Geosiyasi ziddiyyətlətin kökü Dünya

Geosiyasi ziddiyyətlətin kökü

"Stratfor" dünyanın hazırkı durumunu araşdırıb

Cavid

İddialı bir başlıq sadə başlanğıc tələb edir. Stabilliyin getdikcə pozulduğu dünyada baş verənləri və səbəbləri mümkün olduğu qədər açıq şəkildə aydınlaşdırmaq zəruridir. Ona görə yox ki, dünyada hal-hazırda bənzərsiz nizamsızlıq hökm sürür. Ona görə ki, bu nizamsızlıq həmişə mürəkkəb olsa da, hər dəfə fərqli forma alır. Sadə dillə desək, Avrasiyanın böyük bir hissəsində siyasi, hərbi və iqtisadi nizamsızlıq hökm sürür. Avropa və Çin hələ də 2008-ci il böhranının nəticələri ilə mübarizə aparır. Ukraynada geosiyasi böhranla üzləşən Rusiya ölkə daxilində də iqtisadi problemlərlə üz-üzədir. Siyasi cəhətdən stabilliyi pozan müharibə bütün ərəb dünyasını bürüyüb. Qərb yarımkürəsində isə vəziyyət nisbətən stabildir. Bütün bunların səbəblərini anlamaq üçün istədiyimiz qədər geriyə gedə bilərik, ancaq gəlin dünyada baş verən ən son sistemli dəyişikliklə - soyuq müharibənin başa çatması ilə başlayaq.
"Stratfor" dünyanın hazırkı durumunu araşdırıb.

Sovet İttifaqının dağılmasının əks təsirləri

Soyuq müharibə bir baxıma dondurulmuş bir münaqişə idi: Sovet İttifaqı dağıldıqdan sonra iki önəmli hadisə baş verdi. Birincisi, yeni bölgü başladı, belə ki, əvvəllər müstəqil olan dövlətlər Sovet İttifaqından azad edildi və keçmiş Sovet ölkələri arasında müstəqil dövlətlər yaradıldı. Nəticədə, Baltik və Qara dəniz arasında qeyri-stabil olma ehtimalı olan bölgə meydana gəldi. Soyuq müharibənin keçmiş Sovet İttifaqının cənub-qərb sərhədi boyu keçən və İslam dünyasını ayıran demarkasiya xətti ortadan qalxdı. Soyuq müharibə ilə fəaliyəti məhdudlaşan ölkələr birdən-birə sərbəst hərəkət etməyə başladı və I dünya müharibəsi ilə Osmanlı imperiyasının süqutundan sonra yaranan suveren dövlətlər üçün vaxtı gələndə təhlükə təşkil edə biləcək daxili qüvvələr hərəkətə keçirildi. Dərhal iki simvolik hadisə də baş verdi. 1990-cı ildə, hətta Sovet İttifaqı tam dağılmazdan əvvəl İraq Küveyti işğal etdi və Səudiyyə Ərəbistanını hədələməyə cəhd göstərdi. Bundan əvvəl isə İranla müharibəyə başlayan İraq müharibədən daha əlverişli mövqe ilə çıxmış və mükafat olaraq da Küveyti tələb etmişdi. ABŞ təkcə soyuq müharibə koalisiyasını yox, eyni zamanda keçmiş sovet blokundan və ərəb dünyasından ölkələri də İraqa qarşı səfərbər etmişdi. Gözlənilməyən nəticə isə ən azı bəzi sünnilərin diqqətini həm soyuq müharibənin sona çatması ilə yaranan imkanlara, həm də Amerikanın regional hegemon kimi oynadığı rola çəkmək oldu. Bu da 11 sentyabr hadisəsinin törədilməsinə gətirib çıxardı.
İkinci hadisə isə Yuqoslaviya ilə Serbiya-Xorvatiya-Bosniya arasında yüz minə qədər insanın həlak olması ilə nəticələnən müharibə idi. Bu müharibə köhnə qərəz və yeni qorxuların nəticəsi idi. Bu müharibə ilə yaranan bənzərsiz vəziyyətin regionun qalan hissələrinə aid edilməsi mümkün görünməsə də, əslində yeni dünya sistemini iki şəkildə xarakterizə edirdi. Birincisi, Yuqoslaviya Sovet İttifaqı ilə Qərbi Avropa arasındakı sərhədyanı bölgənin cənub hissəsində yerləşirdi. Yuqoslaviyada baş verənlər bu sərhədyanı bölgənin gələcəyi ilə bağlı suallar doğurdu, bir çoxları isə buna əhəmiyyət vermədi. İkincisi, digər amillər arasında müharibə xristianlarla müsəlmanlar arasında şərq-qərb parçalanmasında mərkəzi yer tuturdu, ən dəhşətli qətliam da bu məzmunda baş tutdu.
ABŞ və NATO Rusiyanın etirazına baxmayaraq, Serbiyaya qarşı Kosovanı müdafiəyə keçdi və nəticə etibarilə, Moskva sülhün qorunması missiyasından kənarlaşdırıldı. Rusiya zəifləyib gücdən düşdükcə Avrasiyada güclənən iki tərəf oldu. Sovet İttifaqının dağılmasından sonrakı on il və Almaniyanın birləşdirilməsi firavanlıq dövrünü başlatdı və bu dövr iki şeylə nəticələndi. Sovet İttifaqının parçalandığı il Maastrixt sazişi ilə yaradılan Avropa İttifaqı şərqə - keçmiş sovet ölkələrinə və cənuba doğru nüfuzunu artırdı. Çin isə Yaponiyanın iqtisadi möcüzəsi başa çatdıqdan sonra qlobal səviyyədə əmək haqlarının aşağı, artım sürətinin yüksək olduğu bir ölkəyə çevrildi, ixrac etdiyi mallara Avropa və Şimali Amerikada ehtiyac duyulması nəticəsində gücləndi.

Stabilliyin pozulmasının göstəriciləri

Heç şübhəsiz, problemlərin ilk göstəricisi 11 sentyabr hadisəsi oldu. Burda həlledici məsələ isə Amerikanın hücumu idi. "Səhrada tufan" əməliyyatının qoyduğu izlə elə fərz edilirdi ki, Amerika öz gücü ilə istədiyi vaxt İslam dünyasını yenidən formalaşdıra bilər. Bütün qüvvələrin sərhədi var, lakin Amerikanın qüvvəsinin sərhədləri 2000-ci illərə qədər görünmürdü. Həmin dövrdə başqa iki hadisə də baş verdi. Birincisi, Rusiya 2008-ci ildə Gürcüstanı işğal etməklə ən azından regional bir qüvvə kimi yenidən fəaliyyətə başladı. İkincisi isə, təbii ki, maliyyə böhranı oldu. Bu hadisələrin hər ikisi hazırkı vəziyyəti xarakterizə edir. Maliyyə böhranı Çinə öz təsirini göstərdi. Belə ki, onsuz da zəifləməyə doğru gedən Çinin ixrac etdiyi mallara tələbatın azalması ölkə iqtisadiyyatının dinamikasını dəyişdirdi. Tələbatın azalması inkişafı dayandırdı, eyni zamanda başlayan inflyasiya nəticəsində Çinin ixracatının rəqabət qabiliyyəti daha da azaldı. Bunun nəticəsində isə Çin hökuməti stabilliyin pozulmasına narahatlığı artdıqca vəziyyəti idarə etmək üçün daha çox təzyiq göstərməyə başladığından siyasi böhran başladı. Rolların dəyişməsi ilə Avropanın Rusiya istiqamətində apardığı siyasəti dəyişmək üçün təbii qaz tədarükçüsü statusundan istifadə edən Rusiya Avropanın parçalanmasından öz xeyrinə faydalandı. Rusiya artıq zəif yox, önəmli regional qüvvəyə çevrilərək təkcə Avropada yox, Yaxın Şərqdə baş verən hadisələrə təsir göstərməyə başladı. Elə bu dövrdə Rusiya ABŞ-la üz-üzə gəldi. ABŞ ixrac səviyyəsini nisbətən aşağı tutur və ixrac etdiyi malların, demək olar, yarısı Kanada və Meksikaya gedir. Ancaq Rusiya iddialarını artırdığından və xüsusilə də, Ukrayna hökumətinin devrilməsi və ardından Qərb yönümlü hökumətin qurulmasından sonra itirdiklərini geri qazanmağa çalışdığından ABŞ da Ukrayna və Avropa ilə Rusiya arasındakı sərhədyanı bölgələrə diqqəti daha da artırıb. Vaşinqtonun özünü Rusiyaya qarşılıq verməyə məcbur hiss etməsi ilə eyni vaxtda ABŞ Yaxın Şərqdə fəaliyyətini azaltmağa çalışdı. Gücünün məhdud olduğunu bilən ABŞ dörd regional qüvvə - Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İsrailin regional stabillik üçün ilkin məsuliyyət daşıdıqlarını qəbul etməyə başladı.

Oyunun hazırkı vəziyyəti

Qayıdaq müasir dünyaya. Hal-hazırda bütün dünyada ümumi iqtisadi narahatlıq var. Bu narahatlıq Çini sosial qüvvələri təzyiq yolu ilə idarə etməyə vadar edib, Avropada Yunanıstanı da keçən böhranın yaranmasına səbəb olub. Ruslar regional qüvvə statusuna çatmağa çalışsalar da, hələ buna tam nail ola bilməyiblər. Yaxın Şərqin suveren dövlətləri tükənir, dörd əsas qüvvə isə vəziyyəti nəzarət altına almaq üçün müxtəlif üsullara əl atırlar. ABŞ dünyanın aparıcı qüvvəsi olaraq qalmağa davam edir, lakin eyni zamanda soyuq müharibə dövründə istifadə etdiyi vasitələr təsirsiz hala gəlib. NATO Şərqi Avropada getdikcə daha çox qüvvə yerləşdirib təlimləri artırsa da, bu hərbi ittifaqın əhəmiyyətli dərəcədə qüvvəsi yoxdur. Beynəlxalq Valyuta Fondu isə bir çox hallarda iqtisadi çətinliklərin həlli olmaq əvəzinə elə problemi özü yaradıb. ABŞ Avropa və Çində iqtisadi problemlərə qarışmamağa çalışıb. Ancaq həyata keçmə ehtimalı nə qədər uzaq olsa da, Avropada bir hegemon yaranmasından qorxan ABŞ yenə də Rusiya ilə bağlı məsələlərdə daha çox özünü göstərməyə başlayır. Sistemli şəkildə gedən hər müharibədən sonra belə bir illuziya yaranır ki, qələbə qazanan koalisiya vahidliyini saxlayacaq və mübarizə apardığı kimi effektiv şəkildə idarəni davam etdirəcək. Birinci dünya müharibəsindən sonra ABŞ istisna olmaqla, müttəfiqlər Millətlər Liqasını yaratdı. İkinci dünya müharibəsindən sonra isə BMT təsis edildi. Soyuq müharibə başa çatdıqdan sonra BMT, NATO, BVF, Dünya Bankı və digər çoxmillətli təşkilatların qlobal sistemi idarə edə biləcəyi düşünülürdü. Hər bir halda müharibədən sonra yaranan şəraiti idarə etmək üçün müharibə vaxtı yaradılan ittifaq strukturlarından istifadə etməyə çalışan qalib qüvvələr uğursuz oldular, çünki onları bir-birinə bağlayan amil, yəni düşmən artıq mövcüd deyildi. Ona görə də, təşkilatlar getdikcə gücsüzləşdilər və birlik illuziyası yox oldu. Beləliklə, Sovet İttifaqının dağılması soyuq müharibə dövründə yaradılan təşkilatların idarə edə bilmədiyi prosesləri hərəkətə keçirdi. Belə bir nəticəyə gəlirik ki, soyuq müharibə gizli qalan reallıqların ortaya çıxmasını gecikdirdi və 1990-cı illərin firavanlıq dövrü Avrasiyada yaranan məhdudiyyətləri gizlətdi.