Bakıda çoxmərtəbəli bina sökülür Hadisə

Bakıda çoxmərtəbəli bina sökülür

Yasamal rayonu ərazisində, Mirzağa Əliyev 150/152 ünvanında yerləşən bina təcili olaraq sökülür.
Sakinlərə 1 həftə ərzində mənzillərini tərk etməkləri barədə vaxt verilib. Səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilib.
Problem təkcə bu və bina sakinlərinə verilən vaxtın azlığında deyil. Problem həm də sökülən binada məcburi köçkünlərin məskunlaşmasıdır.
"Biz qaçqınıq, qoy Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi gəlib bizi yerləşdirsin. Bina qəzalıdırsa, qoy komitə irəli dursun. Qaçqınlar pis vəziyyətdə qalıb. Mənim evim cəmi 13 kvadratmetrdir, hara çıxım? Bizə evləri boşalmağa 1 həftə vaxt veriblər" - deyən bina sakini verilən kompensasiyaya ev almağın mümkün olmadığını deyir: "21 min pul verirlər. 21 minə mənə getsin ev alsın, aparsın məni evlə təmin eləsin, ondan sonra çıxım. Harada görünüb ki, qaçqına pul versinlər? Pul vermirlər, ev verirlər. Burada yerli azdır. Qızım kirayə qalır. Bir evdə 4-5 nəfər yaşayır. Hamısı bir yerdə. Verilən pulun məbləğindən narazılıq".
Digər sakin də sökülən evlərinin əvəzində kompensasiya deyil, ev istəyir: "Heç bir yerdə görülməyib ki, məcburi köçkün köçürüləndə onun məskunlaşdığı yer kvadratmetrlə ölçülüb pul verilsin. 17 kvadrat metrdə 3 ailə məskunlaşıb. Çox ağır şəraitdə yaşayır. Biz məcburi köçkünlərin tələbimiz odur ki, bizi köçürdürlərsə ya evlə təmin etsinlər ya da pul vermək istəyirlərsə, hər ailəyə tərkibinə görə elə bir pul verilsin ki, biz də gedib ev ala bilək".
Söküləcək binada 116 məcburi köçkün ailəsi məskunlaşıb. Burada onlardan başqa 8 yerli ailə yaşayır. Sakinlərdən Aytən Mirəliyeva deyir ki, onlar bu binada 23 ildir yaşayırlar. Binanın qəzalı vəziyyətdə olduğu hələ o zaman da məlum imiş: "Rəhmətlik Heydər Əliyev demişdi ki, bu ev hamısı boşaldılmışdı, məcburi köçkünləri bu evə yerləşdirməyin, çünki bu ev qəzalıdır. Bəs İcra Hakimiyyəti onda harada idi? İndi gəlib bizə bir həftə vaxt veriblər. Hamının evində balası, anası, xəstəsi, mən Azərbaycanın bayrağını qaldıran tənha qadın. Təkbaşına uşaq böyüdürəm".
Aytən Mirəliyeva "Sovetski" məhəlləsi sökülən zaman sakinlərə köçmək üçün 3 ay vaxt verildiyini xatırladıb: "Sovetski" məhəlləsinin sakinlərinə 3 ay vaxt verilmişdi. Bir həftəyə bu devalvasiya dövründə camaat necə köçə bilər? Heç kim işindən qala bilməz, indiki dövrdə heç kəs işini itirmək istəmir. Bu bir həftə ərzində millət işləsin, evinə çörək gətirsin, yoxsa iş axtarsın? Həm də 13 kvadratmetrin puluna mən nə ev tapacağam? Dünən bütün maklerlərə zəng eləmişəm, ev tapa bilmirəm".
Sakinlər deyir ki, onlara bir həftəyə evdən çıxmaq tələbini Mənzil-İstismar İdarəsinin əməkdaşları çatdırıblar: "Nə bir müqavilə bağlanıb, nə səlahiyyətli nümayəndə gəlib, nə də gəlib qapını döyüb deyən yoxdur ki, budur sənin sərəncamın. Biz sənəd görməmişik. Bu evin yerində nə tikiləcək, kim tikəcək? Burada MİS daha çox rol oynadı. MİS əməkdaşları və icra nümayəndələri gəldilər, ölçdülər, biçdilər. Ölçmə də düz olmadı. Damdan dama ölçülməli idi. Mən dedim, dedilər yox, içəridən ölçülmədir".
Sakinlər evi sökəcək "Kristal" MMC-nin nümayəndələrinin gəlib onlarla görüşməsini də tələb edirlər.
Yasamal Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi, memar Eyvaz Bağırov binanın qəzalı vəziyyətdə olduğuna dair ilk qərarın hələ 1989-cu ildə qəbul olunduğunu deyir: "Bu bina uzun illərdir ki, qəzalı vəziyyətdədir. 1989-cu ildə İcraiyyə Komitəsinin binanın qəzalı vəziyyətdə olması və sakinlərin köçürülməsi barədə qərarı var idi. Bu qərarla əlaqədar sakinlərin bir hissəsi bu binadan köçürülmüşdü. Sonradan məlum hadisələrlə əlaqədar bu proses dayandırıldı və bizim soydaşlarımız, məcburi köçkünlər Bakıya gələrkən bu bina zəbt olundu və məcburi köçkünlər burada məskunlaşdılar. Hal-hazırda həmin binada 24 mənzildə məcburi köçkün ailələri yaşayır. Qalan 18 mənzildə isə yerli sakinlər yaşayır. Dəfələrlə bu binanın qəzalı vəziyyətdə olması haqqında məsələ qalxıb. 2011-ci ildə səlahiyyətli mütəxəssislər bura baxış keçirib və FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi texniki rəyi təsdiqləyib".
Eyvaz Bağırov baş nazirin müavini Abid Şərifovun bu binaya şəxsən baxış keçirdiyini deyib: "Yaranmış vəziyyətlə əlaqədar keçən həftə baş nazirin müavini Abid Şərifov özü bu binaya baxış keçirmiş və baxış keçirdikdən sonra Yasamal İcra Hakimiyyətinə göstəriş gəlib. Aidiyyatı qurumlara da göstəriş verilib ki, həmin bina hasarlanmalı və təcili olaraq sakinlər bu binadan köçürülməlidir. Bu tədbir ilk növbədə həmin sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Bildirişdə vaxtın göstərilməsi bununla əlaqədardır. Kimin imkanı varsa, daha tez köçə bilərsə, tez köçməsi məsləhətdir. Müvəqqəti haradasa kirayə qalmaq olar, sonra istədikləri bir evi ala bilərlər. Bu məsələnin ciddi olduğunu və təcili tədbirlər görülməsi tələb olunduğu nəzərə alaraq hətta məcburi köçkün ailələrinə də kompensasiya verilməsi nəzərdə tutulub".
İcra hakimiyyətinin nümayəndəsi mənzil sahiblərinə hər kvadratmetrə 1500 manat məbləğində kompensasiya təklif olunduğunu deyib. Eyvaz Bağırov bildirir ki, devalvasiyadan sonra mənzil satışında qiymət artımı olmayıb, əksinə, qiymətlər manatla xeyli ucuzlaşıb: "Hər kvadratmetrə 1500 manat ödənilirsə, sakinlərin daha ucuz qiymətə daha artıq sahəsi olan mənzil almaq imkanları var. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə ayrı-ayrı vaxtlarda müraciət olunub, bildirilib ki, qəzalı vəziyyətdə olan binada məcburi köçkünlər yaşayır, onların yeni salınmış qəsəbələrə, yaxud binalara köçürülməsi təmin olunmalıdır, amma bu məsələlər öz həllini tapmayıb. Ona görə də biz bu variantı seçərək məsələni kompensasiya ödəmək yolu ilə həll etmək istəyirik".
Məsələyə münasibət bildirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov qeyd edib ki, sözügedən ünvanda yaşayan məcburi köçkünlərin siyahısı Yasamal Rayon İcra Hakimiyyətinə təqdim olunub: "Hazırda Komitənin balansında boş mənzil yoxdur. Buna görə, də biz onları mənzillə təmin edə bilmirik". SİTATIN SONU Orada yaşayan məcburi köçkünlərin kompensasiya məsələsinə gəlincə, Elçin Qədimov bildirib ki, təmsil etdiyi qurum kompensasiya ödəyən tərəf deyil. Bununla bilavasitə Yasamal Rayon İcra Hakimiyyəti məşğuldur.