Balakəndə narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər həbs olunub - VİDEO Hadisə

Balakəndə narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfər həbs olunub - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkumlar Arif Muradov və Akif Musayev tutulub. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat nəticəsində isə rayon sakinləri əvvəllər məhkum olunmuş Mehman Emçiyev və Fərid Müftəliyev saxlanılıb. Onların üzərinə baxış keçirilərkən M.Emçiyevdən heroin, F.Müftəliyevdən isə külli miqdarda psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanıb.

Faktlarla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.