Din: bütöv bir elmi sistem kimi Hadisə

Din: bütöv bir elmi sistem kimi

Din insanların həyat tərzini nizamlayan sosial-iqtisadi, hüquqi-etik, mədəni-əxlaq qaydalarını əhatə edən bütöv bir elmi sistemdir. Ən yüksək mənəvi dəyərləri özündə birləşdirən müqəddəs İslam dinimiz insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır, hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır.

Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün müəyyən mərhələsində meydana gələn sosial, tarixi hadisə olan islam dini ümumbəşəri dəyərləri özündə ehtiva etdiyi, insanları sülhə, əmin-amanlığa, həmrəyliyə, kamilliyə, düzgünlüyə çağırdığı üçün xalqımızın mental baxışları ilə uzlaşaraq milli-mənəvi özünüdərkimizin mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Xalqımız həmişə Uca Tanrıya tapınmış, qəlbində iman və inam gəzdirmişdir. Zaman-zaman Azərbaycanda yetişən İslam alimləri – üləmalar xalqı dindən uzaqlaşmağa qoymamış, sərt inzibati amirlik metodlarının tüğyan etdiyi bir dövrdə belə İslami dəyərlərin təbliğ olunmasına ciddi-cəhdlə əməl etmişlər. Hacı Molla Əhməd məhz belə din xadimlərimizdən olmuşdur.

Hacı Molla Əhməd Cəlal oğlu Qasımov 1921-ci ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Uşaqlıq və gənclik illəri doğma kəndində keçmişdir. İlk İslami təhsili yerli din xadimlərindən alıb. Ötən əsin 60-cı illərindən Biləsuvar rayonunun Zəhmətabad (keçmiş Puşkin rayonunun Abazovka/Novomixaylovka kəndi) kəndinə köçmüşdür. Sovetlər dönəminin dinə qarşı kəskin, sərt mövqeyinə baxmayaraq əsl mücahid olaraq (mücahid - (ərəbcə) - din uğrunda, müqəddəs iş uğrunda mübariz, müqəddəs müharibənin, cihadın iştirakçısı deməkdir. Ad bütün müsəlman Şərqində və başqa ölkələrdə işlədilən termindir. Sosial, milli azadlıq hərəkatlarında, habelə dini hərəkatlarda iştirak edən şəxslərə mücahid deyilir) çəkinmədən, qorxmadan İslami dəyərlərin təbliği ilə məşğul olmuşdur. İllərin sərt sınaqlarından üzüağ çıxaraq ən keşməkeşli, çətin anlarda belə, insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dəyərlərdən, o cümlədən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. Çətinliklərə, məhrumiyyətlərə baxmayaraq mənəvi dəyərlərimizə, İslama sadiq olmuş, quruluşun heç bir qadağası bunu onun qəlbimizdən çıxara bilməmişdir. Müqəddəs etiqada, yüksək daxili inam və ruhi saflığa tapınan Hacı Molla Əhməd Axundun uzun illər ərzində İslami dəyərlərə sadiq müsəlman olaraq tanınması da məhz bu həqiqətin bariz təcəssümü olmuşdur.

Məlumdur ki, Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir. Fəqət məqsədyönlü addımlar, repressiyalar, şüurlu şəkildə insanlarımızı öz inanclarından, adət-ənənələrindən uzaqlaşdırmaq, mental baxışlarında dəyişikliyə edilən cəhdlər məhz Molla Əhməd kimi din xadimlərimizin sayəsində səmərəsiz qalmışdır. Sovet imperiyası xalqımızı tarixi keçmişindən, dini və milli mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, məhz belə din xadimlərimizin sayəsində buna əsla nail ola bilməmişdir. Xalqımız bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç kim bunların məhv edilməsinə nail ola bilməmişdir. Milli ruhumuzun tapdalandığı illərdə Ulu Yaradana inamını itirməyən xalqımız İslamı yaşatmış, gələcək nəsillərə ötürmüş, yaddaşlardan silinməsinə imkan verməmişdir. Çünki islami dəyərlərə sadiqlik bizim daxilimizdən gələn bir hissdir. Beləcə sərt təqiblərə baxmayaraq Molla Əhməd Axund həm də geniş şəkildə İslami tədrislə məşğul olmuş, dini təbliğatçılar yetişdirmişdir. Dəfələrlə incidilsə də, sərt xəbərdarlıq edilsə də, mövqeyindən dönməmiş, sədaqətlə Allaha ibadətini yerinə yetirmişldir.

Adı hər bir kəsə nümunə olan, islami elmləri incəliklərinə qədər dərindən bilən, onu saflığı, paklığıyla bizlərə yadigar qoyan Hacı Molla Əhməd Cəlal oğlu nadir din xadimlərindən biri idi. Nəslindən-nəcabətindən gələn paklıq, halallıq, nur, şüa kimi nurlu simasından, üz-gözündən İlahi nur tökülər, olduğu məclisləri işığa, nura, arılığa, duruluğa qərq edərdi. Fenomen yaddaşı var idi Axundun. Avazı şirin, qısa, lakonik, dərin, mənalı, məzmunlu söhbətləri, dini-mənəvi dəyərlərimizi təbliğ edən şirin mükalimələri, böyük nəsihətləri, xeyir-duaları, ən başlıcası, yüksək mədəniyyəti ilə hamını heyran qoyurdu Molla Əhməd Cəlal oğlu. Aydın, rəvan nitq gözəlliyindən, sadəliyindən, dosta etibarından, əliaçıqlığından, gözü-könlü toxluğundan, Vətənə, yaxın-uzaq hamıya, dininə, imanına, etiqadına böyük sevgisindən bu gün də hamı hörmətlə, ehtiramla danışır, xatirəsini yad edirlər.

Həm İslam dünyası, həm də çevrədaxili insanlar üçün insanlıq xəzinəsi,insanlıq nümunəsi, səxavət meyarı, alicənablıq zirvəsiydi Molla Əhməd Axund. Onunla həmsöhbət olan adam təpədən-dırnağacan işığa, nura qərq olur, dünyaya bağlanırdı. Bəşər üçün, insanlıq üçün yaxşılıq, xeyirxahlıq körpüsüydü O. Çətinliyə, dara düşən neçə-neçə insanlar bu körpüdən keçib qüruba yox, dan üzünə, aydınlığa yol almışdılar.Axundun böyüklüyü həm də sadəliyində, saflığında, evinin, ocağının el üzünə açıq olmasında idi. Yaşadığı bölgədə elə bir adam tapılmazdı ki, çətinliyə, dara düşəndə Hacıya müraciət eləməsin. Müraciət edənlərin demək olar ki, hamısına kömək edib, doğru yol göstərib Hacı.Səfərə çıxanlar, orduya gedənlər, xeyir iş edənlər ziyarətinə gələr, Hacının xeyir-duasını alardılar.

Amalı xeyirxahlıq, yaxşılıq idi Hacının. İslam dininin ən böyük təbliğatçılarından biri olmaqla yanaşı böyük yurdsevər idi. O hər bir vətən övladını, xüsusilə də gəncləri, Azərbaycanın suyuna, çörəyinə layiq olmağa, Vətənə, yurda bağlılığa çağırardı həmişə. Onunla həmsöhbət olmağın, onun nəsihətamiz kəlamlarına qulaq asmağın və onu dinləməyin xüsusi bir ləzzəti var idi. Apardığı məclislərdə auditoriya Hacının moizələrinə o qədər diqqət kəsilərdi ki, xırdaca bir xışıltı belə eşidilməzdi məclisdə. İnsan onu dinlədikcə ruhu paklaşır, qəlbi aram tapır, daxilində bir rahatlıq yaranırdı. Çöhrəsindəki ilahi nur, onun Əhli-Beyt davamçılarından olduğunu göstərən əlamət kimi insanı cəlb edirdi.

Görkəmli din xadimi, xatirəsi Onu tanıyanların qəlbində həmişə əziz olan , heç zaman unudulmayan Hacı Molla Əhməd Cəlal oğlu Qasımov 29 iyul 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində vəfat edib. Biləsuvar rayonunun Zəhmətabad kənd qəbristanlığındakı sadə bir qəbir daşı ilə üzəri götürülən məzarı müqəddəs yerə, insanların ziyarət etdiyi məkana çevrilib. Baxmayaraq ki, artıq Axund səkkiz ildir aramızda yoxdur, bu gün onu tanıyanların hamısının yaddaşında xətri həmişə əziz tutulan, heç zaman unutmadığımız, qəlbimizdə, könlümüzdə,unudulmaz xatirələrimizdə o, işıqlı, nurlu siması, hamımıza məlhəm olan Tanrı duaları, qulağımızdan getməyən sirli-sehirli səsi, avazıyla qalıb. Hacı Molla Əhməd Cəlal oğlu Qasımovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Malik Balaşov: tarixçi, publisist