Rusiya-Türkiyə yaxınlaşması Azərbaycana nə verəcək Dünya

Rusiya-Türkiyə yaxınlaşması Azərbaycana nə verəcək

Bir çox ekspertlərə görə bu əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında Qarabağ münaqişəsi üzündən yaşanan etimadsızlığı aradan qaldıracaq

Cavid

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin nəticələri hələ də müzakirə obyekti kimi aktuallığını qoruyur. Rusiyanın təbii qazının Cənubi və Mərkəzi Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş "Cənub Axını" transmilli qaz kəmərindən imtina etməsini söyləməsi bu günün aktual mövzulardan biridir. Bəzi ekspertlər bu səfərin nəticələrinin Azərbaycan üçün də müsbət dəyişikliklərə gətirib çıxaracağını proqnozlaşdırırlar.
Keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin fikrincə, hazırda Rusiya Türkiyənin xarici ticarət tərəfdaşları arasında 2-ci yerdədir. Türkiyə isə Rusiyanın xarici ticarət dövriyyəsinə görə ən böyük 8 tərəfdaşından biridir. Hadisələrin istənilən gedişində Rusiyanın şansları daha yüksək idi və onu iqtisadi və siyasi planda təcrid etmək planlarının perspektivi uğurlu ola bilməzdi. Belə planları hazırlayıb həyata keçirən ölkələr və onların strateji institutları bunu başa düşməli idilər: "Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi Qərbin ən böyük səhvi idi. Atalar düz söyləyib: "Tələsən – təndirə düşər!" Qərb görünür getdikcə daha da güclənməkdə olan və yenidən dünya siyasətində söz sahibinə çevrilə biləcək. Qərb Rusiyanı qabaqlamaq cəhdində çox tələsirdi. ABŞ və AB geosiyasi planlarında əvvəlki illərdə buraxdıqları ciddi səhvləri də nəzərdən qaçırmışdı. Qərb strateji müttəfiqinin, NATO-nun üzvü olan Türkiyənin AB-yə üzv olmaq niyyətini illərlə əngəllədiyini, bunun bir zaman öz negativ bəhrəsini verəcəyini yəqin ki, doğru qiymətləndirə bilməmişdi. Tarixi həqiqətlər yüksək səviyyədə son Rusiya-Türkiyə görüşündə özünün məntiqi davamını tapmış oldu. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Qərblə enerji əməkdaşlığına dair verdiyi negativ bəyanat özünü çox gözlətmədi. Prezident V. Putin Avropa Birliyinin qeyri-konstruktiv mövqeyini əsas gətirərək "Cənub Axını" projesini dayandırdıqlarını bəyan etdi".
Ekspert bildirib ki, Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin "Botas" şirkəti arasında imzalanmış müqaviləyə əsasən Qara dənizin altından keçməklə Rusiyanı Türkiyə və Türkiyə üzərindən Yunanıstan və Cənubi Avropa ölkələri ilə birləşdirəcək yeni transmilli qaz kəməri çəkiləcək. Bu kəmərin illik qaz nəql etmək gücü 65 milyard kub metrə bərabər olacaq: "Rusiya qazının 14 milyard kub metri Türkiyənin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuşdur. Qalan 50 milyard təbii qazın Türkiyə üzərindən üçüncü ölkələrə nəql ediləcəyi gözlənilir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın sözlərinə görə onun ölkəsi bu ticari anlaşma hesabına təbii qazın tranzitindən hər il 400 milyon dollar təmiz gəlir əldə edə biləcəkdir. Gələcəkdə Yunanıstanla sərhəddə (Trakiyada) yeni qaz paylayıcı stansiyanın tikintisi baş tutacağı halda, tranzit qaz nəqlinin həcmi və müvafiq olaraq Türkiyənin gəlirləri də artmış olacaqdır.
Əldə olunmuş bu tarixi sövdələşmə Rusiya və Türkiyə arasında böyük strateji əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilə bilər. Bununla həm Rusiya, həm də Türkiyə yalnız böyük iqtisadi və ticari əhəmiyyətli birgə projeyə yol açmış olmur. Eyni zamanda, bu tarixi müqavilə dünyada və regionda yeni geosiyasi alyansın başlanğıcından xəbər verir.
Birmənalı demək olar ki, yeni iqtisadi-ticari, həm də geosiyasi alyansın meydana gəlməsi ilə Qərb, Avropa Birliyi xeyli uduzmuş vəziyyətdə görünür. Əksinə, həm Rusiya, həm də Türkiyə çox məhsuldar beynəlxalq və regional əməkdaşlığın astanasında dayanmış qaliblərə bənzəyirlər. Və məsələ yalnız təbii qazın ixracında və idxalıda deyil".
Sabiq nazir vurğulayıb ki, Türkiyənin təbii qaza olan ehtiyacını qarşılamaqla və bu tarixi sövdələşmədən Türkiyənin tranzit haqqı olaraq böyük gəlirlər əldə etməsinə yol açmaqla, cənub qonşusunu özünün strateji müttəfiqinə çevirdi. Türkiyənin gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatında qüvvələr nisbətinin balanslaşdıırılması baxımından Rusiyanın yanında olmasına şərait yaratmış oldu: "Rusiya həm də Avrasiya İqtisadi Birliyinə qoşulması üçün Türkiyəyə kart-blanş vermiş oldu. Əgər Rusiya xarici siyasət maşını daha ağıllı və daha çevik tərpənə bilsə, artıq yaxın müttəfiq sayıla bilən Türkiyənin vasitəçiliyi ilə Qafqazların, Mərkəzi və Orta Asiyanın türk əsilli və türkdilli respublikalarının Avrasiya İqtisadi Birliyində tam iştirakı uzaq perspektivə dönməyəcək".
O, həmçinin qeyd edib ki, Rusiya-Türkiyə yaxınlaşması Qarabağ münaqişəsinin sülh yolu ilə və qısa bir zaman ərzində həllini təmin edə biləcək qədər də perspektivli görünür. İki dövlət arasında baş verəcək müttəfiqlik həm Azərbaycanın, həm də Ermənistanın milli maraqlarına cavab verəcəkdir. Azərbaycanın öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinə, Ermənistanın isə iqtisadi və siyasi blokadadan xilas olmasına, regionda baş verəcək böyük iqtisadi və humanitar projelərdən bəhrələnməsinə yol açacaqdır: "Bu əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında Qarabağ münaqişəsi üzündən yaşanan müəyyən etimadsızlığı da aradan qaldıracaqdır. Ermənistanla Türkiyə arasında yeni mehriban qonşuluğa və əməkdaşlığa yol aça biləcəkdir.
Öz növbəti iqtisadi və siyasi dirçəliş tarixini yaşayan Türkiyə üçün Rusiya ilə tarixi qaz sövdələşməsi sanki göy üzündən yerə düşmüş müqəddəs mannaya bənzəyir. Geosiyasi və geostrateji baxımdan Türkiyə öz cinahlarını əvvəllər olmadığı qədər möhkəmləndirmiş olur. Qərblə münasibətlərdə Türkiyənin mövqeləri Rusiya kimi güclü bir müttəfiqi qədər güclənir.
Türkiyə həm də Rusiyanın patronajlığında olan Gömrük İttifaqına, Belarusiyanı, Qazaxıstanı və RF-nı birləşdirən azad ticarət zonasına daxil olmaq üçün yaşıl işıq qlmış oldu. Ümumi Daxili Məhsulunun 22%-dən çoxunu kənd təsərrüfatı və ərzaq məhsulları təşkil edən bir ölkə üçün 200 milyon nüfuzu olan nəhəng bazara daxil olmağın nə demək olduğunu xırdalamağa ehtiyac qalmır".
O da qeyd olunub ki, Rusiya və Türkiyə yaxınlaşması ilə bağlı cari tarixi məqamın daha bir fövqəladə geosiyasi əhəmiyyəti vardır. Bu çox incə, həm də çox mürəkkəb bir məsələdir. Rusiyanın və Türkiyənin Qafqazlarda və Orta Asiyada tarixi rəqiblər olduğu bir sirr deyildir. İki dövlət arasında baş verəcək yeni tarixi yaxınlaşma bu tarixi rəqabəti – tarixi müttəfiqlik müstəvisinə keçirə biləcək qədər əhəmiyyətlidir: "Türkiyənin NATO üzvü olması və bu amilin Rusiya-Türkiyə yaxınlaşmasında maneə ola biləcəyinə gəlincə, burada həllini tapa bilməyəcək məqam yoxdur. Türkiyədə və ya Rusiyada xarici güc mərkəzlərinin tarixi proseslərə mane olmaq cəhdləri də uğur qazana bilməyəcəkdir. Vladimir Putinin və Rəcəp Ərdoğanın ölkələrində nüfuzları və mövqeləri çox güclüdür. Hər iki dövlətin xarici müdaxilələrdən qorunmaq üçün kifayət qədər təsirli imkanları vardır. Türkiyə-Rusiya münasibətləri ən yeni tarixin ən yeni və fövqəladə dönüş nöqtəsi ola biləcək qədər aktualdır. Əgər bu münasibətlərin mühəndisləri zamanı bir az daha qabaqlaya bilsələr, Rusiya-Türkiyə münasibətlərinin yeni arxitekturasını qura bilsələr, yeni əməkdaşlıq dünyada yeni və ən güclü bir geosiyasi ittifaqa yol aça biləcəkdir".