Çində yeni epidemiya Dünya

Çində yeni epidemiya

Dünyada koronavirusdan sağalanların sayı 22 milyonu keçdi

Dünyada 30 351 723 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə onlayn statistikada qeyd edilir. Virusdan 950 557 xəstə ölüb, 22 041 437 nəfər sağalıb. Koronavirusun ən çox yayıldığı qitə Asiya (9 103 182 nəfər), ölkə ABŞ-dır (6 874 596 nəfər). Ölkələr arasında digər yerləri 5 214 677 yoluxma ilə Hindistan, 4 457 443 yoluxma ilə Braziliya, 1 085 281 yoluxma ilə Rusiya tutur. İlk onluğa daxil olan digər Avropa dövləti İspaniyadır (625 651 nəfər). İran siyahıda 413 149 yoluxma ilə 13-cü, Türkiyə 298 039 yoluxma ilə 19-cudur. Ermənistanda 46 671, Gürcüstanda 2 937 nəfərdə koronavirus qeydə alınıb.
Azərbaycanda koronavirusun aşkarlandığı 38 777 nəfərin 571-i ölüb, 36 289-u sağalıb. Ümumdünya Səhiyyə Təşkilatı Afrikada 41 min tibb işçisinin koronavirusa yoluxduğunu açıqlayıb. Bu, “qara qitə”də ümumi yoluxanların 3,8 faizinə bərabərdir. Hətta xəstəlik yayanların bir çoxunun elə tibb işçiləri olduğu qeyd edilir.
Çünki onların bir çoxu yoluxduğundan xəbərsiz olub. Həkimlərin virusa yoluxmasının riskli bölgədə fəaliyyət göstərən tibbi personal sayına ciddi təsir etdiyi qeyd edilir.
Qeyd edək ki, qitədə koronovirusdan ən çox ölüm Cənubi Afrika və Misirdə qeydə alınıb. Virusa qarşı hazırlanan vaksin isə hələ ictimaiyyətə təqdim edilməyib. "JAMA Network Open" jurnalının yazdığına görə, Çikaqodakı İllinoys Universitetinin alimləri qənaətə gəliblər ki, COVID-19-a yoluxma zamanı ağırlaşmalarla mübarizə üçün istifadə olunan "Azitromitsin" antibiotiki digər başqa preparatla birgə istifadə zamanı ürəktutmasına səbəb ola bilər.
Mütəxəssislər 44 milyondan çox pasiyent haqqında məlumatları öyrəniblər və müvafiq olaraq “Amoksisillin” və “Azitromitsin”i qəbul etmiş qrupların nəticələrini müqayisə ediblər. “Azitromitsin” və ürəyin elektrik impulslarına təsir edən dərmanların birgə istifadəsinin huşitirmə, sürətli ürək döyüntüsü və hətta ürək tutması kimi xəstəliklərin yüzdə qırx faiz artımı ilə əlaqəli olduğu ortaya çıxıb. Bu preparatlara qan təzyiqi dərmanları, antidepresantlar, malyariya əleyhinə dərmanlar və opioidlər daxildir.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 30 milyonu ötüb, 21 814 429 nəfər sağalıb, 945 099 nəfər isə virusdan ölüb. Bu arada virusun ilk yayaıldığı Çinin Lançjou şəhərində yeni xəstəlik yayılıb. Bir dərman firması müəssisəsində brusellyoz xəstəliyinin törədicisi olan brusella bakteriyası yayılmağa başlayıb. Ötən il ortaya çıxan bakteriya bu günədək 3 min 245 nəfərə yoluxub. “Pengpai” xəbər saytı ilk dəfə 2019-cu ilin iyul ayında bakteriyaya qarşı istehsalı gerçəkləşdirilən peyvəndin hazırlığı zamanı firmanın laboratoriyasında böyük səhvə yol verildiyini və bunun epidemiyaya səbəb olduğunu yazıb. Bildirilib ki, peyvənd istehsal mərhələsində buxar emisiyalarının xətalı sterilizasiyası nəticəsində bakteriya küləklə birlikdə havaya qarışıb. Şirkətin səlahiyyətli şəxsləri isə bakteriya tərkibli tullantı qazların yaratdığı aerozolun havada hərəkət qabiliyyətinin məhdud olduğunu, bu səbəbdən epidemiya riskinin olmadığını açıqlayıb. Lakin epidemiya yayıldıqdan sonra şirkət 8 nəfəri cəzalandırıb və xəstələrə kompensasiya ödəniləcəyini bildirib.
Brusella bakteriyası nədir? Qoyun, keçi, donuz, it kimi heyvanlardan insana keçə bilən bu bakteriya çiy ət və pasterizə olunmamış süd məhsullarında yaşaya bilir. Bakteriya daşıyan heyvanın əti, südü, sidiyi və nəcisi yoluyla insana yoluxur. Qızdırma, yorğunluq, tərləmə, əzələ, sümük, qarın ağrıları, iştahsızlıq, çəki itirilməsi, öskürək və baş ağrısı xəstəliyin simptomlarıdır.