Rusiya qiyam hazırlayır Dünya

Rusiya qiyam hazırlayır

Yuri Lusenko: "Biz aprelin sonuna "S" planına hazır olmalıyıq"

Cavid

"Rusiya mart-aprel aylarında Ukraynanın bir sıra böyük şəhərlərində qiyamlar hazırlayır". "Unian.net" saytı xəbər verir ki, bu barədə "5 kanal"a müsahibəsində "Pyotr Poroşenkonun Bloku" fraksiyasının lideri Yuri Lusenko deyib.
"Biz artıq 2014-cü ilin avqust ayında demək olar ki, separatçıları bitirdik. Amma nəhəng ölkənin nizami qoşunları ortaya çıxdı. Bununla belə, Ukrayna ordusu, Milli Qvardiya, könüllülər, dinc sakinlər və partizanların qəhrəmanlığı bu armadanı dayandırdı. İndi "B" planı işə salınır. Putin mart-aprel aylarında Ukraynanın paytaxtı, Xarkov, Odessa və digər böyük şəhərlərdə qiyamlar qaldırmağa çalışacaq", deyə Lusenko bildirib.
Onun sözlərinə görə, Putin bunun üçün "Kremlin şüurlu və şüursuz agentləri"ni cəlb edəcək, həmçinin terror aktlarından istifadə olunacaq.
Yuri Lusenkonun fikrincə, vəziyyət ona görə ağırlaşır ki, bu gün Ukraynada çoxlu insan hakimiyyətdən narazıdır. Lusenko qeyd edib ki, Ukrayna hakimiyyəti böyük şəhərlərdə qiyamlarla bağlı təhlükənin qarşısını almağı bacararsa, Rusiya Donbas hövzəsində genişmiqyaslı hərbi kampaniyaya keçəcək: "Biz aprelin sonuna – "S" planına hazır olmalıyıq. Aprelin sonu - mayın əvvəllərində Donbasda genişmiqyaslı hərbi əməliyyatlar yenilənə bilər".
ABŞ-ın dövlət katibi Con Kerri isə Konqresin Nümayəndələr Palatasının xarici işlər komitəsində çıxışında bildirib ki, "Rusiya üzə "B" planının qəbulu vaxtı yaxınlaşır. Bu barədə "B" planı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya əlavə dəstəyin göstərilməsini nəzərdə tutur".
O, əlavə edib ki, ABŞ prezidenti Barak Obama Almaniyanın kansleri Angela Merkellə məsləhətləşmələrdən sonra qərar qəbul edəcək.
Xatırladaq ki, dövlət katibi dünən verdiyi bəyanatında ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları hazırladığını söyləyib. Onun sözlərinə görə, yeni anti-Rusiya sanksiyaları Ukraynanın şərqində baş verənlər üçün Rusiyaya layiqli cavab olacaq.
Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov növbəti iddia ilə çıxış edib. O, bildirib ki, Ukraynanın Xarkov şəhərində 22 fevralda törədilmiş terror aktının bütün təşkilatçıları saxlanılıb və onlar Rusiyada hazırlıq keçiblər.
Onun sözlərinə görə, Xarkov şəhərində keçirilmiş xüsusi əməliyyat nəticəsində fevralın 24-də terror qruplaşmasının beş iştirakçısı saxlanılıb. Turçinov onların arasında terror aktının həm birbaşa iştirakçıları, həm də təşkilatçılarının olduğunu deyib.
Terror qruplaşmasının iki üzvü isə Mariupolda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Aleksandr Turçinovun sözlərinə görə, terrorçulardan bəziləri Rusiya Federasiyasının ərazisində hazırlıq keçib və öz hərəkətlərini birbaşa olaraq "Donetsk Xalq Respublikası" separatçı qurumu ilə əlaqələndirib.
Xatırladaq ki, Xarkovda terror aktı 22 fevral tarixində Meydan hadisələri və sabiq prezident Viktor Yanukoviçin qaçışının ildönümünə həsr edilmiş təntənəli yürüş zamanı törədilib. Partlayıcı qurğunun partladılması nəticəsində 4 nəfər həlak olub.