AMEA Şərqşünaslıq institutu ilə Misir-Rusiya mədəniyyət və elm fondu arasında əməkdaşlığın əsası qoyulur Hadisə

AMEA Şərqşünaslıq institutu ilə Misir-Rusiya mədəniyyət və elm fondu arasında əməkdaşlığın əsası qoyulur

Azərbaycan şərqşünaslarının əsərləri tək ölkəmizdə deyil, sərhədlərimizdən çox-çox uzaqlarda da böyük maraq doğurur. Bu günlərdə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyavanın ünvanına Qahirədən – Misir-Rusiya Mədəniyyət və Elm Fondunun sədri, "Advanced Press Hause" nəşr evinin baş direktoru Hüseyn əl-Şafidən gələn məktub da buna bir bariz nümunədir. Misirdə 2006-cı ildən fəaliyyət göstərən və mütəmadi olaraq ərəb və rus dillərində kitablar çap etdirən fondun rəhbəri Hüseyn əl-Şafi Misirdı elmi və ziyalı dairələrin professor Gövhər Baxşəliyevanın "Taufiq əl-Həkimin ədəbi görüşləri" kitabına böyük maraq olduğunu bildirir. Üç il öncə rus dilində çap olunmuş bu kitab XX əsrin görkəmli Misir yazıçısı, dramaturqu, publisisti və mütəfəkkiri, müasir ərəb ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş Taufiq əl-Həkimin ədəbi görüşlərinin tədqiqinə həsr olunub. O, ərəb novellası janrında realizmin əsasını qoyanlardan olub, məişət, satirik, yumoristik, fəlsəfi və hətta elmi-fantastik əsərlərin müəllifidir. Taufiq əl-Həkim alovlu publisist və ədəbi tənqid sahəsində də ciddi əsərlərin müəllifidir. Lakin onun yaradıcılığında əsas yeri dramaturgiya tutur. Kitabda Taufiq əl-Həkimin ədəbi görüşlərinə həsr olunmuş tədqiqat işindən əlavə yazıçının yaradıcılığından bir sıra nümunələrin tərcüməsi təqdim olunur. Hüseyn əl-Şafi "Taufiq əl-Həkimin ədəbi görüşləri" əsərini çap etdirərək Misirdə yaymaq istədiklərini bildirib. Bundan başqa Misir-Rusiya Mədəniyyət və Elm Fondunun sədri AMEA Şərqşünaslıq İnstitutunda nəşr olunmuş ərəbşünalığa dair digər tədqiqat əsərlərini və ərəb dilindən rus dilinə tərcümə olunmuş əsərləri də nəşr etdirərək Misir ictimaiyyətinə çatdırmaq niyyətindədir. Hüseyn əl-Şafi məktubunda təşkilatlar arasında əməkdaşlığın əsasını qoymaq və birgə məhsuldar fəaliyyət göstərmək niyyətini də bildirib. Yaxın vaxtlarda AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Misir-Rusiya Mədəniyyət və Elm Fondu arasında əməkdaşlığa dair sazişin imzalanması gözlənilir.