Soyuq hava kənd təsərrüfatına ziyan vuracaq Hadisə

Soyuq hava kənd təsərrüfatına ziyan vuracaq

Fermer Sahil Əliyev: "Çörəyimiz torpaqdan çıxır"
Murtuzəli Hacıyev: "Havanın kəskin dəyişməsinin kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir"

Son günlər respublika ərazisində havanın qeyri-sabit keçməsi, yağan qarın, şaxtanın, güclü küləklərin çiçəklənmə dövründə olan meyvə ağaclarına təsirsiz ötüşməyəcəyini göstərir. Belə hava şəraiti ağacların vegetasiya dövrünün ləngiməsinə səbəbdir ki, bu da məhsuldarlığın aşağı düşməsi ilə nəticələnəcək. Mütəxəssislərin qənaətincə, intensiv yağıntıların və dolunun düşməsi kənd təsərrüfatı bitkilərinin əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər.
Fermer Sahil Əliyev bildirir ki, qar yağanda bəzi ağaclar artıq tumurcuqlamışdı. Fermer qardan sonra həmin ağacların donacağı və bütün çəçəklərini töküləcəyindən qorxur: "Biz torpaq adamıyıq. Gözümüzü torpağa dikmişik və çörəyimiz ondan çıxır. İndi havanın bizimlə qorxulu zarafatı gələcəyimizi təhlükə altına atır. Ümidimiz ancaq Allaha qalıb. Ehtiyat edirik ki, bu il məhsullarımız az və keyfiyyətsiz olsun".
Ekspertlər havanın tez-tez dəyişməsini xeyirli əlamət saymırlar. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirir ki, havanın kəskin şəkildə aşağı düşməsi kənd təsərrüfatında müəyyən problemlər yaradacaq. Onun sözlərinə görə, bu hal mütləq bitkilərin fizioloji durumuna təsirsiz ötüşməyəcək. Ekspert bunu kənd təsərrüfatının bir çox sahələrinə aid edir: "Nəzərə almaq lazımdır ki, bəzi bitkilərin çiçəklənmə dövrü başlayıb. Bəzilərində bu yekunlaşmaq üzrə idi, digərlərində isə çiçəklənmə başlayırdı". Ekspertin fikrincə, əgər bundan sonra da havanın tempraturu aşağı olarsa, daha da ciddi fəsadlar yaranacaq: "Allah eləməmiş yenə qar yağarsa, bu kənd təsərrüfatının faciəsi ola bilər. Lakin bu dəfəki qarın meyvə istehsalına necə təsir etdiyini bundan sonra aparılacaq müşahidələrdən sonra biləcəyik".
Lakin Kənd Təsərrüfatı Nazirliyində vəziyyətin elə də ciddi olmadığını bildirirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin məlumatına görə, qarın yağması fermerlərin işinə həm müsbət, həm də mənfi təsir edib: "Kənd təsərrüfatı riskli bir sahədir. Yəni hava, iqlim şəraitindən sığortalanmayıb. Son dövrlər havanın kəskin dəyişməsi, soyuq hava kütləsinin ölkəyə daxil olması kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir. Bu hal taxılçılığa müsbət təsir edir. Çünki qarın yağması torpaqda münbitliyi, nəmi artırır. Bu da taxıl bitkilərinin inkişafına müsbət təsir edir".
Murtuzəli Hacıyev deyir ki, tərəvəz məhsulları adətən aprelin ikinci ongünlüyündə sahələrə köçürülməyə başlanır. Xüsusən də pomidor, xiyar və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayacaq. Bu baxımdan bostan bitkilərinin inkişafına müsbət təsir edəcək. Lakin qarın gözlənilmədən, isti havalardan sonra yağması meyvəçiliyə mənfi təsir edir. Murtuzəli Hacıyevin sözlərinə görə, erkən çiçəkləyən ağaclar, xüsusən də çəyirdəkli meyvələrin; ərik, alça, badam və s. yetişməsinə ziyandır. Murtuzəli Hacıyev fermerlərə belə hallarda bəzi ehtiyat tədbirlərinin görülməsini məsləhət bilir: "Fermerlər əlavə aqrotexniki tədbirlər həyata keçirməklə məhsulu bərpa edə bilərlər. Xüsusən də meyvəçiliklə məşğul olan fermerlərə məsləhət görərdik ki, şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görsünlər. Torpağa kompleks gübrələr verilsin. Torpaq yaxşıca bellənsin. Bir də, şaxta vuran budaqları kəsməklə don vuran tumurcuqları bərpa etmək olar. Bununla da, məhsuldarlığı müəyyən dərəcədə saxlamaq mümkündür".
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev bildirir ki, hava şəraitinin kəskin dəyişməsi şimal bölgəsinin, xüsusilə Quba-Qusar rayonları və Xacmazın nisbətən yuxarı hissələrində, eləcə də İsmayıllı-Şamaxı bölgəsində çəyirdəkli meyvələrin ağaclarının məhsuldarlığına mənfi təsir edəcək. Baş aqronomun sözlərinə görə, qarlı hava şəraitinin müşahidə edilməsi bütün bölgələrdə ağacların məhsuldarlığına eyni cür təsir göstərməyəcək. Çünki yalnız qarın yağması ağacların məhsuldarlığına təsir edə bilməz. Ancaq əgər hava şaxtalı olubsa, temperatur 0 dərəcədən aşağı enibsə və temperaturun mənfi olması uzun müddət davam edərsə, bu, ağacların, xüsusilə çəyirdəkli meyvələrin məhsuldarlığına mənfi təsir edəcək. Asif Mehrəliyevin dediyinə görə, erkən çiçəkləyən çəyirdəkli meyvələrin - şaftalı, ərik, gilas, albalı, gilanar, badam ağaclarının çiçək açdığı ərazilərdə şaxtalı hava şəraitinin sutkadan artıq davam etməsi onların məhsuldarlığına təsir edəcək: "Amma bunun digər bitkilərə elə bir təsiri olmayacaq. Çünki soyuq hava şəraiti yalnız çiçəklərə təsir edə bilər, yarpaqlara və cavan zoğlara təsir etmir".
Asif Mehrəliyev bildirib ki, ağacların hava şəraitinin təsirindən ziyan çəkəcəyini söyləmək olsa da, bu zərərin miqdarını indidən demək olmaz. Ötən illərdə də yaz aylarında şaxtalı hava şəraitinin ağaclara təsir etdiyini xatırladan baş aqronom əlavə edib ki, 2004-2005-ci illərdə də şaxtalı hava şəraiti çiçək açmış ağaclara mənfi təsir göstərib. Həmin illərdə şaxta Şəki-Zaqatala bölgəsində qoz ağaclarının məhsuldarlığına mənfi təsir etmişdi, yeni əmələ gəlmiş cavan zoğların hamısını şaxta vurmuşdu. 2008-ci ildə isə Quba-Xacmaz bölgəsində yaz şaxtaları yeni çiçəklənən ağacların məhsuldarlığını azaltmışdı. Ötən il də həmin bölgələrdə çəyirdəkli meyvə bitkiləri çox az olmuşdu.
Aqrar mütəxəssis, biologiya elmləri namizədi Kazım Hüseynovun bildirdiyinə görə, temperaturun aşağı düşməsi əvvəlki illərdə də müşahidə edilib və belə dəyişkənlik kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsinə səbəb olub.
Dəniz səviyyəsindən 200-700 metr hündürlükdə olan ərazilər var ki, orda ağaclar hələ təzə çiçəkləməyə başlayır. O ərazilərdə də şaxtalar bitkilərin çiçəklərini məhv edə bilər. Müsahibin bildirdiyinə görə, çəyirdəkli meyvə bitkiləri şaxtalardan əziyyət çəksə də, tumlu meyvə bitkilərindən alma, armud və digərləri tumurcuq əmələ gətirmə mərhələsində olduğuna görə qarlı şəraitdən qurtula biləcəklər. Tərəvəz və dənli bitkilərə gəlincə Kazım Hüseynov deyir ki, bu hava şəraiti taxılüçün təhlükəli ola bilməz. Çünki qar həm də örtük əmələ gətirir. Gecə saatlarında torpaqdan buxarlanan istilik bitkilərin don vurmasının qarşısını alır. Tərəvəz bitkiləri var ki, müəyyən inkişaf mərhələsindədir, yarpaqlar müəyyən qədər formalaşıb. Bu hava onlar üçün də təhlükəli deyil. Belə havalar yalnız cücərmə dövründə olan tərəvəz bitkiləri üçün təhlükəli ola bilər. Gecə don düşərsə, bu bitkilərin cücərtilərinin məhv olma ehtimalı böyükdür.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, yağışların aylıq normadan çox yağması nəinki bitkinin özünə, torpağa da böyük ziyan vurur. Suyun səviyyəsinin artması torpaqda süxur sularının qalxmasına səbəb olur. Bu da şoranlaşmaya gətirib çıxarır. Digər tərəfdən, təbiətin şıltaqlığı aqrotexniki qaydaların vaxtlı-vaxtında aparılmasına imkan vermir. Yaxşı məhsul o vaxt əldə olunur ki, aqrotexniki qaydalara əməl edilməsi mümkün olsun. Bütün bunlar onu deməyə əsas verir ki, bu il məhsuldarlığın aşağı düşməsi qaçılmazdır.
Vahid Məhərrəmovun bildirdiyinə görə, yağışlardan ən çox ziyan çəkən çəyirdəkli meyvələrin məhsuldarlığının azalması qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Azərbaycanda 9 iqlim şəraiti mövcud olduğundan hava şəraitinin də bölgələrə təsiri müxtəlifdir. Belə çıxır ki, çiçəkləmə, mayalanma dövrü başa çatan bölgələrdə meyvə bitkilərinə ciddi təsir olmayacaq. İntensiv yağışların çiçəklənmə-mayalanma dövrünə təsadüf etdiyi ərazilərdə isə meyvəçilikdə problem yaranacaq, məhsuldarlıq aşağı düşəcək. Ekspertin bildirdiyinə görə, kənd təsərrüfatının inkişafnda onsuz da problemlər çoxdur və Azərbaycan yetişdirdiyi məhsulun həcminə görə, Avropa ölkələrindən geridə qalır.
Vahid Məhərrəmovun bildirdiyinə görə, bəzi qaydalara əməl olunacağı təqdirdə kənd təsərrüfatında müsbət nəticələr əldə etmək olar: "Bir sıra aqrotexniki qaydalar var ki, onlara əməl olunarsa, kənd təsərrüfatında, bitkiçilikdə daha yaxşı nəticələr əldə etmək olur. Bu qaydalar elmi əsaslandırılaraq uzun müddət təcrübədən keçirdikdən sonra tətbiq edilir və bitkinin normal inkişafı üçün həyata keçirilir. Məsələn, hansısa sahədə meyvə ağaclarını xəstəlikdən, zərərvericilərdən qorumaq üçün xəstəlik aşkarlanan ağaclar, yəni xəstəlik mənbələri neytrallaşdırmalıdır. Bundan başqa ağacların budanaraq formaya salınması vacib məsələlərdəndir. Bunu da mütləq həyata keçirmək lazımdır. Eyni zamanda torpaqda vaxtında yemləmə işləri aparılmalıdır. Ona azot gübrəsi, fosfor, kalium və s. kompleks şəkildə verilməlidir ki, torpaq qidalansın və bitki sağlam yetişsin. Bundan başqa, suvarmanın vaxtı-vaxtında aparılması mühüm amillərdəndir. Yəni, bitkinin suya olan tələbatı vaxtında və lazımi qədər ödənməlidir. Bu kimi tədbirlər bitkinin bütün dövrlərində, yəni keçdiyi 10 inkişaf mərhələsində də görülməlidir".
Ekspert fermerlərin aqrotexniki qaydalara əməl etməmələrini həm onların məlumatsızlığı, həm də maliyyə vəsaitlərinin azlığı ilə əlaqələndirdi: "Bu gün ölkəmizdə belə tədbirlərin həyata keçirilməməsinin səbəbi odur ki, bizim fermerlərimizin əksəriyyəti məlumatsızdırlar. Bilmirlər ki, qabaqlayıcı tədbirləri nə vaxt görmək lazımdır, profilaktik tədbirləri necə həyata keçirmək olar, hər hansı fövqəladə hadisə baş verən zaman bitki zərər görməsin deyə hansı işlər görülməlidir və s. Bizim əksər fermerlər bu məsələlərdə təcrübəsizdirlər. Bir tərəfdən də bəzilərinin buna maliyyə imkanı yoxdur. Bu gün gübrələrin alınması, tətbiqi və s. üçün əkəriyyətinin maliyyə vəsaiti yoxdur. Beləliklə, həm vəsaitin, həm də yerlərdə mütəxəssislərin olmaması problemlərin qaynağıdır. Ümumiyyətlə, bu sahədə görüləcək çox işlər var ki, onlar həyata keçirilmir. Mövcud problemlər də bundan qaynaqlanır".

Ülviyyə Tahiqızı