İran da Avrasiya İttifaqına qoşulacaq Dünya

İran da Avrasiya İttifaqına qoşulacaq

Dollardan imtina etdikdən sonra Tehran bu barədə niyyətini açıqlayıb

Cavid

İran hökuməti ABŞ dollarından imtina edib. Bu barədə İran Mərkəzi Bankının sədri Qulaməli Kamyab açıqlama verib. O, bildirib ki, İran xarici ölkələrlə hesablaşmalarda ABŞ dollarından imtina edib.
"İran xarici ölkələrlə ticarət mübadiləsində ABŞ dolları ilə deyil, Çin yuanı, avro, türk lirəsi və rus rublundan istifadə edir", - deyə Mərkəzi Bank sədri bildirib.
Onun sözlərinə görə, İran rahat və iqtisadi baxımdan sərfəli ticarət mübadiləsini həyata keçirmək üçün bir sıra ölkələrlə ikitərəfli müqavilələr bağlamağı nəzərdən keçirir. Sədr bildirib ki, bununla əlaqədar yaxın günlərdə danışıqlar başlayacaq.
İranın dollardan imtina etməsi rəsmi Moskavanın planı olduğu ehtimal edilir. Bununla da Rusiya özünə yaxın müttəfiqlərini dollardan imtina etməsinə nail olmaqla Qərbə zərbə vurmaq niyyətindədir.
Onu da qeyd edək ki, İran və Rusiya İqtisadi Əməkdaşlıq Şurası 11-ci yığıncağında iki ölkə arasında bir sıra müqavilələr imzalanıb. İclasda enerji, nəqliyyat, bankçılıq, sənaye, mədənçilik, əkinçilik və sığorta sahələri müzakirə olunub.
Neft layihələrinin inkişaf etdirilməsi, iki ölkənin enerji sahəsində əməkdaşlıqlarını asanlaşdıracaq tədbirlər və ortaq ticarətdə qarşılıqlı maliyyə mübadiləsini asanlaşdırmaq məsələləri yığıncaqda gündəmə gəlib.
İran neft naziri Bice Namdar Zengene iclasdan sonra təşkil edilən mətbuat konfransında Rusiya ilə strateji və iqtisadi əlaqələri inkişaf etdirmək istədiklərini ifadə edib. İki ölkə arasındakı 5 milyard dollarlıq mövcud ticarət həcminin proqnozlaşdırılandan aşağı olduğunu söyləyən Zengene bu rəqəmi 10 dəfə artıra biləcək potensiallarının olduğunu deyib.
Zengene son aylarda Rusiya ilə mühüm müqavilələr imzalandığını xatırladıb. O qeyd edib ki, imzalanan müqavilələr iki ölkənin iqtisadiyyatına böyük təkan verəcək. İran neft naziri iki ölkə arasındakı ticarətdə dollar yerinə rial və rubl istifadə ediləcəyini söyləyib.
Rusiya enerji naziri Aleksandr Novak isə Rusiya və İran şirkətlərinin uzun illər enerji və sənaye sahəsində birgə layihələrə imza atdığını qeyd edib. Rusiyanın 40 şirkəti təmsil edən 100 nəfərlik bir heyətlə İrana gəldiyini deyən Novak builki yığıncağın hər zamankındən daha üst səviyyədə reallaşdığını vurğulayıb.
Novak Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların Moskvanın Tehranla enerji əməkdaşlığı planlarına təsir etməyəcəyini qeyd edib: "İranla uzun müddətdir qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıq edirik. İranla Rusiyanın iqtisadi ortaqlığı və Qərbin Rusiyaya olan sanksiyaları bir-birilə əlaqəli deyil".
Yeri gəlmişkən, İranın Moskvadakı səfiri Mehdi Sənai "RİA Novosti"yə verdiyi müsahibəsində deyib ki, İran 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə ya müqavilə, ya da qarşılıqlı memorandum imzalamaq niyyətindədir və bu imkandan Rusiyaya ixracı üçün yararlanmaq istəyir.
"Fikirləşirəm ki, İranın Avrasiya İttifaqı ilə müəyyən iqtisadi əlaqəsinin olması üçün biz bunun üzərində işləməliyik. İran öz ixracı üçün bundan istifadə etməlidir. Ola bilsin ki, hər hansı ya müqavilə, ya memorandum imzalansın", - Sənai bildirib.
Onun sözlərinə görə, İran və Rusiyanın tam əməkdaşlığının qarşısında duran ən böyük problem İran malları üçün yüksək gömrük haqqının olmasıdır:
"Ən böyük problem Rusiyaya ixrac olunan malların gömrük tariflərinin yüksək olmasıdır. İran öz mallarını Rusiyaya birbaşa göndərir. Bu tariflər İran üçün çox yüksəkdir. İranlı biznesmenlər tez-tez bizdən tariflərin endirilməsi üçün müraciət edir. Onlar Rusiyanın Ermənistan, Azərbaycan, Qazaxıstanla olan münasibətlərini misal çəkirlər".
İranın dollardan imtina etməsi bu günün söhbəti deyil. Hələ Mahmud Əhmədinejatın prezidentliyi dövründə rəsmi Tehran bu barədə fikirləşirdi. O zaman yerli mətbuatda xəbər yayıldı ki, Türkiyə və İran dollardan imtina etməyə hazırlaşır. İki ölkə arasında ticarət bu ölkələrin öz valyutası ilə aparılacaq. O zaman İran prezidenti Mahmud Əhmədinejatın sözlərinə görə, bu prosesə Suriya və İraq da qoşulacaq. Qeyd edək ki, İran İslam Respublikası neftin ixracı da daxil olmaqla, bütün xarici ticarət hesablamalarını dollara deyil, avroya olan məzənnəsinə uyğun həyata keçirir. Artıq OPEK-lə yanaşı, Latın Amerikasının iki inkişaf etmiş dövləti - Braziliya və Argentina, eləcə də Venesuela dollardan imtina etmək niyyətindədir.
Xarici ticarətdə dollardan imtina İrana gələcək üçün nə vəd edir? Bunun tez bir zamanda reallaşması mümkündürmü?
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu, bir növ Qərbin sözlü müdaxiləsinə İran tərəfdən verilmiş cavabdır.
"Məlum vəziyyət söz müharibəsinin davamıdır. Bir həftə öncə ABŞ danışıqlarda uğur əldə edilmədiyi təqdirdə İrana qarşı ciddi sanksiyaların tətbiq olanacağı ilə bağlı bəyanat verdi. Məlum məsələdir ki, İranla Amerika və "altılıq" dövlətləri arasında ciddi danışıqlar gedir. Nüvə proqramının ləğvindən sonra sanksiyaların götürülməsi məsələsi müzakirə olunur. Hər iki tərəf bəyanatlar verərək öz mövqelərini möhkəmləndirməyə çalışırlar".
N.Cəfərli qeyd edib ki, İranın xarici ticarətdə dollardan imtina edilməsi ilə bağlı verdiyi bəyanatın həyata keçirilməsi çox çətin bir məsələdir: "Beynəlxalq ticarətin xüsusi oyun qaydaları var. Enerji daşıyıclarının satış qiymətləri dollar üzərindən hesablanır. İranın da xarici ticarətində enerji daşıyıclarının rolu həddindən artıq yüksəskdir. Bu bir növ Qərbin sözlü müdaxiləsinə İran tərəfdən verilmiş bir cavabdır. Əgər İranın bu addımı həqiqət olsa, belə onun reallaşdırılması çox uzun zaman tələb edir. Banklararası əlaqələrin aparılmasında dəyişikliklər edilməsinə ehtiyac olacaq. Düşünmürəm ki, çox yaxın gələcəkdə biz bunun reallaşmasının şahidi olaq. Amma əgər belə bir addımlar atılacaqsa, əlbəttə, bu İranın suveren hüququdur. Sərfəli olub-olmaması, ölkələrlə əlaqədə hansı valyutanın seçilməsi bir az çətinlik yaradacaq".
Ekspert bildirib ki, İranın Azərbaycanla ticarət dövriyyəsində yaxşı olar ki, mübadilə manat üzərindən aparılsın: "Bu, gələcəkdə manatın nüfuzunun möhkəmlənməsinə şərait yaradan addımlardan biri ola bilər".
Onu da bildirək ki, İranın və Rusiyanın ortaq iqtisadi layihələri maliyyələşdirmək üçün birgə bank yaradacaqları ilə bağlı xarici KİV-lərdə xəbərlər yer alıb.
İran-Rusiya Ticarət Palatasının başçısı Əsədulla Əsgəroladi də məsələyə münasibət bildirib.
Məlumata görə, yaradılacaq yeni bankın köməyi ilə Moskva və Tehran qarşılıqlı hesablaşmalarda Qərb valyutalarından yayınmağı düşünür. Eyni zamanda bu addım Qərbin sanksiyalarından yayınmaq məqsədi daşıyır.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bu proses Rusiyanı potensial təhlükələrdən xilas etməyəcək: "Moskvanın son addımları Rusiyanı gözləyən yeni potensial risklərdən sığortalamağa hesablansa da, bunların uğurlu olacağını söyləmək mümkün deyil. Hazırda dünya rezervlərinin 62 faizi dollar ilə saxlanılır. Dolların son məzənnə möhkəmlənməsindən sonra dünyada bu valyutaya marağın artması müşahidə edilir. Rusiyanın dünya iqtisadiyyatında payı cəmi 2.5 faizdir. ABŞ şimal qoşumuz ilə müqayisədə təxminən 10 dəfə çox dünya iqtisadiyyatına töhvə verir. Bu baxımdan, indiki halda istər Rusiya, istərsə də İran dolların nəinki qlobal, hətta regional istifadə dövriyyəsinə təsir etmək imkanlarına malik deyillər. Son addımın Azərbaycan iqtisadiyyatına isə heç bir mənfi təsiri olmayacaq".
V.Bayramovun sözlərinə görə, İranın strateji məhsulların satışında dollardan imtina etməsi inandırıcı deyil: "Güman etmirəm ki, Rusiya və İranın bu addımı Azərbaycan iqtisadiyyatına təsir etsin. Başqa tərəfdən, İranın strateji məhsulların satışında dollardan imtina etməsi inandırıcı görünmür. İran birmənalı şəkildə çalışır ki, Qərblə münasibətləri normallaşdırsın. Ona görə də belə addım İran üçün səmərəli olmayacaq. Əvvəllər İran Türkiyəyə mazut, neft satışını qızılla həyata keçirirdi. Ancaq bu da uzun müddət belə davam etmədi. Ona görə də Rusiya ilə ticarətdə strateji məhsulların uzun müddət dollarsız alqı-satqısı inandırıcı deyil. Bütün dünyada strateji məhsulların alqı-satqısının dollarla həyata keçirildiyini nəzərə alsaq, İran əvvəl-axır buna qayıdacaq".