
"Fənni-sərfü nəhvi-türki" kitabı cap olunub
Vahid Adilov və Rəxşanə Babazadənin Mirzə Məhəmməd Əfşar "Fənni-sərfü nəhvi-türki" (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti) kitabı (Bakı, "Elm və Təhsil", 2015, 260 səh.) işıq üzü görüb. Kitabın redaktorları AMEA-nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Tofiq Hacıyev, professor Kamandar Şərifli, professor Sevil Mehdiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Reyhan Mədətovadır.
Monoqrafiyada XIX əsr Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri olan M.Əfşarın "Fənni-sərfü nəhvi-türki" əsərinin ərəb əlifbasından müasir əlifbaya transliterasiyası verilib, eyni dövrə aid dilçilik əsərləri ilə müqayisələr əsasında hazırlanmış qrammatik oçerk, habelə izahlı dilçilik terminləri və çətin anlaşılan ərəb və fars mənşəli sözlərin lüğəti mətnə əlavə edilib. Müəlliflər əsərin nəşrinin dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı olacağına əmindirlər.
Kitabın girişində vurğulanır: "Azərbaycan dilçiliyi tarixində Mirzə Məhəmməd Əfşarın "Fənni-sərfü nəhvi-türki" əsəri xüsusi yer tutur. "Fənni-sərfü nəhvi-türki" əsərinin yazıldığı tarixi dəqiq müəyyənləşdirmək mümkün olmasa da, müqəddiməsindəki izahlardan onun təxminən XIX əsrin II yarısında ̶ Mirzə Kazım bəyin "Грамматика турецко-татарского языка" (1839) və Mirzə Əbülhəsən Vəzirovun "Учебник татарско-аzербайджанского наречия" (1861) əsərlərindən sonra və Nəriman Nərimanovun "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" (1899) əsərindən əvvəl yazıldığı məlum olur. Nəstəliq xətti ilə yazılmış 90 əlyazma səhifəsindən ibarət olan əsər indiyə kimi nəşr edilməyib, ən yaxşı halda bir neçə tədqiqat işində əsərin
müqəddiməsindən, nitq hissələrinin təsnifat prinsiplərindən və dilçilik terminlərindən qısaca məlumat verilməklə kifayətlənilib. "Fənni-sərfü nəhvi-türki" əsəri quruluşuna görə müqəddimə (giriş), iki böyük hissə və hər hissə üzrə bir neçə fəsildən, nəticə xarakterli "Qüyudi-mübin" (aydınlaşdırıcı qeydlər) adlı hissələrdən ibarətdir. Bu hissələrdə Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik quruluşları ayrı-ayrılıqda tədqiq olunub, öz dövrünə görə yenilik sayıla bilən bir sıra orijinal elmi müddəalar irəli sürülüb. Azərbaycan dilçiliyi tarixindəki əhəmiyyətinə, eləcə də yazılı tarixi abidə kimi ədəbi dilimizin elmi üslubunun formalaşmasındakı roluna görə bu əsərin ərəb əlifbasından latın qrafikalı Azərbaycan
əlifbasına transliterasiya edilməsi və onun dilçiliyimiz tarixindəki yerinin müəyyənləşdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub".
Tədqiqat işi ön söz, qrammatik oçerk, mətnin transliterasiyası, izahlı dilçilik terminləri lüğəti, ərəb və fars mənşəli sözlər lüğəti hissələrindən ibarətdir. Araşdırıcılara mətnin orijinalı ilə müqayisələr aparmaq imkanı yaratmaq üçün sonda əsərin fotosurəti verilmişdir. Girişdə M. Əfşarın "Fənni-sərfü nəhvi-türki" əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Azərbaycan dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Azərbaycan dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyalarının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir: "
"Qrammatik oçerk" bölməsində əsərin Azərbaycan dilçiliyi tarxində yeri müəyyənləşdirilir, müxtəlif dövrlərdə bu əsərə müraciət etmiş dilçi-alimlərin fikirlərinə münasibət bildirilir, əsərin quruluşu və hissələri haqqında yığcam məlumat verilir. Burada həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılıb, bu kateqoriyaların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılıb, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilib. Müqayisələr aparılarkən təkcə Azərbaycan dilçiliyinin faktları ilə kifayətlənilməyib, yeri gəldikcə ümumi dilçilik tarixinə aid nəzəriyyə və konsepsiyalara da müraciət edilərək, əsərə tarixi-müqayisəli metod prizmasından qiymət verilib.
Dilçilik tariximizdə ilk dəfə olaraq M.Əfşarın "Fənni-sərfü nəhvi-türki" əsərinin müasir əlifbaya transliterasiya edilmiş tam mətni verilib, əsərdən istifadə edəcək oxucuların işini asanlaşdırmaq üçün izahlı dilçilik terminləri və ərəb-fars mənşəli sözlərin lüğəti də mətnə əlavə edilib".
Müəlliflər yazırlar ki, dünyanın ən qədim inkişaf tarixinə malik zəngin dillərindən biri olan Azərbaycan dilinin bugünkü yüksək struktur-qrammatik və zehni-intellektual səviyyəyə çatmasında bir çox amillər mühüm rol oynayıb. Bu amillər sırasında yazılı ədəbi dilin formalaşması və bunun vasitəsilə bir dövrdə qazanılmış ədəbi dil vərdişlərinin və təcrübəsinin sonrakı dövrlərdə təkmilləşdirilərək davam etdirilməsi, Azərbaycan dilində əsərlər yazan qüdrətli söz sənətkarlarının yetişməsi və onların ədəbi-bədii dilə gətirdiyi yeniliklər, dilin cəmiyyət həyatının müxtəlif sahələrində tətbiqi və bununla əlaqədar ədəbi dilin üslubi cəhətdən diferensiallaşması, ana dilində tədris-təhsil ocaqlarının yaranması və burada uşaq yaşlarından dil daşıyıcılarına ana dilimizin qayda-qanunlarının öyrədilməsi, Azərbaycan dilinin normativ leksik-qrammatik quruluşunun təsvirini verən dil dərsliklərinin yazılması və s. göstərmək olar. Azərbaycan dilinin inkişafına təsir edən bu amillərin hər birinin öz rolu və tarixi missiyası var. Göstərilən cəhətlər içərisində Azərbaycanda təhsil sisteminin formalaşması və ana dilinə aid dərsliklərin meydana gəlməsi də müəyyən əhəmiyyət daşıyır.
Azərbaycan dilinin tədrisi qədim tarixə malikdir. Eramızın III əsrindən başlayaraq Azərbaycanda ilkin savad təlimi verən ayrı-ayrı məktəblər mövcud olub və belə məktəblər XIX əsrə qədər öz fəaliyyətini davam etdirib. Həmin təhsil ocaqlarında bir sıra elmi və bədii əlyazmalardan dərslik qismində (təlim materialı kimi) istifadə olunub. Orta əsrlərdə mədrəsələr sistemi geniş yayılıb, bu təhsil müəssisələrində kiçik yaşlardan uşaqlara yazı və oxu vərdişləri aşılanıb, gələcəkdə müxtəlif sahələr üzrə dünya miqyaslı elmi uğurlara imza atan görkəmli Azərbaycan alimlərinin bir çoxu bu mədrəsələrdə yetişiblər. Mədrəsələrdə dini elmlərin, Qurani-Kərimin öyrədilməsi əsas yer tutsa da, ana dilinin tədrisinə də müəyyən dərəcədə diqqət verilib. Ana dilində tədrisin vacibliyi öz növbəsində ərəb-fars dillərinin qrammatik quruluşuna aid Azərbaycan dilində dərsliklərin yazılmasına təkan verib. Orta əsrlərdə mədrəsə təhsil sisteminin bir çox hallarda sxolastik xarakter daşımasına, tədrisin əzbərləmə üsulu əsasında aparılmasına baxmayaraq, dövrün qabaqcıl müəllimləri və ziyalıları ərəb və fars dillərinin tədrisinin ana dili ilə paralel aparılması zərurətini aydın başa düşürdülər. Məhz bu zərurətin nəticəsində ana dilində dərsliklər yaranmağa başlayırdı. Bilavasitə ana dilində yazılan dərsliklərin tarixi XVII əsrdən başlanır. XVII əsrin sonlarında, xüsusən XVIII əsrdə mədrəsələrdə, məktəblərdə ərəb və fars dillərinin tədrisi ilə əlaqədar azərbaycanca bir sıra tədris vəsaiti yazılıb.
Dövrün tələbinə uyğun olaraq belə əsərlər əlyazma halında meydana çıxır, üzü köçürülərək onlardan mədrəsələrdə dərs vəsaiti kimi istifadə olunurdu. Bu əsərlərdə təhkiyə əsasən sual-cavab şəklində qurulurdu. Ayrı-ayrı mövzuların şərhinin sual-cavab şəklində verilməsi ənənəsi Azərbaycan dilində yazılmış dərsliklərdə XX əsrin əvvəllərinə qədər davam edib. 1784-cü ildə yazılmış ərəb dilinin nəhvinə aid azərbaycanca dərslik də məhz sual-cavab şəklində qurulub. Dərslikdə verilən bir sıra dilçilik terminlərindən (isim, feil, zərf, sifət, fail, məful, məfuli-beh, müzaf, xəbər, mübtəda, cümlə, cümleyi-ismiyyə və s.) sonrakı dövrlərdə bilavasitə Azərbaycan dilinə aid əsərlərdə də istifadə olunub. Məsələn: "Məfuli-bih. O da neçə qismdir? İki: məfuli-bihi-sərih, məfuli-bihi-qeyri-sərih"; "Xəbər neçə qismdir? İki qismdir: ya müfrəd olur, ya cəm. Cəm cümlədə neçə qismdir? Dörd: cümleyi-feiliyyə, cümleyi-ismiyyə, cümleyi-şərtiyyə, cümleyi-zərfiyyə". Azərbaycan dilinə aid müasir tipli dərsliklər yalnız XIX əsrdə yazılmağa başlanıb.
XIX əsrin ilk yarısında Şimali Azərbaycanın rus qoşunları tərəfindən işğalı və Azərbaycanın ikiyə bölünməsi təhsil sistemində də müəyyən dəyişikliklərə səbəb oldu. Azərbaycanın görkəmli maarifçilərindən biri olan A.Bakıxanovun vətənə, xalqa xidmət etmək, xalq maarifini inkişaf etdirmək, ikidilli dünyəvi məktəb yaratmaq məqsədilə 1832-ci il fevralın 20-də tərtib etdiyi "Müsəlman məktəblərinin təsis edilməsi layihəsi" Zaqafqaziyadakı çarizm nümayəndələri tərəfindən laqeyd qarşılanmışdı. Yalnız 15 il sonra Zaqafqaziyanın bir sıra iri şəhərlərində "müsəlman məktəbləri" təsis etmək işində ilk addımlar atıldı. 1847-ci il dekabrın 12-də Qafqazda ilk dəfə Tiflis şiə məktəbinin təntənəli açılışı oldu. Bu məktəbin nümunəsində 1849-cu il yanvarın 15-də Tiflis sünni məktəbi də yaradıldı.
Zaqafqaziyada canişinlik yaradılması ilə əlaqədar olaraq 1848-ci ildə Qafqaz Tədris Dairəsi təşkil edildi. Azərbaycanda ilk müsəlman məktəbi 1849-cu il aprelin 10-da Gəncədə açıldı. Bunun ardınca Şuşada, Şamaxıda, Bakıda, 1850-ci ildə Şəkidə, Salyanda və Lənkəranda, 1853-cü ildə Zaqatalada da müsəlman məktəbləri fəaliyyətə başladı. Həmin məktəblərdə şagirdlər birinci sinifdə ərəb əlifbasını öyrənmək və "Quran" oxumaqla yanaşı, Azərbaycan dilinin qrammatikası ilə də tanış olurdular".
Müəlliflər bildirirlər ki, çar hökuməti əhalini idarə etmək işində çətinlik çəkirdi. Çətinliklərdən ən mühümü çar məmurlarının yerli dili (Azərbaycan dilini) bilməmələri idi: "Buna görə də tərcüməçilər hazırlamaq məqsədilə bir çox mərkəzi şəhərlərdə məktəblər açılıb ruslara Azərbaycan dilinin tədris edilməsinə, lüğətlər və dərs kitabları yazılmasına başlanır. Azərbaycan dili tədris planına daxil edildikdən və məktəblərdə öyrədilməyə başlandıqdan sonra qarşıya həmin fənn üzrə dərslik tərtib etmək məsələsi çıxır. O vaxtlar dövlət məktəblərində ruslara Azərbaycan dilini tədris etmək üçün münasib dərsliklər yox idi. XIX əsrin ortalarına doğru Azərbaycan dilinin tədrisi sahəsində elmi-pedaqoji tələblərə cavab verən yeni dərsliklər meydana gəldi. Son tədqiqatlar nəticəsində müəyyən edilib ki, Azərbaycan dilində ilk "Əlifba" və "Oxu" kitabı 1839-cu ildə Tiflisdə çap edilib. Hər iki kitabın müəllifi Zaqafqaziya məktəblər direktoru vəzifəsini icra edən N.Dementyevdir. Fonetik tədris üsulu ilə tərtib edilmiş bu dərslikdən Zaqafqaziyada, o cümlədən Azərbaycandakı dövlət məktəblərində istifadə edilib".
Uğur