Arzuya bax... Hadisə

Arzuya bax...

Arzu Şirinova

Artıq üzücü və yorucu tətildən qayıtmışıq. Bir həftədən də uzun çəkən Hovruz bayramında hökutin verdiyi istirahət günlərini deyirəm. Əgər buna istirahət demək olarsa...Mənim aləmimdə ən yaxşı istirahət sevdiyin işlə məşğul olmaq, təbiətin qoynuna gedib şəhərin cansıxıcı aləmindən uzaq ruhunu dincəltməkdir. Deyəsən yazacağım mövzudan yayındım. Bu günlər ərzində müşahidə elədiyim məqamları sizinlə bölüşmək istəyirəm. Bayramda hamı kimi biz də qonaq qəbul elədik, qonaq getdik. Bir-birimizə ən böyük arzumuz bilirsiniz nə oldu-"Allah canımızı sağ, könlümüzü şad eləsin". Bir dəfə də olsun dilimiz açılmadı deyək ki, "o gün olsun növbəti bayramları işğal altındakı torpaqlarımızda keçirək". Axı deyirlər ki, bu əziz bayramda nələri arzu eləsən həmin arzun çin olur. Sanki heç torpaqlarımız işğal olunmayıb. Sanki evimizdən, elimizdən didərgin düşməmişik. Sanki bağçalarda bir-birimizlə üz-göz olaraq yaşayan biz deyilik. Və yaxud 22 il bundan əvvəl tamamlanmamış binalara-o binalara ki, neçə illər kirayələrdə qalaraq həsrətlə tikilməsini gözləyənlər vardı-zorla girib yaşayan biz deyilik.
Əslində mənim də "o gün olsun növbəti bayramları işğal altındakı torpaqlarımızda keçirək" ifadəsindən acığım gəlir. Çünki illərdir hələ də gerçəkləşməyən bu sözləri o qədər eşitmişik ki, az qala qulağımız mazol olub. Ancaq buna baxmayaraq yenə də həmin sözü eşitmək istədim. Əsasən də evini-eşiyini itirən, bütün varı-dövləti əlindən çıxan, atasının, anasının qəbri erməni tapdağı altında qalan məcburi köçkünlərdən...
...Qohumlardan birinin nişan mərasimində yurd yerlərini xatırladan şer oxundu. İnsafən şer çox təsirliydi. Ancaq məcburi köçkünlərin bu şer deyəsən ürəklərincə olmadı. Deyindilər. Bu şad gündə "keflərinə soğan doğrandığını" zənn elədilər. Şerdən sonra şıdrığı mahnı sifarəş eləyib, o ki var oynadılar. Bu da bəs deyilmiş kimi "Yanıq Kərəmi"ni çaldırdılar. İnanırsınız ki, ürəyim bulandı. Qınamayan, söz eləməyən olmasaydı durub məclisi tərk edərdim. Hövsələmi basıb oturdum...
...Şahidi olduğum deyək ki, kiçik bir nəslin düşüncəsidir. Bəs ümumilikdə televiziyalarda niyə itirilən torpaqlarımız unuduldu? Hansı televiziya kanalını açırdımsa eyni arzunu eşidirdim-"canımız sağ, könlümüz şad olsun", "Allah bizə pis gün göstərməsin", "ruzimiz bol, bərəkətli olsun" və s. bu kimi arzular. Televiziyaların ən bərkgedən mövzusu da repçi Hüseyn Dəryanın ölümü və bu ölüm ətrafında düzənlənən iyrənc şou idi. Sanki göstəriş almışdılar ki, itirilən torpaqlar xatırlanmasın. Ermənilər tərəfindən məcburən qovulduğumuz bilinməsin. Tanıdığım, məddah çıxışlarıyla fərqlənən, gələn gündən körpələr evinə sığınan birisinə Sumqayıtın Dünya televiziyası bayram arzularını yurddaşlarıyla bölüşmək fürsəti verdi. Fikirləşdim ki, bəlkə bu adam fürsətdən yararlanıb çoxlarımızın ürəyincə olan arzusunu bildirər. Ancaq olmadı. Hövbəti məddah və əttökən çıxışını yapdı:"Ölkəmiz gündən-günə çiçəklənir. Heftiylə zəngin ölkəmizdə bu il bələdiyyə seçkiləri keçiriləcək. Bu məni bir məcburi köçkün kimi sevindirir. Biz ermənilərə göstərəcəyik ki, seçkiləri necə keçirmək lazımdır".
Beləcə, bu bayram günlərində səslənən arzular sırasında sıravi vətəndaşlar tərəfindən Qarabağın adı belə çəkilmədi.