“Kadr islahatları davam edəcək” Hadisə

“Kadr islahatları davam edəcək”

"Ölkə prezidentinin göstərişi belədir ki, ixtisara düşən insanlar işsiz qalmamalıdırlar"
"Kadr islahatları davam edəcək. Ayrı-ayrı sahələrin özəlləşməsi, dövlət müəssisələrinin birləşdirilməsi davam edəcək, kadr islahatları aparılacaq".
Bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzovun sözlərinə görə, ölkə prezidentinin göstərişi belədir ki, ixtisara düşən insanlar işsiz qalmamalıdırlar: "Bu istiqamətdə ciddi addımlar atılır".
YAP rəsmisi müxalifət partiyalarının hökumətə anti-böhran proqramları təqdim etməsini də şərh edib: "Hər bir partiyanın, o cümlədən müxalifət partiyalarının işi alternativ təkliflər verməkdir. Müxalifət elə söyüş söyməklə məşğul olası deyil ki... Onlar təkliflər verməlidirlər, yəni hökumət hansısa nöqsanları görmürsə, müxalifət təklif verməklə dəstək olmalıdır".
S.Novruzov bildirib ki, verilən təkliflərin hər biri nəzərdən keçirilir. Deputat eyni zamanda müxalifətlə dialoqun davam etdiriləcəyini də bildirib: "Bu məsələlər müzakirə olunur. YAP-da bu işlə partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Əli Həsənov məşğul olur. Yəqin ki, dialoq olacaq".
Fəaliyyət göstərməyən və formal illik maliyyə hesabatı təqdim edən partiyalarla bağlı da danışan deputat deyib ki, bununla bağlı qanun layihəsi hazırlanır: "Hazırlandıqdan sonra Milli Məclisə təqdim olunacaq. Təkliflərimiz də qanun layihəsində əksini tapacaq. Azərbaycan qanunvericiliyində siyasi partiyaların hesabat vermələri əksini tapıb. Amma hesabat vermədiyi təqdirdə atılacaq addım qeyd olunmayıb. Bu məsələnin üzərində işləyirik. Hesabatlarını ağ kağız təqdim edən partiyalarda onlarla insan çalışır. Bu insanlar vergiyə cəlb olunmalıdır. Onlarla bağlı hüquqi ölçü götürülməlidir".