Orta Şərqdə İran – Səudiyyə qarşıdurması Dünya

Orta Şərqdə İran – Səudiyyə qarşıdurması

Yəməndəki hadisələrdə İranın rolu

Cavid

Orta Şərqdə İran-Səudiyyə Ərəbistanının növbəti savaş meydanı Yəmən oldu. Yəməndə hökumət qüvvələri ilə husi üsyançıları arasında qarşıdurmalar davam edir.
Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qırıcıları husilərin mövqelərini ötən gün də bombalayıblar.
Yəmənin Səhiyyə Nazirliyinin Təcili Yardım Xidmətinin rəhbəri Əli Şəriə bildirib ki, Yəmənin havadan bombardıman edilməsi nəticəsində 35 nəfər həlak olub, 88 nəfər isə yaralanıb.
O əlavə edib ki, Səudiyyə Ərəbistanının hərbi qırıcıları Sana, Səada və Hudayda şəhərlərində mülki insanların yaşayış evlərini bombalayıblar.
Buna etiraz olaraq paytaxt Səna və eləcə də digər şəhərlərdə yenidən kütləvi etiraz aksiyaları keçirib. Etiraz aksiyasında Səudiyyə Ərəbistanı və onun bir neçə müttəfiqinin əleyhinə şüarlar səsləndirilib. Etirazçılar "Yəmənə qarşı müharibəni dayandırın" yazılı plakatları və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan koalisiyanın aviazərbələri nəticəsində həlak olan uşaqların şəkillərini nümayiş etdiriblər.
Hərbi hava qüvvələri hazırda dövlətin əsas istehkamı olan Ədən şəhərinə istiqamətlənmiş üsyançı karvanına da aviazərbələr endiriblər. Eyni zamanda, paytaxt Sənada hava limanı ətrafı aviazərbələrə məruz qalıb. Son 3 gündə qarşıdurmalar zamanı ölənlərin sayı 60-ı keçib.
Husilər Səudiyyə Ərəbistanını Yəmənədə fəal hərbi müdaxilə etməkdə ittiham ediblər. Gərgin vəziyyətlə əlaqədar Birləşmiş Millət Təşkilatının 140 diplomatı dəniz yolu ilə Yəməni tərk edib.
Husilərə qarşı birgə hərbi əməliyyatlar məsələsi ötən gün Ərəb Liqasının da gündəmində olub. Misirin Şeyx əl-Şarm şəhərində keçirilən iclasda, əsasən, Liviya və Misir regional problemləri həll etmək üçün birgə hərbi qüvvələrin yaradılmasını vacib hesab ediblər.
Yəməndə bombalamalar nəticəsində 40 dinc sakin dünyasını dəyişib. Həlak olanlar arasında çoxlu qadın və uşaq var. Onlarla insan ağır yaralanıb. Bütün bunlar "Qətiyyət fırtınası" adlı hərbi əməliyyatın ilkin nəticələridir. Sözügedən əməliyyat ərəb dövlətləri koalisiyasının "Ənsar Allah" təşkilatına qarşı aparılır.
Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub əyalətlərinə irəliləməsinin qarşısını almaq və BMT-nin rəsmi olaraq tanıdığı prezident Əbd Rəbbi Mənsur Hadinin yenidən hakimiyyətə gətirilməsi məqsədilə Yəmənə qarşı hava hücumlarına başlayıb. 10 ərəb dövləti və ABŞ "Qətiyyət fırtınası" adlanan bu hərbi əməliyyatı dəstəkləyib.
Qeyd edək ki, husilər ötən ilin sentyabrından Yəmənin paytaxta hücum edib, Mənsur Hadi hakimiyyətini devirərək paytaxt Sənanı nəzarətə götürüb. Hadi ötən ay ölkənin cənubundakı Ədən şəhərinə sığınıb. Üsyançılar cəbun regionlarına irəlilədiyinə görə onun artı ölkədən çıxdığı deyilir.
Mənsur Hadi BMT Təhlükəsizlik Şurası və Ərəb Dövlətləri Liqasından husiləri dayandırmaq üçün hərbi yardım istəmişdi.
Yəmənin legitim prezidenti Əbd-Rəbbo Mənsur Hadi qaçaraq ölkəsini bombardman edən Səudiyyə Ərəbistanına sığınıb. Hadi üsyançılara qarşı mübarizədə beynəlxalq ictimaiyyətdən də dəstək istəyib.
O, bilidirib ki, ölkədə baş verən hadisələr vətəndaş müharibəsinə çevrilməmiş qarşıdurmalara əngəl olmaq lazımdır. "Husilər bizim suverenliyimizə müdaxilə edirlər. Onlar məbədləri dağıdır, hərbi bazalardan oğurluq edir və mülki müsəssisələr üzərində nəzarəti ələ alırlar. Onlar şəhərləri mühasirədə saxlayırlar"- deyə Əbd-Rəbbo Mənsur Hadi əlavə edib.
Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri husilərin paytaxtı ələ keçirməsindən sonra ölkənin cənubundakı Aden şəhərinə qaçan prezident Abdurrabuu Mansur Hadiyə dəstək verir. Səudiyyə İranın İraq və Suriya ilə yanaşı, Yəməndə də güclənməsinə icazə verməyəcəyini açıqlayaraq, husilərə qarşı hərbi əməliyyatlara başladı. Suriya və İraqda Tehranın güclənməsindən narahat olan rəsmi Ər-Riyadın Yəməndə İrana qarşı açıq şəkildə çıxması anlaşılandır. Çünki İran Qərblə qarşıdurma fonunda nə qədər zəif görünsə də yaxın Şərqdə mövqelərini kifayət qədər gücləndirə bilib. Xüsusilə post-Səddam dönəminin İraqı və daxili çəkişmələrə başı qarışan Suriya Tehran üçün əla müstəvi idi. Bununla yanaşı, Hizbullah Livanı da İranın təsiri altındadır. Halbuki, "ərəb baharı" dalğasının qabağına qatıb qovduğu ərəb dünyası İranın bölgədə sakit və görünməz formada genişləndiyinin fərqinə varmamışdılar. Lakin görünür, Şərqə doğru nüfuz savaşında Tehran bununla kifayətlənmək istəmir və strateji önəmi olan Yəməni də Səudiyyənin, dolayısı ilə ABŞ-ın təsir dairəsindən almaq istəyir.
Bu ölkənin strateji önəmi olduqca böyükdür. Oman dənizi ilə Qırmızı dənizin kəsişdiyi yerdə yerləşən Yəmən Şərqi Afrika sahillərini nəzarətdə saxlamaq üçün önəmi məkandır. Bununla yanaşı, onun mövqeləri Səudiyyə Ərəbistanını cənubdan əhatələməyə də imkan verir. İran buranı ələ keçirməklə Qırmızı-Oman-Bəsrə- Hörmüz xətti istiqamətində işləyən enerji daşıma xəttinə nəzarət edə və Səudiyyə Ərəbistanının qarşısına ciddi güc qoya bilər. Bu xəttin əsasını təşkil edən Bəsrə-Hörmüz boğazı 40 minə yaxın gəminin keçə biləcəyi məsafədədir, eyni zamanda, Afrika ilə Asiya qitələrini bir-birindən ayırmaqla dünya neft ticarətinin göz bəbəyi hesab olunur. Bu boğaz strateji əhəmiyyətinə görə Misir və İsrailin də xüsusi əhəmiyyət verdiyi məntəqə hesab edilir. Bu baxımdan, İranın daha əhəmiyyətli Yəməndə məskunlaşmaq istəyi strateji baxımdan önəmi hesab olunur.
Yəmənin daxilində İrana bağlı kifayət qədər güclü qüvvə mövcuddur. Söhbət husilərdən gedir. Husilər əsasən Yəmənlə Səudiyyə Ərəbistanının sərhədində yerləşən Sada şəhərinin mərkəzində məskunlaşıb. Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvələri olan ilk 5 imamın yolunu qəbul edən husilər Zeydi məzhəbinə mənsubdurlar. Onlar sünnilərlə nəzəri və praktiki dində mübahisə etmirlər. Lakin onların dolayısı ilə İrana yaxınlığı da danılmaz faktdır.
Böhran sünni Hadinin prezident olmasından sonra genişlənib. Onun prezidentliyə başladığı vaxtdan hökumət gücləri və şiə husiləri arasında münaqişələr, qarşıdurmalar zaman-zaman yaşanıb.
2014-cü ilin 21 sentyabr tarixində tərəflər "sülh və beynəlxalq ortaqlıq" müqaviləsi imzalayıb. Lakin dialoqun davam etməsi məsələsi müzakirə olunduğu bir vaxtda prezident Hadinin şəxsi sözçüsü Əhməd Avad bin Mübarəkin husilər tərəfindən qaçırılması ilə münaqişə yenidən qızışıb və daha pik həddə çatıb.
Hətta husilərin silah gücü ilə ölkəyə nəzarət etmək istədiyini iddia edən prezident Hadi və baş nazir Xalid Bahhah istefa etdiklərini də açıqladı. Lakin parlament istefaları qəbul etmədi.
Hazırda qarşıdurma davam edir və İran və husilərlə Səudiyyə Ərəbistanı – Hadi iqtidarı (Qərb də onların yanındadır) qarşı-qarşıyadır.
Ekspertlərə görə, ən yaxşı halda Yəməndə məzhəb davası mənfi çalarlarla davam edəcək. Ən pis halda isə Yəmən böhranı bütün bölgəni müharibəyə sürükləyə bilər.