Poroşenko iqtidarının 1 ili Dünya

Poroşenko iqtidarının 1 ili

Hakimiyyətinin ilk ilində uğursuzluq zolağından çıxa bilməyən Ukrayna prezidentinə ümidlər hələ ölməyib

Cavid

Pyotr Poroşenkonun 25 may 2014-cü ildə 54 faiz səslə Ukrayna prezidenti seçilməsindən bir il ötür. O, bir illik vaxt ərzində konkret addımlar atmağı bacarsa da, verdiyi vədləri həyata keçirə bildimi? Suala aydınlıq gətirməyə çalışaq.
Mübahisəli bir şəkildə prezidentlikdən qovulan Viktor Yanukoviçin kreslosuna oturan Poroşenko xidmətinin ilk ilindəcə ölkənin şərqində müharibə və iqtisadi böhran kimi çıxılmaz vəziyyətlə üzləşdi. Poroşenko seçki kampaniyası zamanı vəzifəyə gəldikdən sonrakı ilk aylarda Krımı geri qaytarılacağını və Donbasdakı qarşıdurmaları sürətli şəkildə sona çatdırıb ölkənin ərazi bütövlüyünün təmin ediləcəyini dedi.
Ukrayna ordusunun Ali Baş Komandanı olan Poroşenko ilk mərhələdə Donbası güc yolu ilə geri almağa çalışdı. Hətta açıq müharibə yolu ilə də olsa, ölkənin ərazi bütövlüyünün təmin etməyə cəhd etdi. Avqust-sentyabr aylarında öz ölkəsində faktiki müharibə aparan Poroşenko 6 minə yaxın itki verdi. 2 milyona yaxın əhali isə öz yurdundan oldu.
Ancaq Rusiyanın açıq şəkildə müharibəyə girməsi və Ukrayna əsgərlərinin küncə sıxışması onu müzakirə masasına oturmağa vadar etdi. 2014-cü ilin sentyabrında Minskdə toplanan ATƏT Ukrayna və Rusiya böhranını siyasi yolla həllini nəzərdə tutan bir razılaşma imzaladı. 12 fevralda Minskdə imzalanan atəşkəs razılaşmasına baxmayaraq, bu günə kimi hər iki tərəfdən insanlar həyatını itirməyə davam edir.
Kiyev rəhbərliyi Minsk razılaşmasında imzaladığı "Donetsk və Luqanska yüksək səviyyəli muxtariyyət vermə" maddəsini hələ də yerinə yetirməyib. Dondurulan maaşlar, qazın qiymətinin 280 faiz artması Ukraynada iqtisadi məkanı iflic edib. Ölkə maliyyə və büdcə mövzusunda böyük çətinliklər yaşayır.
Ukrayna qrivnasında 30 faizlik devalvasiya, işsizlik nisbətinin artması, iflasdan xilas olmaq üçün BVF-dən alınan milyonlarla dollar Poroşenkonun passivinə yazılır. 2015-ci ilin sonunadək təbii qaz qiymətlərinin 280 faiz, istilik qiymətlərinin isə 66 faiz nisbətində artırılması ilə hədələnən Poroşenko iqtidarının daha gərgin bir dönəmə girdiyi şübhəsizdir.
Mütəxəssislərin fikrincə, nəhəng artım dərəcələri ucbatından Ukrayna xalqı maaşlarının az qala yarısını kommunal xidmətlərə ödəyəcək.
Poroşenkonun bəlkə də reallaşdırdığı tək vəd ordunun gücləndirilməsidir. Poroşenko 2020-ci ilə qədər müdafiə xərclərinin ÜDM ilə nisbətdə 1 faizdən 5 faizə çatdırılacağını açıqlayıb. Ukrayna ordusunda xidmət edən əsgərlərin sayı da 130 mindən 232 minə qaldırılıb.
Əsgər sayındakı bu artım səfərbərlik elanları sayəsində sürətlə reallaşdırıldı. İl ərzində 3 səfərbərlik dalğası da daxil olmaqla ordudakı əsgər sayının 250 minə çatdırılması planlaşdırılır. Bundan başqa, Kiyevdə ordu üçün xərclər 27,6 milyard grivnaya (təxminən 1,3 milyard dollar) yüksəldi.
Hakimiyyətinin ilk ilində uğursuzluq zolağından çıxa bilməyən Poroşenkoya ümidlər ölməyib. Hər nə qədər olsa da, o, Poroşenko hakimiyyətinin ilk vaxtlarında daxili islahatlara başlayıb. Təəssüf ki, islahatlar müharibə səbəbindən yarımçıq saxlanılıb.
Bundan başqa, Ukrayna Poroşenkoya qədər heç vaxt Avropa ilə bu qədər yaxınlaşmamışdı.
49 yaşlı liderin uğurları sırasına hakimiyyətin pay bölgüsündə humanistliyi də əlavə etmək lazımdır. O, xarici vətəndaşlara nazir postunu həvalə etməklə idarəçiliyin yeni texnologiyasını yazmış oldu. Daxili idarəçilikdə koalisiyaya qatılmayan partiyaların regionlarda təmsil olunması, onlara etimad göstərilərək yerli hakim vəzifələrin verilməsi Poroşenko siyasətinin bəsit olmadığının göstəricisidir.
2014-cü ilin sentyabrında Ukrayna və AB arasında əhatəli ortaqlıq razılaşması imzalandı. Ancaq anlaşmanın sərbəst ticarəti təşkil edən əsas hissəsi 2016-ci ilə qədər təxirə salındı. Kiyev rəhbərliyinin AB ilə bağlı xəyalları elə bu razılaşma ilə də dəfn olundu.
Bir ildən sonra Qərb və Kiyev arasında bəzi mövzularda soyuqluq yaşandığı da müşahidə edilir. Ölkə mətbuatının təbirincə desək, Kiyev rəhbərliyinin Donbas böhranının həlli üçün imzaladığı Mink razılaşmasındakı maddələri geçikdirməsi Qərbi bərk narahat edir. Bu vəziyyət mayın 22-də Riqada keçirilən Şərq tərəfdaşlığı zirvəsində də özünü bir daha göstərdi. Zirvədə AB ilə viza razılaşması imzalamağa çalışan Ukraynanın planları alt-üst oldu. Brüssel bir sıra səbəb gətirərək Kiyevin hələ buna hazır olmadığını bəyan etdi.