrorçular şəhərin bir neçə məhəlləsini və yaşayış məntəqəsinin üzərindəki strateji yüksəkliyi nəzarətə alıb. ABŞ təyyarələrinin "İŞİD" mövqelərinə zərbə endirməsinə baxmayaraq, terrorçular xeyli irəliləməyə müvəffəq olublar.
Baş nazir Əhməd Davudoğlu isə bildirib ki, Türkiyə Suriyanın Kobani şəhərinin "İslam Dövləti" yaraqlılarının nəzarəti altına düşməsini istəmir, lakin bununla yanaşı, Ankara həmin şəhərin müdafiəsi üçün qoşun göndərməyəcək. Bu barədə Türkiyənin "Milliyyət" qəzeti Baş nazir Əhməd Davudoğlunun bəyanatına istinadən yazır.
Baş nazir Suriyanı, eləcə də Kobani şəhərini dünyanın lider dövlətlərinin geosiyasi oyununda şahmat fiqurlarına bənzədib.
Onun sözlərinə görə, Ankara Kobani şəhərinin əhalisinə və şəhəri müdafiə edən qüvvələrə kürd silahlı birləşmələrinin ("Peşmərgə") şəhərin müdafiəsi üçün Türkiyə ərazisindən Suriyaya keçməsinə imkan verməklə kömək edib.
Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin (xüsusi təyinatlı ordu hissələri) ölkə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.
Kürdlərin yaşadıqları Kobanidə kürd qruplaşmaları ilə "İslam Dövləti" yaraqlıları arasında döyüşlər gedir. Şəhər qismən bu terrorçu təşkilatın yaraqlılarının nəzarəti altındadır.
Bildirilir ki, Kobanidən Türkiyə ərazisinə 150 mindən artıq qaçqın keçib.
Hərbi ekspert Azad İsazadə hazırda Türkiyədə yaşanan gərginliklərə münasibət bildirərkən deyib ki, Ankara bu təhlükənin baş verəcəyini gözləyirdi: "Türkiyə iki od arasında yerləşir. İran və Cənubi Qafqaz. Türkiyə istəmirdi ki, İŞİD təhlükəsi qonşularına da keçsin. Həm İranı, həm də Cənubi Qafqazı bu bəladan qorumağa çalışırdı. Çünki əks təqdirdə regionda vəziyyət nəzarətdən çıxa bilərdi".
Azad İsazadə həmçinin qeyd edib ki, indi rəsmi Ankaranın İŞİD-lə bağlı bir qərar verəcəyini gözləmək olar: "Artıq türklər İŞİD-lə müharibəyə gedib-getməyəcəyini düşünmürlər. İndi onlar ABŞ-ın cavabını gözləmədən təkbaşına hücum edəcəklərini qət ediblər. Çünki vəziyyət hər gün daha da gərginləşir. Bölgədə hər saat daha çox ərazi nəzarətdən çıxır. Bu isə Türkiyənin içdən çalxalanmasına gətirib çıxara bilər".
Hərbi ekspert deyib ki, ABŞ-ın NATO üzvü olan Türkiyəni bu durumda yalnız buraxdığını düşünmür: "ABŞ bu məsələdə reaksiya verməkdə gecikmir, nə də ki, Türkiyəni tək qoymayıb. Sadəcə, hadisələri dərindən təhlil edib, bu günə-sabaha yekun qərar verəcək".
O da söylənilir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Şimali İraq kürd muxtariyyəti ərazisində hərbi baza yaradacaq. Xarici medianın verdiyi məlumata görə, bu barədə Şimali İraq kürd regional rəhbərliyindəki bir mənbə bildirib. Onun sözlərinə görə, ABŞ Səddam Hüseyn dövründən qalan Herir hərbi hava limanını bazaya çevirəcək. Mənbə hava limanının boşaldılmasına artıq başlanıldığını deyib. O, bir həftə ərzində bu işin başa çatdırılacağını qeyd edib. "Peşmərgə Nazirliyi və ABŞ hərbi komandirlərindən ibarət bir heyət keçən ay hava limanına baş çəkib. Daha sonra dörd dəfə hava limanına araşdırmağa gəldilər. Bu bölgə Türkiyə, İran, Suriya və İraqa yaxın olduğu üçün strateji əhəmiyyətə sahibdir", - adını çəkilməsini istəməyən mənbə vurğulayıb. Herir hava limanı İraqın mərhum dövlət başçısı Səddam Hüseyn dövründə hərbi hava limanı olaraq istifadə edilib. ABŞ BAAS rejiminin 2003-cü ildə devrilməsindən bir müddət buranı hərbi bölgə olaraq istifadə etmişdi. Hava limanı İran-İraq sərhədinin 60 kilometrliyində yerləşir. İraq-İran müharibəsi zamanı hərbi təyyarələrinin buradan da qalxdığı bildirilir.
Politoloq Vüqar Zifəroğlunun fikrincə, İŞİD-la bağlı son proseslər və eləcə də Türkiyənin şərqində baş verən hadisələr yeni, lakin olduqca mürəkkəb bir mənzərənin ortaya çıxmasına təkan verdi. Ortada olan acı reallıq budur ki, Yaxın Şərq təkcə dövlətlərin geosiyasi və ya müxtəlif təşkilatların dini-ideoloji qarşıdurması məkanı deyil, eyni zamanda yüz ildən artıqdır ki, körüklənərək odunun sönməsinə imkan verilməyən etnik qarşıdurmalar məkanıdır. Qərb İmperializminin son iki yüz ildə Yaxın Şərqin münbit torpaqlarında əkdiyi toxumlar bu gün öz bəhrəsini artıqlaması ilə verməkdədir. Türkiyə şantaj edilir: "NATO-nun timsalında Qərb Türkiyəyə "qorxma, mən səninləyəm", - nəğməsi ifa etməkdədir və bu zaman qabaqdakını qızışdıran, lakin arxada gizlənərək özünü qorumaq üçün təhlükəsiz yer seçmiş çığal uşağı xatırladır. ABŞ-ın və ya Avropa güclərinin endirdiyi hava zərbələrinin effekti sıfırdır. Nə coğrafi şərait, nə də İŞİD-in taktiki gedişləri bu zərbələrdən maksimal nəticə almağa imkan verir. Nəticə: konkret irimiqyaslı quru əməliyyatları aparılmalıdır. Və bu zaman Qərbin yadına Türkiyə düşür".
Onu da qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi rəsmilərinin İŞİD-ə qarşı hava əməliyyatlarında Türkiyə ərazilərindən istifadə ediləcəyi ilə bağlı məlumatlar yayıblar. Politoloq Ərəstun Oruclu: "Ola bilsin ki, razılıq əldə edilən zaman Əsədin devrilməsi şərti də Ərdoğan höküməti tərəfindən irəli sürülüb".
Ə. Oruclu bildirib ki, Türkiyənin bu addımı atmasının səbəbi bölgədəki maraqlarından irəli gəlir və belə etməsə, bölgədə kürd dövləti yaradıla bilər:
"Görünür, Türkiyəyə anlatdılar ki, razılığa gəlsə, bölgədəki maraqları təmin olunacaq. Yox əgər razılaşmasa, İraqda kürd dövləti yaranacaq, İncirlik bazası oraya köçürüləcək və Türkiyə bölgəsəl proseslərdən kənarda saxlanılacaq".
Siyasi təhlilçi rəsmi Ankaranın bu addım ilə bölgədə söz sahibi olan ölkə statusunu qorumaqla bərabər həm də Türkiyə tərəfinin etdiyi risklərin heç də az olmadığını vurğulayıb: "Məncə, bu müqavilə Türkiyənin bölgədə söz sahibi dövlət olmaq maraqlarına cavab verir. Baxmayaraq ki, bu addımı atarkən Türkiyənin riskləri də az deyil".