Fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi yüksəlib Hadisə

Fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi yüksəlib

Ölkə üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 64,5 faizə yüksəlib. "Azərsu" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə "Azərsu" ASC tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib.
Hesabat dövründə ASC-nin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib. Dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulub, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılıb. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.

Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir su təmizləyici qurğu tikilərək istismara verilib, şəhərdaxili su təchizatı sistemlərinin 85 faizinin inşası başa çatıb. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Təmizləyici qurğudan Yevlax şəhərinə çəkiləcək magistral kəmərin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır. Mingəçevir şəhərində tullantı sularının idarə olunması məqsədilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilib və bununla da Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.
Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xanbulançay dəryaçasının yaxınlığında sutkalıq məhsuldarlığı 30 min kubmetr olan təmizləyici qurğuda işlər tam yekunlaşıb, Lənkəran şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsi təmin edilib. Yeni qurğudan Astara şəhəri və 27 kəndin su təchizatına hesablanmış magistral kəmərin inşası 2016-cı ildə başa çatdırılacaq.
Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Açıq Kommunal İnfrastruktur Proqramı II" çərçivəsində Gəncə şəhərinin əsas su mənbələri olan Göygöl və Qızılqayada suqəbuledici qurğularının və magistral kəmərlərin inşası yekunlaşıb, şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin bir hissəsində paylayıcı şəbəkə yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. 2016-cı ildə Gəncə şəhərinin digər hissəsində və Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılacaq.
Ümumilikdə, Dövlət Proqramı çərçivəsində "Azərsu" ASC tərəfindən regionlarda 2014-2015-ci illərdə 1380 kilometr magistral və şəbəkə su xətləri, 490 kilometr kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 su təmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda 16 subartezian quyusu qazılıb, 61 min ədəd smart tipli sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində 226 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, rayon mərkəzlərində fasiləsiz su ilə təmin olunanların sayı 625 minə çatdırılıb. Bununla da bölgələr üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 41,2 faizə, ölkə üzrə isə 64,5 faizə yüksəlib.